Azərbaycanda bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir. Bu barədə Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında bildirilib. Qeyd edilib ki, buna nail olunması dövlət başçısının hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biridir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması, habelə təhlili istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3 faizə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9 faiz, 2026-cı ildə 4,4 faiz, 2027-ci ildə 4,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 11,7 faiz səviyyəsində qeydə alınıb.
XQ

