Azərbaycan beynəlxalq etimada və hörmətə layiq ölkədir

post-img

COP29-un ölkəmizdə keçirilməsi qərarı bu nüfuzun növbəti təsdiqidir

Prezident İlham Əliyev dekabrın 15-də keçirilən müşavirədəki çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib. Dövlətimizin başçısı daha sonra deyib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq”. 

Ölkə rəhbərinin müşavirədəki nitqində COP29-un indiyədək res­publikamızda keçirilən tədbirlərlə müqayisəyə gəlmədiyi, hətta Avro­pa Oyunlarından çox diqqət çəkə­cəyini diqqətə çatdırıb: “Həmin vaxt Azərbaycana 5 min idmançı və on­ları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkə­mizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

COP29 beynəlxalq konfransı­nın respublikamızda reallaşmasını şərtləndirən digər mühüm bir amil isə Prezident İlham Əliyevin müşa­virədə vurğuladığı kimi, Azərbayca­nın bu gün dünyada neft-qaz ölkə­si olmaqla bərabər, həm də “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql et­məsinin hazırda prioritet xarakterə çevrilməsi ilə bağlıdır. 

Yeri gəlmişkən, COP29-un beynəlxalq önəmi ilə bağlı bəzi məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəflərin Konfransı COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın çox sayda hökumət nümayəndəsi COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alın­ması və fəsadlarının aradan qaldı­rılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir.

1995-ci ildə Berlin şəhərində COP-un ilk toplantısı keçirilib, so­nuncu COP28 cari il Dubayda real­laşıb. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT ta­rixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilən Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyev iştirak edib.

Yeri gəlmişkən, COP-a evsahib­liyi müəyyən qayda əsasında hə­yata keçirilir. Belə ki, evsahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvləri tərəfindən bu konfransı gerçəkləşdirəcək bir ölkə­ni seçmək üçün konsensusla qərar qəbul olunur.

2024-cü il COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regi­onal qrupu üzərinə düşüb. Həmin qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Respublikamızla yanaşı, Er­mənistan və Bolqarıstan da öz na­mizədliklərini irəli sürüb. 

Xatırladaq ki, 2023-cü il dekab­rın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi ara­sında aparılmış birbaşa danışıq­ların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyindən geri çə­kilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri çəkmək qə­rarına gəlib və beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu tərəfindən Azərbaycan 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirilib. Rəsmi qərar isə dekabrın 12-də plenar iclas zamanı verilib. 

Azərbaycanın COP-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra məqamlar şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfin­dən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır. Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra ölkəmizin dünyada daha güclü döv­lət kimi tanınması da bu məsələdə önəmli rol oynayır. Dövlət başçısı­nın uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı­na müvəffəqiyyətlə sədrlik edib və Prezident İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və bu­rada da bizim sədrliyimiz 120 ölkə­nin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”.

Ölkəmizin COP-a evsahibli­yi etməsinə etimad göstərilməsini şərtləndirən amillərdən biri də res­publikamızın qlobal xarakterli mö­təbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirməsi, Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviy­yədə təşkili ilə bağlıdır. Bütün bun­larla bərabər, ölkəmizin ətraf mühitə verdiyi önəm də beynəlxalq aləmin diqqətini çəkir. Bu, statistik göstəri­cilərdən də aydın gürünür. Belə ki, Azərbaycan 1990-cı illə müqayisə­də 2030-cu ilə qədər istixana qazla­rının həcmini 35 faizə və 2050-ci ilə qədər isə 40 faiz azaltmağı qarşıya mühüm vəzifə kimi qoyur. 

Onu da bildirək ki, erməni faşiz­minin işğal dövründə xarabalığa çe­virdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin baş­çısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfa­tı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslan­maqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilə­dək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.

Beləliklə, qlobal problemlər qlo­bal həllər tələb edir. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağ­lı mühüm layihələr reallaşdırır. COP29 beynəlxalq konfransının respublikamızda gerçəkləşməsi də bu baxımdan mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat