Yarım ildə buradan 4,1 milyon ton yük aşırılıb
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının son illərdə xarici əlaqələrinin genişlənməsi nəticəsində bu infrastrukturun nəqliyyat kanallarının sabitliyi, səmərəliliyi təmin edilib. Çinin “Guangdong” Şirkətlər Qrupunun rəhbəri Fang Qichaonun başçılığı ilə nümayəndə heyətinin liman rəhbərliyi ilə keçirilən görüşündə də bu barədə ətraflı danışılıb, Avropanı Asiya ilə birləşdirən strateji marşrut sayılan Orta Dəhliz vasitəsilə Bakı limanından keçməklə göndəriləcək yük həcminin artırılması məsələsi ətrafında geniş müzakirə aparılıb.
Söhbət zamanı adıçəkilən infrastrukturun genişləndirilməsi strategiyasına da toxunulub. Xəzər dənizinin ən müasir limanlarından sayılan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı limanı bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışdığı bildirilib.
Bakı Limanının fəaliyyət istiqamətindən danışarkən sözügedən infrastrukturun İtaliyanın da diqqət mərkəzində olduğunu deyə bilərik. Aralıq dənizinin ən böyük limanlarından biri olan İtaliyanın “Trieste” limanının baş direktoru Zeno D'Aqostino bir müddət bundan əvvəl respublikamıza səfər zamanı Azərbaycan və İtaliya limanları arasında yeni əməkdaşlıq imkanları araşdırılıb. Zeno D'Aqostino limanın əməliyyat qrupu ilə görüşüb, ərazinin əməliyyat imkanları ilə tanış olub.
Görüşdə, eyni zamanda, Orta Dəhliz vasitəsilə Bakı limanından keçməklə göndəriləcək yük həcminin artırlması məsələsi ətrafında geniş müzakirə aparılıb. Həmçinin Bakı və “Trieste” limanları arasında beynəlxalq yükdaşımalarda əhəmiyyətli paya malik logistika şirkətləri tərəfindən qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əsas məqsədlərdən biri olması da vurğulanıb.
Zeno D'Aqostino ilə söhbət zamanı Bakı limanının genişləndirilməsi strategiyasına da toxunulub. Xəzər dənizinin ən müasir limanlarından sayılan və Orta Dəhlizdə mühüm strateji paya sahib olan Bakı limanı bu dəhlizi gücləndirməyə və sürətləndirməyə kömək edə biləcək Avropa limanları ilə əməkdaşlıq etməklə öz fəaliyyətini genişləndirməyə çalışdığı bildirilib.
Beləliklə, İtaliya ilə potensial tərəfdaşlıq hər iki limanın mövqelərini gücləndirə, iqtisadiyyat və logistika sahəsində Azərbaycanla yanaşı, region ölkələrinə da fayda gətirə bilər. Çünki Mərkəzi və Şərqi Avropaya giriş qapısı kimi strateji məkana sahiblik edən “Trieste” limanı illik 60 milyon tondan çox mal dövriyyəsi ilə İtaliya və Aralıq dənizinin ən böyük limanlarından biridir.
Bu yaxınlarda Bakı Limanı ilə “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti arasında da əməkdaşlıq barəsində memorandum imzalanıb. Bu sənədə əsasən, Asiya–Avropa transkontinental marşrutlar üzrə multimodal daşımaların daha da artırılması, nəqliyyat və logistika sahəsində innovativ həllərin tətbiq edilməsi ilə sürətli yükdaşımalarının artırılmasında qarşılıqlı işgüzar əməkdaşlığın inkişafı məsələləri barəsində bir sıra razılıqlar əldə olunub.
Bakı Limanı uğurlu ikitərəfli münasibətlər qurmaqla yanaşı, bir sıra beynəlxalq təşkilatların da fəal üzvüdür. Bakıda böyük müvəffəqiyyətlə təşkil olunan “IAPH– 2018” Dünya Limanlar Konfransında beynəlxalq arenada limanın tərəfdaşlıq və dayanıqlılığa sadiqliyinin qlobal iqtisadiyyatın gələcək inkişafına töhfə verəcəyi bir daha vurğulanıb.
Bakı limanı hazırda böyük yük axınlarına və Çin–Avropa arasında daşımalara hazırlaşır. Buna görə də tezliklə adıçəkilən infrastrukturda tikinti layihələrinin ikinci fazasının həyata keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə limanın konteyner aşırma gücünün 400 min TEU artırılaraq 500 min TEU-ya çatdırılacağı planlaşdırılır. Bundan əlavə, burada digər yük terminallarının da qurulacağı diqqət mərkəzində saxlanılır.
Hazırda Ələtdə liman kompleksinin tikintisinin birinci fazasına daxil edilən bərə terminalı, ümumi, “Ro-Ro”, xidmət körpüləri, dəmiryolu xətləri, inzibati bina, gömrük məntəqəsi, açıq saxlama sahəsi, anbarlar, konteyner meydançası, körpülərə dəmir və avtomobil yolu yanaşmaları, ağır yüklərin yerləşmə sahəsi və yük maşınlarının dayanacağı yaradılır.
Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin– Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Limanın inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra burada ümumi yükaşırma imkanı artırılaraq 15 milyon ton ümumi yükə və 100 min konteynerə çatdırılıb.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Bu gün Bakı Limanı “yaşıl liman” və logistika mərkəzi kimi inkişaf etdirilir. Burada Avropa İttifaqının ekoloji, iqtisadi və sosial təminatlarla bağlı yeni strategiyasına uyğun olaraq ən son texnologiya və ekoloji standartlar tətbiq edilir. Bu məqsədlə limanda Xəzər hövzəsində neftlə və məişət tullantıları ilə çirklənmiş suları təmizləyən qurğular quraşdırılır.
İkinci mərhələdə isə liman kompleksinin tamamilə başa çatdırılması ilə ümumi yükaşırma imkanı artaraq 25 milyon tona və 500 min TEU konteynerə çatdırılacaq. Limanın konteyner aşırma qabiliyyətinin artırılması isə Orta Dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək. Nəticədə qarşıdakı 10 ildə Orta Dəhliz Şərqlə Qərbi birləşdirən əsas infrastruktura çevriləcək. Ekspertlərin fikrincə, bu müddətdə sözügedən liman, həm də tam dayanıqlı “yaşıl dəhliz” kimi fəaliyyət göstərəcək. Mütəxəssislərin təxmini hesablamalarına görə, Bakı Limanının ikinci fazası çərçivəsində tikinti işləri təqribən 3 il çəkəcək.
Limanın hazırkı fəaliyyətindən danışarkən bu infrastrukturun iqtisadi göstəricilərinə də diqqət yetirək. Ötən il infrastrukturdan aşırılmış yüklərin 53 faizi Türkmənistan limanları hesabına gerçəkləşib və ümumi həcm 3 milyon 359 min tona çatıb. Qazaxıstan limanları ilə dövriyyə isə 2 milyon 382 min 956 ton olub. Bu göstərici ümumi dövriyyənin 38 faizini təşkil edib.
Beləliklə, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və “yaşıl həllər” tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır. 2023-cü ilin yanvar-iyul aylarında limanla yükdaşımalar 14 faiz və ya 500 min ton artaraq 3,6 milyon tondan 4,1 milyon tona yüksəlib. Eyni zamanda, dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yüklərin həcmini sürətlə artırıb.
Vaqif BAYRAMOV
XQ