“Masdar”ın “yaşıl enerji” layihələrimizə dəstəyi

post-img

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın təmiz enerji ilə bağlı planlarına dəstəyini davam etdirməyə hazırdır. Bu barədə şirkətin rəsmi “X” sosial şəbəkəsindəki hesabında qeyd edilib.

“Gələn il COP29-a ev sahibliyi edəcəyi üçün Azər­baycan Respublikasını təbrik edirik. 2020-ci ildən sadiq tərəfdaş kimi “Masdar” Azərbaycanın təmiz enerji ambi­siyalarını dəstəkləməkdən qürur duyur, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən ümumi enerji tutumu­nun 30 faizdən çoxunu əldə etmək üçün birlikdə çalışı­rıq”, – deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, “Masdar” şirkəti Qaradağda Xəzər re­gionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasını inşa edib. 262 milyon ABŞ dolları dəyərində sərmayə hesabına tikilən bu generasiya gücü ölkəmiz­də xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik ener­jisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Bundan əlavə, Azərbaycan hökuməti və “Masdar” şirkəti arasında ümumi gücü 1000 meqavat olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 meqa­vat, Neftçala rayonunun Bankə qəsəbəsində 315 meqa­vat gücündə günəş elektrik stansiyaları və Abşeron – Qa­radağ rayonunda 240 meqavat gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur.

XQ

İqtisadiyyat