Qarabağ və Şərqi Zəngəzur öz nuruna qərq olur

post-img

11 kiçik SES bərpa edilib, 16-sı isə qurulur

 

Prezident İlham Əliyev res­publikaya rəhbərlik etdiyi ötən 20 il ərzində ölkəmi­zin elektroenergetika sistemi daim diqqət mərkəzində saxlanılıb. Bu müddətdə mövcud sahədə geniş­miqyaslı layihələr gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasi­ya Proqramı çərçivəsində energe­tika sistemi əsaslı şəkildə moder­nləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

Ölkə rəhbərinin 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdı­rılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da res­publikamızın elektrik enerjisi ilə fasilə­siz təminatını daha da gücləndirmək, təhlükəsizliyin maksimal səviyyədə əldə olunmasını şərtləndirmək baxımından mühüm önəm daşıyıb. 

Adıçəkilən sənəddə ölkəmizin ener­ji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanları­nın artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi kimi məsələlərin həlli qarşıya mühüm vəzifə kimi qoyulub. 

Sərəncamın imzalanmasından ötən bir ilə yaxın müddətdə bu sahədə müsbət nəticələr əldə edilib. Bu, statistik göstə­ricilərdə də öz ifadəsini tapıb. Belə ki, cari ilin yanvar–avqust ayları üzrə ope­rativ məlumatlara əsasən, ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq döv­rü ilə müqayisədə 154,2 milyon kVt/saat, yəni 0,8 faiz artaraq 19 245,2 milyon kVt/saat olub. Səkkiz ay ərzində elektrik enerjisi istehsalı istilik elektrik stansiya­larında 17 milyard kVt/saat, su elektrik stansiyalarında 1 milyard kVt/saat, digər mənbələr üzrə isə 249 milyon kVt/saat təşkil edib. Bu dövrdə külək elektrik stan­siyalarında 41 milyon kVt/saat, günəş elektrik stansiyalarında 46 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırıl­ması Zavodunda isə 160 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, 2023-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard kVt/saat olub. Elektrik enerjisinin idxalı 11 milyon kVt/saat, ixrac isə 253 milyon kVt/saat təşkil edib.

Yeri gəlmişkən, ölkəmizdə yaxın perspektivdə “yaşıl enerji” sahəsində də yüksək göstəricilərin əldə ediləcəyi proq­nozlaşdırılır. Hazırda bu istiqamətdə ge­nişhəcmli layihələr gerçəkləşdirilir. Res­publikamızın bərpaolunan enerji istehsalı sahəsində böyük potensialının olması da bir çox təşəbbüslərin həyata keçirilmə­si üçün geniş imkanlar yaradır. Onu da xatırladaq ki, Azərbaycanın hədəfi bər­paolunan enerji payının ümumi enerji is­tehsalında 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Bu məqsədin reallaşması üçün ölkə­mizin Xəzər dənizində təsdiqlənən 157 QV, quruda isə 135 QV külək enerjisi po­tensialı, ümumilikdə 290 QV-dan çox bər­paolunan enerji ehtiyatı var. Bununla ya­naşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpaolunan enerji mənbələri ilə diqqət çəkir. Təsadü­fi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşməndən təmizlənən yaşa­yış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri hesab olunur.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olması əsasında aparılan qu­ruculuq işlərində məhz “yaşıl enerji” la­yihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyat­larının formalaşdığı əsas iqtisadi rayon­lardan biridir. 

Regiondakı digər mühüm enerji ob­yektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdi­rilən və qoyuluş gücü 200 MVt olan “Xu­dafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki stansiya­nın tikintisi hazırda davam etdirilir və in­şasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“AzərEnerji” ASC tərəfindən işğaldan azad edilən ərazilərdə 2020-2023-cü il­lər ərzində 11 yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyasında in­diyədək, ümumilikdə, 110 milyon kilovat/saat (kVts) “yaşıl enerji” istehsal olunub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin yaxın aylarda yekun­laşacağı planlaşdırılıb. Bu günlərdə isə Kəlbəcər və Laçında daha 9 SES-in qu­rulmasına başlanılıb.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin mediaya verdiyi məlumata əsasən, “Sərsəng” SES və suverenliyi­miz bərpa edilən digər ərazilərdə mövcud enerji potensialı 80 MVt-a yaxındır. “Ya­şıl enerji”nin digər növlərinin də işğaldan azad edilən ərazilərdə, o cümlədən ölkə­mizin digər yerlərində potensialı olduqca böyükdür. Bu potensial Azərbaycanın beynəlxalq aləmə çıxışını daha da geniş­ləndirir və ölkəmizə böyük dividendlərin gətirilməsinə “yaşıl işıq” yandırır.

“Azərenerji” prezidenti daha sonra bildirib ki, Abşeron rayonu ərazisində 240 meqavatlıq günəş və 240 meqavatlıq külək, həmçinin Cəbrayıl rayonunda 240 meqavatlıq günəş, Kəlbəcər rayonunda 100 meqavatlıq külək elektrik stansiyala­rının, eyni zamanda, yeni kiçik su elekt­rik stansiyalarının yaradılması ilə alınan generasiya gücləri ekoloji cəhətdən tə­miz enerji hesabına Azərbaycanın elekt­rik enerjisinin ixrac potensialının ixraca yönəldilməsinə imkan verəcək.

Baba Rzayevin sözlərinə görə, bu­günə kimi “Azərenerji” ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansi­ya tikərək istismara verib. Bundan başqa, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası isə bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub.

B. Rzayev qeyd edib ki, bu il sentyab­rın 20-də həyata keçirilən antiterror təd­birlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemin­dən ayrılaraq Azərbaycan enerji siste­minə qoşulması təmin edilib. 

Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda “Azəre­nerji” tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalar­da təmir-bərpa işləri həyata keçirilir.

XQ

İqtisadiyyat