Gənc şair-publisistin kitabı

post-img

“Zəfər yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin ən gənc üzvü Sevindik Nəsiboğlunun “Heydər Əliyev İli”nə həsr etdiyi “Ulu öndərin işığında” adlı kitabının təqdimatı keçirilib. 

Kinoşünas, fəlsəfə doktoru Zülfiyyə Eldarqızının aparıcılığı ilə keçən mərasimə elm və sənət adamları, ictimaiyyət nümayəndələri toplaşmışdı­lar. Aparıcı 10-cu sinif şagirdi olan Sevindiyin artıq 7 kitab müəllifi ol­duğunu və həmin nəşrlərdən ən sanballısının Ümummilli liderin ölməz xatirəsinə həsr edildiyini bildirdi. Filologiya elmləri doktoru, professor Asif Rüstəmli uğurlarını yaxından izlədiyi Sevindiyin yaradıcılıq əzmini yüksək dəyərləndirərək, müəllifə uğurlar arzuladı. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəlifin yeni kitabı ilə bağlı fikirlərini bildirdi və onun “Ulu Öndər yadigarı” adlı şeirini söylədi.

Digər natiqlər – yazıçı-publisist Nəzakət Əhmədova-Kərimo­va, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə Poladova, “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva və başqaları ürək sözlərini söylədilər. Gənc müəllifin ata­sı, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyev Sevindiyin söz sənətinə vurğunluğundan danışdı, onun Ulu öndə­riin irsinə böyük maraq göstərdiyini vurğuladı. 

Sevindik Nəsiboğlu kitabının Lənkəran şəhər 5 saylı tam orta məktə­bində təqdimatının keçirildiyini, nəşrin “2023 – Heydər Əliyev İli” sər­gisinin ekspozisiyasına qoyulduğunu söylədi və belə tədbirlərin onu yeni yaradıcılıq uğurlarına həvəsləndirdiyini bildirdi. 

Sevindik Nəsiboğluna Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi Gənclər Təşkilatının sədr müavinliyi vəsiqəsi təqdim olundu. Müəllif isə yeni kitabın nüsxələrini imzalayaraq oxuculara hədiyyə etdi.

Qeyd edək ki, “Ulu Öndərin işığında” kitabı Azərbaycanın Milli Ki­tabxanasına, Prezident Kitabxanasına və Bakı Kitab Mərkəzinə də təq­dim olunub. 

XQ

Sosial həyat