Ermənistanda enişli “yüksəliş”in anatomiyası

post-img

Bir ölkənin məhsulunu başqasına satmaq tərəqqidirmi?

Ermənistan hökumətinin bu ilin may ayında ölkə iqtisadiyyatının birinci rübdə 12,2 faiz artmasına dair tirajladığı yalanlara, əslində, sağlam düşünməyi bacaran heç kim inanmadı. Çünki 44 günlük müharibədə ağır məğlubiyyətə düçar olmuş və bununla ciddi düşkünlük yaşanan bir ölkənin iqtisadiyyatında belə bir yüksəlişin əldə olunması mümkün deyildi. 

Çox təəssüf ki, sapı özümüzdən olan və ölkənin rəhbər qurumlarının fəaliyyətinə yalnız qara eynəklə baxan “siyasətçi”lər Ermənistan iqtisadiyyatında baş verən bu “sıçrayışı” bayraq edib Azərbaycan hökumətinin üzərinə gəldilər. Onlar müharibədə ağır məğlubiyyətə uğramış bir ölkədə “islahatçı” baş nazir Nikol Paşinyanın necə bir inqilab etdiyinə heyranlıq göstərdilər. 

N.Paşinyanın bəyanatından sonra bir çox iqtisadçı ekspertlər bu “sıçrayışlı” inkişafın əsl səbəblərini araşdırmağa başladılar. Əslində Ermənistan iqtisadiyyatında nə baş verirdi? Bu “sürətli inkişaf” nədən və haradan qaynaqlanırdı? Biz də bu suallara cavab tapmaq, əsl həqiqəti öyrənmək məqsədilə Ermənistan Dövlət Statistika Komitəsinin rəsmi saytına daxil olub məsələnin köklərini araşdırdıq. 

Aparılan araşdırmalar konkret faktlarla sübut etdi ki, Ermənistan iqtisadiyyatında heç bir artım yoxdur və bütün bunlar ermənilərin növbəti uydurmasından başqa bir şey deyil. İlin birinci rübü üçün elan edilən bu “sıçrayışlı inkişaf”ın ağ yalan olduğunu anladıqdan sonra ermənilər bu sürəti növbəti rüblərdə “yavaşıtmaq” qərarı verdilər. Baxın, cari ilin birinci rübündə iqtisadiyyatın 12,2 faiz artdığını rəsmən bəyan edən Ermənistan rəhbərliyi və onun Dövlət Statistika Komitəsi ikinci rübdə bu “artımın sürətinin”  9,1 faizə, üçüncü rübün yekunlarına görə isə, 7,4 faizə düşdüyünü bəyan etdilər. 

Bu hesabla cari ilin yekunları üzrə Ermənistan iqtisadiyyatındakı “artım”ın gözlənilən səviyyəsi 2 faizdən çox olmayacaqdır. Sual olunur: Bir ölkənin iqtisadiyyatında birinci rübdə 12,2 faiz artım qeydə alınırsa, ortada ciddi siyasi və iqtisadi kataklizmlər olmadığı halda, bu artım ilin yekununda necə 2 faiz  səviyyəsinə düşə bilər? Paradoksdur, deyilmi? 

Gəlin indi bu “artım”ın necə baş verdiyini konkret faktlarla aydınlaşdıraq. Ermənistan iqtisadiyyatında öncə bəyan olunmuş “bum”un ilin sonlarına doğru “əriməsi” bu dövlətin artımlarla bağlı ağ yalanlarını üzə çıxardı. Birinci rüblə müqayisədə ilin yekununda iqtisadiyyatda artımın 6 dəfədən çox azalmasına (2023-cü ilin birinci rübündə 12,2 faiz, yekununda isə 2 faiz) baxmayaraq, ölkənin ixracı durmadan və böyük sürətlə artmaqdadır. Belə ki, bu ilin 10 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistan ixracının həcmi 38,5 faiz artıb. Bir ölkədən 10 ay ərzində ixrac belə böyük sürətlə artırsa, ilk baxışdan, onun iqtisadiyyatında inkişafın baş verməsi qənaətinə gəlmək mümkündür. Çünki Ermənistan ərazisindən ixracın yeganə və əsas mənbəyi yerli istehsaldır. Yerli istehsal artmalıdır ki, ixrac potensialı da bu qədər genişlənsin. Bəs, bu ölkədən ixracın belə sürətlə artımı, doğrudan da, yerli istehsalın artımı hesabına baş verir? Baxaq. Cari ilin 10 ayının yekunlarına görə, Ermənistanda sənaye məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb, aqrar sektorda isə cəmi 1,7 faiz artım qeydə alınıb. Deməli, bu ölkənin iqtisadiyyatında cari ilin əvvəlindən qeydə alınmış artımların kökündə başqa mətləblər dayanır.

Məsələyə aydınlıq gətirmək üçün son 1-2 ildə, daha doğrusu, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonrakı dövrdə Ermənistanın xaricdən idxal etdiyi və Rusiyaya göndərdiyi məhsulların dinamikasına baxmaq yetərlidir. Beləliklə, son iki ildə Ermənistanın ümumi idxalı 2,2 dəfə, ixracı isə 2,3 dəfə artıb. Bir ölkənin xarici ticarət dövriyyəsinin iki il ərzində belə sürətlə artımı qeyri-mümkündür. Bəs, Ermənistanın idxal və ixracının belə kosmik sürətlə artdığı dövrdə bu ölkədən Rusiyaya ixracın həcmi necə dəyişib? Bu kimi sualların cavabını isə aşağıdakı rəqəmlərdə tapmaq mümkündür. 

Son iki ildə Ermənistandan Rusiyaya ixracın həcmi 2021-ci illə müqayisədə 2 milyard 606,2 milyon dollar və ya 410 faiz (4,1 dəfə) artıb ki, bu da Ermənistanın 2023-cü ildə gözlənilən cəmi ixracının 49,6 faizi, yəni təqribən yarısı deməkdir. Halbuki 2021-ci ildə Ermənistandan Rusiyaya ixrac olunan məhsulların həcmi cəmi 840,7 milyon dollar təşkil edib ki, bu da ümumi ixracın 28 faizinə bərabər olub. Beləliklə, gəlinən qənaət budur ki, Ermənistan iqtisadiyyatında son iki ildə qeydə alınan “bum” yalnız xarici ticarət dövriyyəsinin artması hesabına baş verib. 

Məsələyə tam aydınlıq gətirmək üçün Ermənistanın idxal və ixracının nədən birdən-birə bu qədər böyüməsi sualını da cavablandırmaq lazımdır. Həm də bu sualın cavabı bütün qaranlıqlara aydınlıq gətirir. Ukraynaya hərbi təcavüz səbəbindən Qərbin Rusiyaya və ilk növbədə, onun  hərbi sənaye kompleksinə tətbiq etdiyi ağır sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən bu ölkənin hərbi sənaye kompleksi üçün lazım olan müxtəlif təyinatlı malların ciddi çatışmazlığını yaradıb. 

Rusiya, sadəcə, sanksiyalar məngənəsində boğulur. Bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Yəni, Ermənistan artıq iki ilə yaxındır ki, Rusiyaya lazım olan həmin məhsulları xaricdə onları istehsal edən müəssisələrdən idxal edib, sonradan isə həmin malları müxtəlif adlar altında bu ölkəyə ixrac edir. Bu yolla öz idxal və ixracını iki ilə yaxın bir vaxtda fantastik səviyyədə artıran Ermənistan bu artımları öz iqtisadiyyatının “çiçəklənməsi” kimi qələmə verərək belə bir yalanı öz əhalisinə və bütün dünyaya sırıyır. Beləliklə, növbəti peşəkar erməni yalanı, erməni həyasızlığı və oğurluğu göz qabağındadır. Bunlar tarix boyu hər şeyi oğurlayıb özününküləşdirməyə çalışdıqları kimi, indi də iqtisadiyyatları ilə manipulyasiya edərək hər kəsi aldatmağa çalışırlar.  

Son bir ildə Amerika Birləşmiş Ştatları və Avropa Birliyi Qərbin Rusiyaya yönəlik sanksiyaları davam etməsi ilə bağlı Ermənistan hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq, hələ ki, erməni həyasızlığı öz işini davam etdirir. Bir anlıq təsəvvür edək ki, Rusiyaya bu “ayı xidmətini” Azərbaycan  göstərmiş olsaydı, nə baş verərdi. Heç şübhəsiz, Qərb Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq edərdi. Ancaq bu gün Qərb, hələ ki, Ermənistanı bu məsələ ilə bağlı “xəbərdarlıq” etməklə öz vəzifəsini yerinə yetirmiş hesab edir.

Ermənistan indi də Avrasiya İqtisadi Birliyindən çıxıb Avropa Birliyinə üzv olmaqla “iqtisadi cənnət”ə düşəcəyi barəsində növbəti yalanları tirajlamaqla məşğuldur. Bu millətin mayası yalanla yoğrulub. Bunlar tarix boyu yalan danışa-danışa, hər kəsi aldadıb özlərinə yer ediblər.

Ermənistan Rusiyadan qopub Avropaya inteqrasiya etməsi üçün, ilk növbədə,  iqtisadiyyatının Rusiyadan asılılığını aradan qaldırmalıdır. Ancaq necə? Hazırda Ermənistan iqtisadiyyatı birbaşa və dolayı yolla 80 faizə qədər Rusiyanın nəzarətindədir. Bu gün Ermənistan məhsullarının əsas satış bazarı Rusiyadır. Rusiyanın hərtərəfli dəstəyindən, güzəştlərindən istifadə edərək nəfəs alan Ermənistan yüksək standartların mövcud olduğu, rəqabətin son həddə çatdığı Avropa bazarında nə edə bilər? Ermənilər, yəqin, bu bazarlarda, ancaq badımcan ikrası satmağı düşünə bilərlər. Bu gün Rusiyadan güzəştli şərtlərlə qaz, elektrik enerjisi və digər strateji məhsullar alaraq yaşayan Ermənistan sabah bunların hamısından məhrum olarsa, Avropa bazarına nə ilə çıxa bilər? 

İqtisadiyyatının sürətlə inkişaf etməsi haqqında miflər yaradaraq həm öz xalqını, həm də bütün dünyanı aldatmaqla məşğul olan Ermənistan hökuməti, heç şübhəsiz, bu uydurmaların yaratdığı eyforiya ilə növbəti yalanları tirajlamağa qərar verib. Ancaq ermənilər unudurlar ki, belə yalanlarla yalnız Avrasiya İqtisadi Birliyində qalıb fəaliyyət göstərmək mümkündür...

 

Fikrət YUSİFOV, 
iqtisad elmləri doktoru, professor

 

İqtisadiyyat