Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında önəmli platforma

post-img

Cənub Qaz Dəhlizi Məşvərət Şurası 10-cu dəfə Bakıda toplaşacaq

Bu il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Energetika nazirinin müşaviri Zəminə Əliyevanın bildirdiyinə görə, hazırda iclaslarda iştirak edəcək mötəbər qonaqların siyahısı dəqiqləşdi­rilir. Bununla belə, əvvəlki illərdə olduğu kimi, budəfəki tədbirdə də bir sıra ta­nınmış beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şu­rasının ötən iclasları müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxı­mından xeyli maraqlı və yaddaqalan olub. Elə iştirakçıların say tərkibinin il­dən-ilə genişlənməsi, tədbirə bir sıra yeni ölkələrin dövlət və hökumət nümayən­dələrinin qatılması da tədbirə olan bey­nəlxalq maraqdan irəli gəlir. 

Avropanın enerji xəritəsinin zəngin­ləşdirilməsinə mühüm töhfələr verən Azərbaycan müstəqil iqtisadi siyasət yü­rüdən bir ölkə kimi qlobal enerji və nəq­liyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Enerji sahə­sində Avropa İttifaqı ilə uğurlu əmək­daşlıq isə ölkəmizə olan inam və etibarı getdikcə artırır. Elə son illər bir sıra Avro­pa ölkələrinin Azərbaycandan daha çox qaz almağa can atması, eləcə də yeni alıcıların meydana çıxması da məhz bu inamdan irəli gəlir. Bunun üçün isə fəal danışıqlara, fikir mübadiləsi aparmağa daha çox ehtiyac duyulur. Bu baxımdan artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində na­zirlərin iclası xüsusi əhəmiyyət kəsb edir. Enerji sahəsində beynəlxalq əməkdaşlı­ğın Bakı platforması kimi dəyərləndirilən bu tədbir Azərbaycanın imkanlarının nü­mayişi ilə yanaşı, ötən illərdə qazanılan uğurlar, ölkəmizin Avropanın enerji xə­ritəsinin zənginləşdirilməsinə verdiyi mü­hüm töhfələr haqqında da aydın təsəvvür yaradır.

Yeri gəlmişkən, artıq onuncu dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məş­vərət Şurası çərçivəsində nazirlərin ic­lasının keçirilməsi, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında getdikcə artmaqda olan rolununun bariz nümunə­sidir. İqtisadiyyatını getdikcə şaxələn­dirərək inkişaf etdirən Azərbaycan Av­ropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, həm də alternativ enerji mənbələri hesabına tə­min etməsi işində əhəmiyyətli addım atıb.

Bu baxımdan martın 1-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu top­lantısından gözləntilər daha çoxdur. Bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçiriləcək budəfəki iclasda Avropa bazarına daha çox qaz nəql edilməsi ilə bağlı imkanla­rın nəzərdən keçiriləcəyini, bununla bağlı geniş fikir mübadiləsinin aparılacağını təxmin etmək olar. 

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi layihəsinə “Şahdəniz” yatağının ikinci iş­lənmə mərhələsi, Bakı–Gürcüstan–Tür­kiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyə­nin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İta­liyanın cənubunu birləşdirən Trans-Adri­atik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.

Azərbaycan qazının Avropaya ixracı­na 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kub­metr, 2023-cü ildə isə təxminən 12 mil­yard kubmetr təşkil edib. Hazırda Avro­pada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır. 2024-cü ildə isə Serbiya­ya qaz ixracına başlanılacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci ilin fev­ralın 4-də, doqquzuncu toplantı isə 2023-cü ilin fevralın 3-də keçirilib.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Azərbaycanda bu il də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçi­riləcək. Bu, sayca 10-cu, yəni yubiley tədbiridir. Soruşula bilər ki, bu toplantı niyə keçirilir, ümumiyyətlə, nəyə görə ənənəvi xarakter alıb? Axı, Cənub Qaz Dəhlizi 3 ildən artıqdır ki, istismardadır. Məsələ burasındadır ki, Xəzər regionu ilə Avropa qitəsi arasında enerji körpü­sü rolu oynayan bu dəhliz genişləndi­rilməlidir. Məlum olduğu kimi, artıq bu işin mərhələli şəkildə həyata keçirilmə­sinə start verilib. 

Bundan əlavə, əgər Cənub Qaz Dəhlizi 2018-ci il iyunun 30-da işə baş­layanda onun resurs bazası rolunda yalnız “Şahdəniz” qazı çıxış edirdi. Yəni bu dəhlizlə ancaq bir yatağımızdan ha­sil edilən qaz ixrac olunurdu. Yaxın 3 il ərzində genişləndirilməsi nəzərdə tutulan Cənub Qaz Dəhlizi ilə Azərbay­canın digər yataqlarının ehtiyatlarından da resurs kimi istifadə olunacaq. Məhz Avropanın enerji xəritəsinin zənginləş­dirilməsinə xidmət edən bu nəhəng qaz ixracı marşrutunun genişləndirilməsi Azərbaycanın digər qaz yataqlarının da yeni işlənmə mərhələsinə qədəm qoymasına imkan yaradacaq. 

Bu baxımdan “Abşeron” yatağı­nı misal çəkmək olar. Məlum olduğu kimi, ötən il buradan ilk qaz hasil edildi. Cari ildə isə yatağın tammiqyaslı işlən­məsi ilə bağlı yekun investisiya qərarı verilməlidir. Bundan sonra isə işlərə başlanmalıdır ku, Cənub Qaz Dəhlizi genişləndirildikdən sonra “Abşeron”un daha iri qaz həcmlərini Avropa bazarla­rına çıxarmaq mümkün olsun.

Bundan əlavə, bu il ölkəmiz COP29 konfransına ev sahibliyi edəcək. bu da təsadüfi deyil. Çünki Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyi­nin təminatında yaxından iştirak edən Azərbaycan, həm də “yaşıl keçid” plat­formasının da fəal iştirakçısına çevrilib. Artıq ölkəmizdə “yaşıl enerji” layihələri ilə bağlı mühüm layihələr də həyata ke­çirilir. 

Məlum olduğu kimi, martın ilk gü­nündə start götürən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazir­lərin 10-cu toplantısı ilə yanaşı, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası da keçiriləcək. Bu baxımdan enerji məsələlərinə həsr olunmuş mötəbər beynəlxalq görüş­dən gözləntilər çoxdur. Düşünürəm ki, budəfəki toplantı müzakirə mövzuları baxımından daha səmərəli, daha rən­garəng olacaq...

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat