“Ostap Benderin möhürü”

post-img

Söhbət heç də on iki stuldan birindəki brilyantları axtarıb tapmağa çalışan fırıldaqçıdan getmir

Azərbaycanın tarixin arxivinə göndərdiyi qondarma “dqr” rejiminin sonuncu separatçıbaşı “prezidenti” Samvel Şahraman­yan İrəvan küçələrində rəsmi kortej və cangüdənlərin müşa­yiəti ilə hərəkət edirmiş. Yəni, Qarabağdan köçmüş ermənilə­rin hökumətdən minimum “pa­yok” umduğu bir vaxtda fərari Şahramanyan dövlət başçılarına xas əda ilə olmayan “səlahiy­yət və imtiyazlarını” nümayiş etdirirmiş. 

Amma Xankəndinin “sonuncu pad-şah”ı çox uzağa gedə bilməyib. Er­mənistan Daxili İşlər Nazirliyinin yol polisi keçmiş separatçı-xunta rejimin səlahiyyətlərindən könüllü imtina et­miş eks-başçısı Samvel Şahramanyanı avtomobilini mühafizəçilər və kortejin müşayiəti ilə idarə etdiyinə görə saxla­yıb. Hadisə barədə ictimaiyyəti məlu­matlandıran yerli “Hraparak” qəzetinin yazdığına görə, polis Şahramanyana bildirib ki, o, qanunla kortejin müşayiə­ti ilə avtomobil idarə etmək hüququna malik deyil. Ermənistan DİN xəbəri təsdiqləyərək belə bir əlavə açıqlama verib ki, separatçılar yol hərəkəti qay­dalarını pozduqlarına görə saxlanılıb, amma, protokol tərtib edilməyib, sadə­cə, xəbərdarlıq edilib. 

Ermənistan qanunvericiliyinə əsasən, yalnız bu rəsmi şəxslərin kortejlə gəzmək hüquqa var: baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, ölkə prezidenti Vaaqn Xaçaturyan və xarici iş­lər naziri Ararat Mirzoyan.

Ləğv edilmiş xunta rejiminin sonuncu başçısının imzaladığı fərmanla 2024-cü il yanvar ayının 1-də Qarabağdakı sepa­ratçıların indi İrəvana sığınmış tör-tökün­tüləri tamamilə fəaliyyətini dayandırma­lıdır. Bu barədə qərar Bakının sentyabr ayında həyata keçirdiyi antiterror tədbir­lərindən sonra qəbul edilib.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bir neçə gün əvvəl erməni mətbuatı Xankəndidəki keçmiş separatçı-xunta rejiminin sonuncu “rəhbəri” Samvel Şah­ramanyanın, guya, qondarma qurumu buraxması barədə qərarını ləğv etdiyini yayıb. “Joğovurd” qəzeti isə Şahraman­yanın “artsax”ın buraxılması barədə qə­rarı ləğv edən yeni sənəd imzaladığını, amma hələlik həmin sənədin ictimaiyyətə açıqlanmadığı barədə yazıb.

Şahramanyanın razılaşdırılmamış “özbaşınalığına” rəsmi İrəvanın reaksiya­sı özünü çox gözlətməyib. Parlamentdə Paşinyanın başçılıq etdiyi “Mülki Müqa­vilə” partiyasının deputatı Artur Hovhan­nisyan “möhürlü, amma portfelsiz dövlət başçısının” cəfəng “qərarına” sərt reaksi­ya verib. O, ölkələrində yalnız Ermənis­tan hakimiyyət nümayəndələrinin fərman və sərəncamlar imzalama səlahiyyətində olduğunu bildirib. Onun ardınca milli as­sambleyadakı “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan məlum hadisə ilə bağlı ikibaşlı bəyanat verib: “Hökumət xırda oğru rolunu oynayaraq “artsax”­la bağlı simvola, institusional quruma bənzəyən hər şeyi məhv etmək istəyir. Bunun üçün əlindən gələni edir. Mesaj açıqdır, “artsax prezident institutu” və ya “artsax hakimiyyəti” artıq yoxdur”. 

* * * 

Abramyan haqlıdır. Ermənistan haki­miyyəti Samvel Şahramanyanın maşınını saxlamaqla “artsax artıq yoxdur” mesajı­nı verir. Amma bu mesajı verməyə İrəva­nı hansı qüvvənin təhrik etdiyini bilmirik. Sadəcə olaraq, Şahramanyanın “özbaşı­nalığına” rəsmi İrəvanın bu cür reaksiya­sından saxtakarlığın və “erməni hiyləgər­liyinin” qoxusu gəlir. Nə olursa-olsun, bu məsələ artıq onların daxildə həll etməli olduqları işdir. Kənardan görünən odur ki, “Qarabağ klanı”nın fəallaşmasının arxasında həm daxildəki revanşist-sepa­ratçılar, həm də xaricdəki “erməni təəs­sübkeşləri” dayanır. Onların əsas məqsə­dinin isə sülh prosesini pozmaq olduğu məlumdur.

Maraqlıdır ki, Şahramanyan özü “icti­mai dövriyyəyə” buraxdığı sərsəm iddiası barədə açıqlama verməyə ürək eləmir. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan parlamentinin bir çox deputatları “möhür­süz” Samvel Şahramanyanın hər hansı “fərman” vermək səlahiyyətinə malik ol­madığını sərt şəkildə ifadə edirlər. Onlar yaxşı anlayırlar ki, bu cür avantürist iddi­alar Ermənistan üçün siyasi başağrısına çevrilə bilər. 

Burada maraq doğuran digər məsələ hökumətin Qarabağdan köçən ermə­nilərə ayırdığı büdcə vəsaitinin necə xərclənməsidir. Axı rəsmi İrəvan 100 minlik köçkün ordusu üçün xaricdən də əlavə maliyyə mənbələri axtarırdı. Bu məqsədlə Fransadan, ABŞ-dan on mil­yonlarla dollar vəsaitin köçürüldüyü barə­də xəbərləri rəsmi media qurumları yay­mışdı. Bəs həmin pulların aqibəti necə oldu? Deyəsən, əsl məqsəd bu vəsaitin arxasına keçməkdir. 

İlya İlf və Yevgeni Petrovun “12 stul” əsərindəki xarizmatik fırıldaqçı, məşhur “cinayətkar qəhrəman” Ostap Bender brilyantların gizlədildiyi 12 stuldan bi­rinin axtarışına çıxır və bu axtarış çe­şidli macəralarla müşayiət olunur. Baş qəhrəman həmin stulu ələ keçirməkdən ötrü yüz oyundan çıxır, insanlara min cür kələk gəlir. Bu zaman o, stul komplektinə malik hansısa evin yiyəsi, yaxud mülkün sahibi ilə yanaşı, bütöv kütləni belə al­datmaqdan çəkinmir, hətta istəyinə nail olur. Deyəsən, Şahramanyan da Ostap Benderin “zəngin təcrübə”sindən bəh­rələnərək, hoqqabazlığın işinə yarıyaca­ğını düşünürmüş. Fəqət “brilyantaxtaran” adamyeyən Elloçkanın başını tovlayıb, adi çaydanı xəzinənin gizlədildiyi ehtimal olunan stulla dəyişdirməyi bacarmışdı­sa, bu, heç də o demək deyil ki, cibində “ölü möhür” gəzdirən Şahramanyan eyni dəlləkliyi Qarabağ ermənilərinin başında edə bilər. O, artıq “möhürünü və mürək­kəbqabını” rahatlıqla İrəvanın mərkəzi küçələrindəki zibil qutularından birinə tul­laya bilər. Amma həmin ünvana maşınsız getməyi məsləhətdir. Yoxsa, Ermənistan DİN bu dəfə onu “ictimai asayişi pozdu­ğuna görə” həbs edə bilər. 

İ.HƏSƏNQALA
XQ

Siyasət