İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan imza” xidmətini təqdim edib.
Dövlət Vergi Xidmətinin məlumatında bildirilir ki, yeni nəsil eSİM “Asan imza”nın bir sıra üstünlükləri mövcuddur. Bu, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda, virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır.
Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM-in üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanına da malikdir.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq.
XQ

