Böyük Qayıdışın addımları da böyükdür

post-img

2024–2026-cı illərdə bu məqsədlə 10,6 milyard manat ayrılacaq

 

Maliyyə Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyənləşdirilib və bu prioritetin reallaşdırılması üçün 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ölkə Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənib. 

Məlumata əsasən, adıçəkilən proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin dayanıqlı məskunlaşması və əra­zilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədlərinə xidmət edir. Sənəd üzrə tədbirlərin infrastruktur, iqtisadiyyatın yeni­dən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlı inkişafı üzrə müəyyənləşdirilən hədəf göstəricilərinə uyğun həyata keçirilməsi nəzərdə tutulur.

2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilən son məlumatlara əsasən, Böyük Qayıdışa dair I Dövlət Proqra­mının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə, təqribən, 30,5 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2022-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 

Cari ilin dövlət büdcəsində sözügedən proqramın icrası üçün 5,3 milyard manat, 2024-2026-cı illərdə ümumilikdə 10,6 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda proq­ramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrıla­caq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

XQ

İqtisadiyyat