Orta Dəhliz Avrasiyanın önəmli marşrutuna çevrilir

post-img

Bu yol Qərbdə də, Şərqdə də getdikcə daha böyük maraq doğurur

Uzaq Çini Avropa İttifaqı ilə Mərkəzi Asiya, Qafqaz və Türkiyə vasitəsilə birləşdirən multimodal dəhliz olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) iştirakçı dövlətlərin, o cümlədən Azərbaycanın iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq layihədir. İqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi cəhətdən də xüsusi əhəmiyyət kəsb edən Orta Dəhliz Avrasiya regionunda son illər ən çox müzakirə olunan məslələrdəndir. Sözügedən nəqliyyat dəhlizinin işinin canlandırılması istiqmətində həyata keçirilən tədbirlər layihəyə marağı getdikcə artırır. 

Bugünlərdə Vaşinqtonda fəa­liyyət göstərən Xəzər Siyasət Mərkəzi Britaniyanın nüfuzlu beyin mərkəzi olan Strateji Araşdırmalar üzrə Beynəlxalq İnstitutla birgə Londonda Xəzər Enerji Təhlükə­sizliyi mövzusunda konfrans təşkil edib. Tədbirdə Britaniya və Xəzər hövzəsi ölkələrinin enerji təhlükə­sizliyi, regional əməkdaşlıq və son zamanlar strateji əhəmiyyəti artan Orta Dəhlizin inkişafının perspek­tivləri müzakirə olunub.

Forumda çıxış edən Britaniya Xarici İşlər Nazirliyinin nümayən­dəsi Tim Stern enerji təhlükəsizliyi, eləcə də alternativ enerjiyə keçiddə Xəzər hövzəsi ölkələrinin mühüm roluna diqqət çəkərək ölkəsinin Orta Dəhlizin inkişaf etdirilməsinə tam dəstək verdiyini bildirib.

Xəzər Siyasət Mərkəzinin di­rektoru Əfqan Nifti Xəzər hövzəsi regionunun strateji əhəmiyyəti, xü­susilə enerji təchizatının şaxələndi­rilməsindəki rolundan, Orta Dəhliz vasitəsilə enerji daşımaları sahə­sində görülən işlərdən söz açıb. Tədbirdə, həmçinin Gürcüstan, Türkiyə, Qırğızıstan və Özbəkis­tanın Britaniyadakı səfirləri, Qa­zaxıstanın bu ölkədəki səfirliyinin nümayəndəsi, britaniyalı diplo­mat Deyvid Moran, Xəzər Siyasət Mərkəzinin Məşvərətçi Şurasının üzvü Erik Rudenşold, eləcə də Bri­taniya siyasi və akademik dairələ­rindən olan mütəxəssislər çıxış edərək Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbay­canın əlaqələndirici roluna diqqət çəkiblər. 

Orta Dəhlizin perspektiv imkan­ları, onun fəaliyyətinin genişləndi­rilməsi ilə bağlı məsələlər Bakıda keçirilən SPECA BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində də əsas müza­kirə mövzularından olub. Məsələn, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Ticarət üzrə İşçi Qrupunun 18-ci iclasın­da Orta Dəhlizin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatla­rı üçün Xüsusi Proqramına üzv ölkələr arasında iqtisadi əlaqələrin canlanmasına və ticari əməkdaş­lığın genişlənməsinə xidmət etdi­yini bildirib. Ölkəmizin bu mühüm beynəlxalq nəqliyyat marşrutunun inkişafına mühüm töhfə verdiyi­ni diqqətə çatdıran nazir deyib ki, Azərbaycan təkcə tranzit ölkə de­yil, həm də nəqliyyat dəhlizlərinin həyat qabiliyyətini, səmərəliliyini və dayanıqlı inkişafını təmin edən ka­talizatordur. Onun sözlərinə görə, Orta Dəhlizin rəqabət qabiliyyətinin davamlı olması üçün qarşılıqlı fəa­liyyət möhkəmləndirilməli, ticarət və onunla əlaqəli prosedurların rəqəmsallaşması artırılmalı, eləcə də gələcəkdə əməkdaşlıq geniş­ləndirilməlidir.

Hazırda Orta Dəhlizin funksi­onallığının artırılması məqsədilə rəqəmsallaşma konsepsiyası ha­zırlanır, bununla bağlı beynəlxalq şirkətlərlə danışıqlar aparılır. Orta Dəhlizin rəqəmsallaşmasının çox vacib və qaçılmaz məsələ olduğu­nu bildirən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası"­nın baş katibi Qaydar Abdikerimov deyib ki, bunu tətbiq etməsək, di­gər dəhlizlər qarşısında rəqabət qabiliyyətliliyimizi itirə bilərik. Onun dediyinə görə, Orta Dəhlizdə kon­teyner daşımaları üçün yaradı­lan platformalar marşrut boyunca rəqəmsallaşmanı həyata keçir­məyə imkan verəcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin 2023-cü il nöyabrın 23-də təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəa­liyyət Planı”na əsasən, növbəti üç il ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10,7 milyon ton­dan 13,6 milyon tona çatdırılması nəzərdə tutulur.

Təbriz YADİGAROV,
ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent 

Orta Dəhlizi tarixi İpək yolu­nun ən mühüm komponentlərin­dən birinə çevrilib. İqtisadi əmək­daşlığın və beynəlxalq ticarətin genişləndirilməsi məqsədilə baş­lanan layihənin geosiyasi səbəb­lərə və hegemonluq istəyinə söy­kəndiyi iddia edilsə də, hazırda beynəlxalq güc balansında çəkisi olan və Amerika Birləşmiş Ştat­larına meydan oxumağı bacaran Çin Asiya–Sakit okean regionun­da əhəmiyyətli güc proyeksiyası yaratmağa müvəffəq olub. 

Bəşər tarixinin ən iddialı iq­tisadi inkişaf proqramlarından hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu la­yihə 65 ölkəni, 4,4 milyard insanı və dünya ümumi daxili məhsu­lunun 40 faizini əhatə edir. Təsir dairəsi çox yüksək olduğu üçün layihə beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Statistik mənbələrə görə, kəmər­lər və yolların tikintisinə sərf olu­nan Çin sərmayəsinin məbləği 1 trilyon dollardan 8 trilyon dollara qədərdir. Dünya Bankının mə­lumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istis­na olmaqla) “bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investi­siyalar 575 milyard ABŞ dolları təşkil edir. 

Avrasiya regionunda əsas nəqliyyat marşrutuna çevrilən Orta Dəhlizin inkişafı, Şimal Dəhlizinin rəqabət qabiliyyəti­nin azalması ilə Avropa, Türkiyə və Mərkəzi Asiyadan daha çox ekspeditor və logistika şirkətləri Çinin dəstəklədiyi İpək Yolu və “bir kəmər–bir yol” təşəbbüsünün potensialını genişləndirməkdə maraqlıdırlar. Yaxın illərdə Av­ropa İttifaqında enerji və əmtəə böhranı fonunda Orta Dəhliz boyunca yük daşımalarının əhə­miyyətli dərəcədə artacağı gözlə­nilir. Multimodal yük daşımaları, xüsusilə konteyner daşımaları, o cümlədən Avropa sənayesinin neft-kimya və mineral xammala artan ehtiyacları səbəbindən get­dikcə daha çox tələbat qazanır. 

Qeyd edək ki, Orta Dəhliz Şərqlə Qərb arasında etibarlı logistika üçün optimal seçimə çevrilir. Bu marşrut Çin və Avropa arasında üç ticarət dəhlizindən biridir və onun uzunluğu avtomo­bil və dəmir yolu ilə birlikdə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Bu dəhlizlə hərəkət edən konteyner bloku qatarı Çin­dən Avropaya yükləri orta hesab­la 20-25 günə çatdırır ki, bu da mühüm logistik üstünlüklərdən hesab olunur.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat