8 ayın iqtisadi hədəfləri təmin edilib

post-img

Büdcə gəlirləri 3,1 milyard dollar artıb

Nazirlər Kabinetinin sentyabrın 23-də dövlət və icmal büdcələrin müzakirəsinə həsr olunan geniş iclasında ölkəmizin iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 faiz, qeyri-neft sənayesində isə 6 faiz artımın qeydə alınması, bununla bərabər, respublikamızın maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, strateji valyuta ehtiyatlarının 67 milyard ABŞ dollarına çatması və bu göstəricinin ilin əvvəlindən 14,5 faiz yüksəlməsi iqtisadiyyatın davamlı inkişafını göstərir. 

İclasda hesabat dövrü ərzində xari­ci ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici bor­cun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunan çox müsbət nəticələr kimi dəyərləndirilib. Bildirilib ki, bu uğurlar, dinamik inkişaf dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirib. 

Xatırladaq ki, hesabat dövründə – ilin ötən 8 ayında büdcə gəlirləri 3,1 milyard manat və ya 10,1 faiz, büdcə xərcləri isə 3,3 milyard manat və ya 9,8 faiz artıb. Bununla da Azərbaycan Prezidenti tərə­findən müəyyənləşdirilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həya­ta keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatı yaranıb. 

Dövlət başçısının son illərdə hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılan İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.

İnflyasiyanın makroiqtisadi və maliy­yə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi diqqətdə saxlanılır. Məhz bu baxımdan ortamüddətli dövrdə də hö­kumət qarşısında əsas çağırışlardan biri də makroiqtisadi sabitliyin və büdcə da­yanıqlığının təmin edilməsinə nail olmaq­dır. 

Beləliklə, respublikamızda 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının icrası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qa­yıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsi, Naxçıvan Muxtar Res­publikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqra­mının həyata keçirilməsi, ərzaq təhlükə­sizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi kimi bu və digər prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparıl­ması, makroiqtisadi və büdcə dayanıqlığı­nın təmin edilməsi zərurəti yaranıb. 

Qeyd edək ki, yuxarıda vurğulanan uğurların əsası ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən son 20 ildə sürətlə və uğurla həyata keçirilməsi ilə qoyulub. Bu müddətdə respublikamızda qeyri-neft sektorunun inkişafının təmin olunması, iq­tisadiyyatın müxtəlif sahələrinin şaxələn­dirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşı­laşdırılması istiqamətində bir sıra önəmli layihələr gerçəkləşdirilib. Məsələn, bir az əvvəl xatırlatdığımız strateji valyuta ehti­yatlarının 67 milyard ABŞ dollarına çat­ması faktı sadalan amillərlə sıx bağlı olub. Ən başlıcası isə bu göstərici dövlət baş­çısının uzaqgörən siyasətinin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların, investisiya mühitinin əlverişliliyinin nəticəsində mümkün olub. 

Bu gün respublikamız qarşısında du­ran prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılma­sına, makroiqtisadi və büdcə dayanıqlığı­nın təmin edilməsinə zərurət yaranmasını şərtləndirən amillər sırasında iqtisadiyya­tın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələri də əhəmiyyətli yer tutur. Məsələn, 2023-cü ilin ilk 6 ayında qeyri–neft–qaz səna­yesində artımın neft–qaz sektorundakı artımı üstələməsi, yəni mövcud sahədə əlavə dəyərin 6,5 faiz artması, ümumi halda isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunması bunun bariz ifadəsidir. 

Şübhəsiz ki, son illər ərzində bu məsələdə, başqa sözlə, qeyri-neft sek­torunun şaxələnməsində və inkişafında ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram ənənəvi sənaye sahələri ilə bərabər, yeni iqtisadi sektorlar olan kosmik, müdafiə, gəmiqayırma və alternativ enerji kimi fəa­liyyətlərin, eyni zamanda, müasir istehsal infrastrukturuna malik sənaye zonalarının tərəqqisinə əlverişli şərait yaradıb. Bu isə ixrac qabiliyyətinin davamlı şəkildə güclənməsinə, idxalı əvəzləyəcək məh­sulların istehsalının artırılmasına gətirib çıxarıb.

Beləliklə, dövlətimizin başçısının qar­şıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri günümüzün reallığına çevrilib. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq ötən zaman ərzində reallaşdırılan strategiya sayəsin­də milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub. 

Bugünədək sənaye zonalarında ümu­mi investisiya dəyəri 7,18 milyard ma­nat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i, yaxud 51,9 faizi istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb. 

Hazırda sənaye zonaları və aqro­parklarda iş adamları üçün stimullaşdırı­cı biznes və investisiya mühiti yaradılıb. Sənaye parklarında qeydə alınan hər bir rezident 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, tex­noloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə göm­rük rüsumlarından azad olunub. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zona­sı” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alı­nıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılma­sı nəzərdə tutulub. 

Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatırladaq. Qarabağ və Şərqi Zəngəzurun bərpasını stimullaşdırmaq məqsədilə hazırda işğaldan azad olunan ərazilərimizdə çalışan hər bir vətəndaşı­mıza artıq 600 manatlıq birdəfəlik müa­vinət verilir. Bu proses proaktiv qaydada təyin olunur, başqa sözlə, şəxsiyyət və­siqəsi ilə müraciət kifayət edir. Ümumiy­yətlə, bu dəstək düşməndən təmizlənən ərazilərimizdə tətbiq olunan güzəştlərdən biridir. 

Bu, onu göstərir ki, Əmək Məcəllə­sinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq iş­ləyənlər və işəgötürənlər üçün stimullaş­dırıcı mexanizmlərin və eləcə də güzəşt­lərin tətbiqinə artıq başlanılıb. 

Sonda qeyd edək ki, bu gün ölkə iqti­sadiyyat üçün yeni istiqamətlər formala­şıb. Bu , yeni prioritetlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndiril­məsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl in­vestisiyaların dominant rolunun gerçək­ləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevril­məsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsəd­lərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir. 

V.BAYRAMOV
XQ

İqtisadiyyat