Paşinyanın “Qarabağ və qılınc” məntiqinə Sarkisyanın reaksiyası

post-img

Yaxud xəstə erməni təxəyyülündəki sərsəmliyə sözardı

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan uzun müddətdir qoruduğu sükutu, nəhayət ki, pozdu. O, çoxdandı ölkənin baş naziri Nikol Paşinyana ittiham yağdıranların cərgəsində yer almırdı. Görünür, daha bekarçılıqdan bezib... 

Məlum olduğu kimi, N.Paşinyan, bir qayda olaraq, Qarabağdan danışanda bölgənin itirilməsinin qaçılmazlığı üzə­rində dayanır. Eyni zamanda, mövcud xüsusda özündən əvvəlki hakimiyyəti günahlandırmaq yolunu tutur. Nikol bir neçə həftə əvvəl ölkənin İctimai televizi­yasında sualları cavablandırarkən də hə­min fikirləri təkrarlaması ilə yadda qaldı. Bildirdi ki, 2016-cı ildən sonra Qarabağın əldən çıxması qaçılmaz idi. 

Paşinyan haqlıdır, amma müəyyən mənada. Məsələ burasındadır ki, Azər­baycan cəmiyyətində hər zaman Qara­bağ əzmi olub. Dövlətimiz, şəxsən Pre­zident İlham Əliyev illərlə bu əzmi diri saxlamağı bacarıb. Ulu öndər Heydər Əliyev, az qala, bütün çıxışlarında Qa­rabağa qayıdacağımızı böyük əminliklə vurğulayıb. Əlbəttə, Ermənistan hakimiy­yəti – Paşinyana qədərki Koçaryan-Sar­kisyan rejimi buna əhəmiyyətsiz yana­şıb... 

Qeyd edək ki, erməni beyin mərkəz­ləri Qarabağla bağlı, hətta, nəsillərin də­yişməsi üzərinə hesablamalar aparırdı­lar. Təxminən on, iyirmi, otuz, qırx ildən sonra bölgə, ümumən işğal olunmuş Azərbaycan əraziləri məsələsi azərbay­canlılar arasında necə qarşılanacaq? Yəni, ümid edirdilər ki, ölkəmizin gələcək nəsli Qarabağı ümumiyyətlə unudacaq. 

Paşinyan ona görə haqlıdır ki, məhz yuxarıda haqqında söz açdığımız dü­şüncəyə ən böyük zərbə 2016-cı ilin aprelində vuruldu. Aprel müharibəsində qazandığımız ciddi uğur həmin beyin mərkəzlərinin planlarını alt-üst etdi, he­sablamalarının yanlışlığını ortaya qoydu. Məlum oldu ki, Azərbaycanın gənc nəsli üçün də Qarabağ məsələsi son dərəcə aktualdır. Cənab İlham Əliyev əbəs yerə vurğulamamışdı: “Biz bu vəziyyətlə ba­rışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyət­lə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tər­biyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı baha­sına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayən­dələri iştirak ediblər, qəhrəmanlıq göstə­riblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər”

Bəli, 2016-cı ildən sonra Ermənista­nın bütün gözləntiləri, hesablamaları puç oldu. Amma, demək olmazdı ki, ölkənin o zamankı hakimiyyəti Qarabağı dinc yolla təhvil verməyi düşünürdü. Yenə də danı­şıqları imitasiya edirdi. Yeri gəlmişkən, bu mənada Paşinyan komandasının ekslər­dən “görüb-götürdüyü” bir çox cəhətlər var. Nəzərə alaq ki, 2020-ci ildən 2023-cü ilin sentyabrınadək Ermənistanın hazırkı iqtidarı status-kvonu saxlamağa çalışırdı. 

Əlqərəz,Sarkisyanın Paşinyanı Qa­rabağı, guya, bilərəkdən Azərbayca­na verməsi ilə bağlı vurğuladıqları tam cəfəngiyyatdır. Hər halda, “Qarabağ Er­mənistandır və nöqtə” bəyanatını verən Paşinyan idi, Sarkisyan belə danışa­caq qədər əbləh ola bilməzdi. Amma o, məsələn, Ermənistanın bütün dərsliklə­rində, xəritələrində Qarabağı ölkəsinin ərazisi kimi göstərmişdi. Bununla bağlı poçt markaları buraxdırmışdı. Əlqərəz, mətləbə qayıdaq.

“Düzünü desəm, bu çıxışda çoxlu yalan və saxtakarlıq gördüm. Lakin bir vacib faktı açıq şəkildə vurğulamalıyam: Ermənistanın rəhbəri Dağlıq Qarabağı bilərəkdən qurban verdiyini etiraf etdi. O, bəzi qılınclardan danışdı. Guya Dağlıq Qarabağ məsələsi Ermənistanın başının üstündə asılmış qılınc idi. Mən sadəcə, başa düşmədim ki, o, hansı qılınclardan danışır və ya onları Ermənistanın başının üstündən kim asmışdı. Dağlıq Qarabağın yekun statusu ilə bağlı beş dəfə yazılı bəyanatlar verən və məsələnin azad ira­də yolu ilə həll olunmalı olduğunu deyən həmsədrlərmi? Kimdən danışırdı? Bəlkə Azərbaycana təhvil verdiyi milyardlarla dəyərində olan pulsuz silahı Ermənista­na bağışlayan ölkə haqqında danışır?”, – deyən S.Sarkisyan hiddətini gizlətməyib. 

Paşinyanın Qarabağ məsələsinin heç bir paketdə həll edilməməsi, 2016-cı ildən sonra artıq dövlətçiliyin ləğvi məsələsinin gündəmə gətirildiyi barədə bəyanatına toxunan eks-prezident baş naziri yalan danışmaqda ittiham edib: “Yalan deyir. Biz açıq-aydın dedik ki, bütün sənədlər əlimizdədir. Heç olmasa, bildirdiklərinin ehtiva edən bir sənəd göstərsin və de­sin ki, bununla Dağlıq Qarabağ problemi bağlanmışdı. Elə sənədlər var ki, onlara əsasən Dağlıq Qarabağın yekun statusu oranın öz iradəsi ilə müəyyən edilməli idi”.

BMT-nin sənədində müvəqqəti statu­sun ləğvinin nəzərdə tutulmasının doğru olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Serj Sarkisyan belə cavab verib: “Xeyr, sizi inandırım ki, Kazandan sonra danışıqlarda əhəmiyyətli heç nə dəyiş­məyib. Hansı şəkildə ifadəsini tapmasın­dan asılı olmayaraq, Dağlıq Qarabağın yekun statusu oranın azad iradəsi ilə müəyyən edilməli idi. Dəyişikliklər gözlə­nilən idi. Lakin onlar əhəmiyyətli deyildi. Dağlıq Qarabağın öz seçkili orqanları ilə respublikanın həyatını idarə etmək imka­nı var idi”.

Bəli, Sarkisyanın söylədikləri artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi­nin həlli müstəvisində yaşanmış “böyük ədalətsizlik”lərin kiçik təsvir səhnəsi idi. Onun sözlərindəki konkret məqamlar, üzərində dayanılmalı mətləb deyil. Çünki dövlətimiz heç vaxt Qarabağın bu və ya digər dərəcədə Azərbaycandan ayrı tu­tulmasını təsdiqləyən sənədə imza atma­mışdı və atmayacaqdı da. Əsas məsələ Sarkisyanın dilə gətirdiklərindən hansı qənaətin hasil olmasıdır. Qənaət isə bu­dur ki, Sarkisyan Paşinyanı münaqişəni uzada bilməməkdə günahlandırır. Hesab edir ki, Qarabağın “seçkili hakimiyyəti” var idi və bu, artıq dünyaya göstərilmə­li olan fakt və gerçəklik, hesablaşılmalı məqam sayılırdı. Yeri gəlmişkən, Paşin­yan da bu ilin yayında “Qarabağın seçkili hakimiyyəti var” fikrini dilinə gətirmişdi. Yəni, ekslərin yolu ilə getmək istəmişdi. Ümumən, Ermənistan düz 2020-ci ildən başlayaraq, bölgəni ayrıca subyekt kimi vurğulamaq yolu tutmuşdu.

Sonda bir vacib məqamı vurğulayaq. Bəli, bildirdik ki, heç bir Ermənistan ha­kimiyyəti Qarabağı bizə xoşluqla verən deyildi və bu, tam aydındır. Əsas məqam Qarabağ məsələsinin Ermənistanın siya­si düşüncə sisteminin alt qatına yerimə­sidir. Əslində, istər, Paşinyanın özündən əvvəlkiləri ittiham etməsi, istərsə də, eks­lərin hazırkı baş naziri günahlandırmaları sağlam düşüncə kasadlığının təzahürün­dən başqa bir şey deyil. Bu tendensiya isə qorxuludur. O qədər qorxuludur ki, Ermənistanı tamamilə məhvə apara bilər. Görünür, Sarkisyan da məhv prosesini yaxınlaşdırmağa çalışanlardandır və əs­lində, bu, heç də təəccüblü deyil. Çünki məntiqlə Qarabağ amili, qonşuların tor­paqlarına qəsb üzərində qurulmuş və belə bir xətti ideologiyaya çevirmiş müa­sir Ermənistan Respublikası “hədəflə­rinə” nail olmursa, onun məhvə məhkum­luğu qaçılmazdır. Bu mənada Paşinyanın Qarabağ məsələsinin Ermənistanın başı­nın üstündə asılmış qılınc olduğunu bil­dirməsində böyük həqiqət var. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət