Avropadan Asiyaya böyük yol

post-img

Orta Dəhlizlə Şərqdən Qərbə 840 milyard dollarlıq yük daşınacaq

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuata müsahibəsində ölkəsi ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını reallaşdıracaq Zəngəzur Dəhlizi layihəsinin həyata keçirilməsinin bütün Orta Dəhliz dövlətləri üçün mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını vurğulayıb. Abdulkadir Uraloğlu, eyni zamanda, bu çərçivədə gerçəkləşdiriləcək Qars–Naxçıvan dəmir yolu təşəbbüsünün də bütün Avropanı Naxçıvan üzərindən İran, Azərbaycan, Türkmənistan və Pakistanla birləşdirəcəyini bildirib. 

Qardaş ölkə naziri, həmçi­nin artıq Bakı–Tbilisi–Qars xətti ilə Türkiyədən Avropanın bir çox nöqtəsinə, o cümlədən Qərbdə Bolqarıstan, Macarıstan, Alma­niya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransaya, Şərqdə İran, Əfqanıstan və Pakistana, Şimalda Rusiyaya, Asiyada Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıs­tan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarları göndərildi­yini, bu gün isə Zəngəzur Dəhlizi ilə yeni beynəlxalq xəttin həya­ta keçirilməsinin qarşıya önəmli məqsəd kimi qoyulduğunu diqqətə çatdırıb. O, Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbər­liyi ilə dəmiryolu sahəsində yeni dövr başlandığını qeyd edib, polad magistral şəbəkəsinin artıq 14 min kilometrə çatdırılğını bildirib. 

Beynəlxalq əhəmiyyətli iqti­sadi layihə olan Zəngəzur Dəh­lizinin tərkibində əhəmiyyətli yer tutan Qars–İğdır–Aralıq–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti sadəcə Türkiyə və Nax­çıvanı birləşdirmək məqsədi da­şımır. Bu, daha qlobal xarakterə malikdir və Avropa ilə Asiyanın ti­carət əlaqələrinin yeni mərhələsini şərtləndirir. 

Qeyd edək ki, sözügedən la­yihənin rəsmiləşdirilməsi tədbirlə­rinə 2020-ci il fevral ayının 25-də Azərbaycan və Türkiyə respublika­ları hökumətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlanılıb. Cari il sentyabr ayı­nın 25-də isə Naxçıvan şəhərin­də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Tür­kiyə Respublikası arasında Qars–Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalanılıb. Bu layihənin reallaşdırılması is­tiqamətində üçüncü addım isə iki qardaş ölkə arasında yaxın vaxt­larda müvafiq müqavilənin imza­lanması ilə atılacağı nəzərdə tu­tulub. 

Xatırladaq ki, Qars–Naxçıvan dəmir yolu layihəsinin tikintisinə dair texniki-iqtisadi əsaslandırma hesabatı artıq təsdiqlənib. 224 ki­lometr uzunluğunda və 5 stansiya­dan ibarət olacaq dəmir yolunun tikintisinin 5 il müddətində başa çatdırılması planlaşdırılıb. 

Ekspertlər tərəfindən Zəngə­zur Dəhlizinin açılması ilə Orta Dəhlizin daha da canlanacağı və bu marşrutla il ərzində quru yolla Şərqdən Qərbə 840 milyard dol­lardan çox məhsul ixrac olunacağı bildirilir. Belə bir imkanın isə Çin və Avropa İttifaqı ölkələrində yüksək dəyərləndirildiyi vurğulanır. 

Bu məqamda onu da deyək ki, Orta Dəhlizin vacib elementinə çevrilən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanlarının genişlən­dirilməsi üçün Azərbaycan dövlət büdcəsindən 100 milyon dollar və­sait ayrılıb. Həmin vəsaitlə dəmir yolunun illik yükötürmə qabiliyyəti­nin 1 milyon tondan 5 milyon tona qaldırılacağı və bununla da Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacağı proqnozlaşdırılıb. 

Yeri gəlmişkən, ekspertlər bil­dirirlər ki, Zəngəzur Dəhlizinin istismara buraxılması ilə Azərbay­can ərazisindən illik, təqribən, 35 milyon ton yükün daşınması müm­kün olacaq. Ölkəmizin ərazisin­dən ötən il ərzində daşınan yükün həcmində 30 faizdən çox artımın qeydə alınması da Zəngəzur Dəh­lizinə marağı daha da gücləndirib, beynəlxalq yükdaşımalarda res­publikamızın mövqeyinə müsbət təsir göstərib. 

Beləliklə, “Bir kəmər, bir yol”un Zəngəzur Dəhlizindən keçməsinin reallaşacağı təqdirdə illik xarici ticarət dövriyyəsi 6,3 trliyon dol­lardan çox olan Çindən Avropaya bir trliyon dollara qədər dəyərində yüklərin ən qısa quru yolla daşın­ması təmin ediləcək və bu marş­rutla daşımalarda vaxtın 3 dəfəyə qədər qısalmasına, investorların qazancının isə 3 dəfəyə qədər artmasına şərait yaranacaq. Tə­bii ki, Ermənistan da Zəngəzur Zəhlizinin açılmasına əngəl törət­məyəcəyi, bu yöndə qeyri-kons­truktiv siyasətindən əl çəkəcəyi halda layihədən kifayət qədər fay­dalanacaq və acınacaqlı durumda olan iqtisadiyyatına əhəmiyyətli töhfə verə biləcək. Bir sözlə, Orta Dəhliz ideyasının həyata keçməsi və Zəngəzur Dəhlizinin fəaliyyətə başlaması Azərbaycana, eləcə də region ölkələrinə iqtisadi səmərə ilə yanaşı, siyasi zəmanət də verə­cək.

Samir HEYDƏROV,
iqtisadçı-ekspert

Orta Dəhliz dünya iqtisa­diyyatının beynəlxalq nəqliyyat sistemində inqilabi xarakter daşıyan bir marşrutdur. Onun fövqəladə əhəmiyyət daşıması­nın geopolitik və iqtisadi səbəb­ləri var. Birincisi, iqtisadi əhə­miyyəti və səmərəsi ilə bağlıdır. Çinlə Avropa arasında göndə­riləcək yüklər ənənəvi yoldan tez bir müddətdə mənzil başına çatdırıla bilər. Orta Dəhliz Çin və Avropa arasında üç beynəlxalq nəqliyyat dəhlizindən biridir. Dəhlizin avtomobil yolu ilə uzun­luğu 4 min 256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Orta Dəhliz Avropa və Asiya arasın­da ticarət yolu kimi Şimal Dəhli­zinə nisbətən daha qənaətcil və sürətli və 2 min kilometr qısadır.

Bu marşrut vasitəsilə Çin malları 20-25 gün ərzində Avro­paya çatır. Çin və Cənub–Şərqi Asiya ölkələrindən Suveyş ka­nalı ilə malların göndərilməsi isə 35-40 gün çəkir. Bu da nəqliyyat xərclərinin minimallaşdırılması ilə əmtəələrin daha rəqabətqa­biliyyətli bir qiymətlə bazara çıxmasını şərtləndirir. Digər tərəfdən, mürəkkəb geopolitik vəziyyətlə əlaqədar Orta Dəhliz ən təhlükəsiz marşrut sayılır. Çinin iqtisadi rəqabətdə ABŞ qarşısında önə çıxmasını təmin edir və türk dövlətlərinin inteqra­siya etməsi halında dünya iqti­sadiyyatındakı payını artırmaqla onları bir nüfuz mərkəzinə çevi­rir.

Belə ki, 2022-ci ildə ABŞ–Çin iqtisadi–ticarət əlaqələri 691 milyard dollar olub. Amma Çin və Avropa Birliyi (AB) arası­na ticarət əlaqələri 938 milyard dollar təşkil edib. Göründüyü kimi, Avropa–Çin əlaqələri, ABŞ–Çin iqtisadi əməkdaşlığını üstələməyə başlayır. Bu baxım­dan Orta Dəhliz vasitəsi ilə Çin–AB iqtisadi–ticarət əlaqələri artmaqla rəsmi Pekinin dünya liderliyinin önünü aça bilər. Eyni zamanda, türk dövlətlərinin Türk Dövlətləri Təşkilatı daxilində iq­tisadi inteqrasiyasına zəmin ya­radır, perspektivdə Avropa Birliyi modelli iqtisadi bloka çevrilməsi­ni labüd edir.

Azərbaycan hökuməti bu gün Orta Dəhlizin tam gücü ilə işləməsi istiqamətində çalışır. Amma dəhlizin açılmaması üçün və bunun fonunda türk dövlətlərinin inteqrasiyasına qarşı dünyanın müxtəlif güc mərkəzləri siyasət aparır. Bu­rada müxtəlif təxribat xarakterli addımlardan da söhbət gedir. Prezident İlham Əliyevin rəhbər­liyi ilə Orta Dəhlizin tam gücü ilə fəaliyyət göstərəcəyinə isə heç bir şübhə yoxdur. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat