Qoymayın, üstümüzə kiçik Kennedi gəlir...

post-img

Yaxud balaca Robertin böyüməyəcək arzularına rekviyem əvəzi

ABŞ-da seçkiqabağı mühit di­namik olur. Bu dinamikliyə rəng qatan namizədlərdir. Onların içə­risində isə mütləq bir bambılı tapılır. Ancaq əvvəlki dövrlərlə müqayisədə hazırda bambılıların sayı bir deyil, ikidir. Birincini tanı­yırsınız. Söhbət hind əsilli Vivek Ramasvamidən gedir. 38 yaşlı Vi­vekin erməni təəssübkeşi olduğu məlumdur. Ancaq bu yazıda biz ikinci bambılıdan söz açacağıq. 

Yəqin, Kennedi soyadı hər kəsə yaxşı məlumdur. O da məlumdur ki, ABŞ pre­zidenti olmuş Con Kennedi 1968-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdi. İndi həmin Kennedinin qardaşı oğli kiçik Robert Kennedi ABŞ-ın dövlət başçısı ol­mağa iddialıdır. Roma papasından daha çox katolik olmağa da, həmçinin. Yəni, o, ermənilərin özündən də betər erməniyə çevrilməyi hədəf seçib. Bambılılıq da elə bundadır. 

Beləliklə, kiçik R.Kennedi özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, “ABŞ hökuməti beynəlxalq ictimaiyyəti Qarabağ ermənilərinin öz ata-baba yurd­larına təhlükəsiz qayıtmalarını təmin et­mək və ərazinin öz müqəddəratını təyin-etmə hüquqlarını qorumaq üçün addım­lar atmağa səfərbər etməlidir”. 

Əlbəttə, Azərbaycan cəmiyyəti üçün ABŞ prezidentliyinə namizədlərin erməni təəssübkeşliyi tanış mənzərədir. Hazırkı Prezident Cozef Baydenin də bir vaxtlar bu sayaq davrandığının şahidinə çevril­mişdik. Ancaq, bir qayda olaraq, erməni qövmündə illüziya yaradan belə fikirlər sonradan gerçəkliklə uzlaşmır və hay­larda dərin xəyal qırıqlığı yaradır. Heç şübhəsiz, R.Kennedi də prezident seçilə­cəyi təqdirdə, vəziyyət göstərdiyimiz kimi olacaq. Əsas məsələ isə bu cür məsuliy­yətsizlərin Birləşmiş Ştatlarda ali vəzifə tuta bilməsidir. Görünür, ABŞ liberalizmi özünün deqredasiya mərhələsini yaşa­maqdadır... 

R.Kennedinin, görünür, tarix bir yana, beynəlxalq hüquqdan belə anlayışı yox­dur. Xəbəri yoxdur ki, qədim Azərbaycan torpağı olan Qarabağ, həm də beynəlxalq hüquqla ölkəmizin ərazisidir və təmsil et­məyə çalışdığı ölkə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Gö­rünür, Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri onun beynini necə doldurublarsa, bu prinsiplə­ri saymazdan gəlir. Saymazdan gəlir və onların tirtajladıqları tezisləri təkrarlayır. Məsələn, bildirir ki, guya, Azərbaycan 2020-ci ildən başlayaraq, Qarabağ ermə­nilərinə qarşı amansız etnik təmizləmə siyasəti aparmaqdadır. Daha sonra isə çərənləyir ki, bu ilin sentyabrında Azər­baycan hücuma başlayıb və 120 minlik erməni əhalisini bütünlüklə qovub. Çox güman, antiterror tədbirlərinin bitdiyindən xəbərsizdir. Gələn çıxışlarında “qəhrə­man artsaxlıların” Azərbaycana qarşı hələ də mübarizə apardıqlarını, döyüş­düklərini yazsa, qətiyyən təəccüblənmə­rik. Ağzına gələni deyə, təfəkkürününün ən mücərrəd guşəsində bəslədiyi primi­tivliyi yazıya çevirə, hər cür məsuliyyətsiz bəyanat səsləndirə bilər. Axı, ABŞ prezi­dentliyinə namizəddir...

Göründüyü kimi, kiçik Kennedi məsələyə daha “sistemli” yanaşmaqda­dır. Hiss olunur ki, erməni lobbisi onu yaxşı təlimatlandırıb. Hər halda, Qaraba­ğı “ən qədim erməni ərazisi” adlandırma­sı sıradan bir deyim sayıla bilməz. Onun “sistemli” yanaşması baxımından növbəti detal erməni məsələsini İsrail–HƏMAS müharibəsindən üstün tutmasıdır. Üstün tutur və ittiham yağdırır. Sən demə, dün­ya “ermənilərin Qarabağdan qovulmala­rına” biganə münasibət bəsləyirmiş. Bu, tipik erməni avantürizminin zay məhsulu olan ifadədir. 

Ardınca R.Kennedi obrazlı desək, ba­rıtı bir qədər də artırır və təxminən belə bir fikir işlədir: Qarabağdakı etnik təmiz­ləməni boş-boş pisləmək kifayət deyil, durumu köklü şəkildə dəyişmək üçün sözdən əmələ keçmək şərtdir. “Bu, dinc sanksiyaların işə yaraya biləcəyi bir və­ziyyətdir. Birləşmiş Ştatlar bu regionda hələ də təsir rıçaqlarına malikdir və o, bu gücdən humanitar faciəni aradan qaldır­maq, regiondakı bütün xalqları səfərbər etmək üçün istifadə edə bilər”. 

Hər şey bir yana, görəsən, ABŞ regi­ondakı hansı xalqları Azərbaycana qarşı səfərbər edəcəkmiş? Bu adamın Cənubi Qafqazdan, deyəsən, heç xəbəri yoxdur və bu təfəkkür sahibi Birləşmiş Ştatların prezidenti olmağa iddialıdır. Həqiqətən, çox gülünc mənzərədir. Daha gülməli­si isə kiçik R.Kennedinin Ermənistanın dənizə çıxışının təmin edilməli olduğuna dair yazdıqlarıdır. Belə getsə, adam “də­nizdən dənizə böyük Ermənistan” qur­maqdan da söz salacaq. 

Amma hələlik bildirir ki, Amerika Tür­kiyə və Azərbaycan tərəfindən Ermənis­tanın blokadasını aradan qaldırmağın yollarını axtarmalıdır. Sən demə, dənizə çıxışı olmayan Ermənistanın qonşu ölkələrin limanlarına çıxışı olmalıdır. Ele­mentar sual yaranır: qonşu ölkələr Ermə­nistana öz limanlarından istifadə imkanı yaratmırlarsa, buna ABŞ nə edə bilər? Ümumiyyətlə, nə isə edə bilərmi? Hələ biz soruşmuruq ki, Ermənistan öz prob­lemini niyə özü həll etmir? Görünür, ona görə həll etmir ki, kiçik R.Kennedinin ABŞ prezidenti seçilməsini gözləyir. Gözləyir ki, bu şəxs Ermənistanın başının üstün­dəki “qara buludları dağıtsın”. Axı, adam əminlik yaradır: ABŞ prezidenti postuna seçilsəm, Ermənistan Respublikasının və Qarabağın bərpasına töhfə verəcəm. 

Əlbəttə, cənab Kennedi Qarabağın bərpasına töhfə verməyi çox arzulayır­sa, ona şərait yaratmaq mümkündür. Yəni, bunun üçün zəhmət çəkib ABŞ prezidenti olmağına heç bir ehtiyac yox­dur. Məsələn, gəlib Qarabağdakı tikinti briqadalarının birində palçıq qarışdıran işləyə bilər. Onsuz da bu ağılla başqa işə yaramaz. Əbəs yerə dünyanı, xü­susən də Cənubi Qafqazı qarışdırmağa çalışmasın. Qarışdırmaqdan söz düş­müşkən, R.Kennedi Ermənistana və “Qarabağın müstəqilliyinin tanınmasına” necə kömək göstərəcəyindən də yazıb. Sən demə, bunun üçün diplomatiyadan, iqtisadi rıçaqlardan, sanksiyalardan və ABŞ-ın mənəvi nüfuzundan istifadə edəcəkmiş. Mənəvi nüfuz – bu da təzə çıxdı, deyəsən. 

Amma güman edirik ki, namizədin bir sözü ermənilərin xoşuna gəlməyəcək. O, ən sonda deyir ki, Qarabağa və Ermənis­tana kömək üçün dinc vasitələrdən yarar­lanacaq. Bu boyda odlu-alovlu danış-da­nış, axırda da de ki, dinc vasitələrdən yararlanacam. Heç şübhəsiz, bu mətni oxuyan sıravi erməni avantüristi, heç nə bildirməsə də, əlini əlinə vurub bu sözü mütləq deyəcək: “Ayə, sən Allah bəsdi, boş-boş danışma!”. 

Sonda xatırladaq ki, ABŞ-da prezi­dent seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Güman edirik ki, kiçik R.Ken­nedi o zamanadək özünün erməni sev­dasının təsviri baxımından daha “funda­mental yeniliklərə” imza atacaq. Yəni, hələ vaxta var. Təkrar düşünmək, düz yola qayıtmaq üçün də həmçinin.

Əvəz RÜSTƏMOV
XQ

Siyasət