Xankəndidə Azərbaycan Bayrağının qaldırılması ədalətin təntənəsidir

post-img

Parlamentin iclasında bu barədə geniş müzakirə aparıldı 

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Sədr iclasın ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirildiyini bildirdi. Dedi ki, oktyabrın 18-də Müstəqilliyin Bərpası Gününü qeyd edəcəyik. Diqqətə çatdırdı ki, son yüz ildən artıq dövrdə Azərbaycan xalqı siyasi müstəqillik imkanına iki dəfə nail olmuşdur. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdir. 

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən dövlətimiz üçün də, əslində, eyni tale yazılmışdı. O zaman hakimiyyətə gəlmiş iqtidar cəmi bir il ərzində Azərbaycanı siyasi, iqtisadi və hərbi böhran vəziyyətinə salmış­dı. Ölkə vətəndaş müharibəsi və dağılmaq həddinə gəlib çıxmışdı. Müstəqil Azərbaycan dövlətinin iflasa uğramaq təhlükəsi yaranmış­dı. Lakin taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyinin itiril­məsinə yol vermədi. 1993-cü il iyunun 15-də ali dövlət rəhbərliyinə qayıdan Ümummilli lider qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi. 

Parlamentin Sədri Ulu öndərin anadan ol­masının 100 illiyi münasibəti ilə bu il mayın 16-da və iyunun 14-də Milli Məclisin xüsusi iclaslarının keçirildiyini xatırlatdı və bugün­kü müasir Azərbaycanın Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nişanəsi olduğunu bildirdi.

Ümummilli liderin inkişaf strategiyası­nı yeni çağırışlar şəraitində yaradıcı surətdə davam etdirən möhtərəm Prezident İlham Əliyevin daxili və xarici siyasəti ölkəmizə heyrətamiz uğurlar qazandırmışdır. Milli Məclisin oktyabrın 12-də keçirilən xüsusi iclasında da vurğulandığı kimi, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ər­zində Azərbaycan dünyanın ən dinamik in­kişaf edən dövlətləri sırasına çıxmışdır. Cə­miyyət və dövlət həyatının bütün sahələrində yeniləşmə və yüksəliş dövrü yaşanmışdır. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, Birinci vitse-prezidentlik institutu təsis edil­mişdir. Möhtərəm cənab Prezidentin ən yaxın silahdaşı olan görkəmli siyasi və dövlət xa­dimi Mehriban xanım Əliyeva bu məsul və şərəfli vəzifəni layiqincə yerinə yetirir. 

Sahibə xanım oktyabrın 15-də cənab İlham Əliyevin Xankəndi, Ağdərə, Xo­cavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbə­sində Dövlət Bayrağını ucaltmasını xatırlatdı və dedi ki, xalqımız bu unudulmaz hadisəni böyük qürurla izlədi. Üç il öncə eyni duyğu­ları Şuşada, Laçında, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərdə bayrağımız yüksələrkən yaşadığımızı vurğuladı. 

Möhtərəm Prezidentin Xankəndi şəhə­rində etdiyi proqram xarakterli çıxışından danışan parlamentin rəhbəri bunu dövlət baş­çısının ulu öndər Heydər Əliyev və xalqımız qarşısında bir növ hesabatı adlandırdı. Cənab Prezidentin rəhbərliyi ilə 20 il ərzində gö­rülən işlər Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının artırılmasına, torpaqları­mızın işğaldan azad edilməsinə, xalqımızın firavan həyatının qurulmasına yönəlmişdir. Həyata keçirilən dövlət siyasəti milli maraq­larımızın qorunmasını və irəli aparılmasını təmin etmişdir. Düşmən üzərində qazanılan möhtəşəm qələbə Ulu öndərin 100 illik yubi­leyinə ən böyük töhfə olmuşdur. Prezidentin qaldırdığı Dövlət Bayrağı bu qədim diyarı­mızda əbədi dalğalanacaqdır.

Sonra Milli Məclis Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları ünvanlamağı qərara aldı.

S.Qafarova üç il öncə bu gün erməni si­lahlı birləşmələrinin Gəncə şəhərinin mərkə­zini qadağan olunmuş silahlar, o cümlədən ballistik raketlər ilə atəşə tutduğunu, nəticə­də, 15 nəfər dinc sakinin həyatını itirdiyini 79 mülki şəxsin isə yaralandığını xatırlatdı. Gəncə şəhərində, eləcə də Azərbaycanın di­gər yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin xa­tirəsi anıldı.

Cari məsələlərin müzakirəsi zamanı de­putatlar dövlət başçımızın Xankəndiyə və di­gər ərazilərimizə səfərindən söhbət açdılar. Qeyd edildi ki, 15 oktyabr 2023-cü il tarixi ədalət təntənəsinin rəmzi olmaqla, Azərbay­can xalqının yaddaşına əbədi həkk olunacaq. Məhz bu tarixdə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizə rəhbər seçilməsinin 20-ci il­dönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda və Sərsəng su anbarı­nın ərazisində Dövlət Bayrağımızı qaldırmaq­la Azərbaycan xalqının çoxillik əzablarına, iztirablarına, həyəcanına son qoydu, torpaqla­rımızın hər bir qarışına sahib çıxdı, regionda tüğyan edən separatçılığın kökünü kəsdi, ölkə­mizin tarixi Zəfərini rəsmiləşdirdi.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli dedi ki, onun artıq bir müxalifət par­tiyasının rəhbəri kimi torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü təmin edən, suverenliyini bərpa edən, bütün İslam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqı yoxdur. Belə bir problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?

S.Qafarova gündəliyə 16 məsələ daxil edildiyini bildirdi. “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilmə­si haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədri Siyavuş Novruzov qeyd etdi ki, sənədə əsasən, Binəqədi qəsəbəsinin ərazisindən 1 213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2 min 223,67 ha torpaq sahəsi Sumqa­yıt şəhərinin inzibati ərazisinə verilir. Bu Sumqayıtın daha da inkişafı məqsədi ilə hə­yata keçirilir.

Qanun layihəsinin qəbulundan sonra S.Qafarova bildirdi ki, gündəlikdəki digər 12 məsələ ikinci oxunuşda təqdim edilib.

Qanun layihələri müzakirələrdən sonra qəbul edildi. 

Birinci oxunuşda təqdim edilən 3 qanun layihəsinin müzakirəsindən sonra müvafiq qərar qəbul olundu. Bununla da Milli Məclis öz işini bitirdi.

Əliqismət BƏDƏLOV
XQ

Siyasət