Azərbaycan Türkmənistanla qaz nəqlinin artırılması ilə bağlı danışıq aparır

post-img

Türkmənistandan İran vasitəsilə Azərbaycana qaz nəqli müvəqqəti olaraq dayandırılıb. Bildirilib ki, razılıq əldə edildikdən sonra tədarüklər bərpa olunacaq.

İran mediası ölkənin Milli Qaz Şirkətinə (NIGC) istinadən xəbər verir ki, Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli sazişə əsasən, İran Türkmənistandan aldığı qazı Azərbaycana 2022-ci ilin yanvarında nəql etməyə başlayıb. Müqavilə İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək türkmən qazının nəqlini nəzərdə tuturdu.

2022-ci il iyunun əvvəlində Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İranın neft naziri Cavad Ouci arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli iki dəfə artırılmalıdır.

Rizvan FİKRƏTOĞLU
XQ

İqtisadiyyat