“Menendezizm”, yoxsa ABŞ-ın Azərbaycana mesajı?

post-img

Ermənipərəst senatorun “qanun layihəsi”nə sözardı 

ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendezin ermənipərəstlik sevdası bitib-tükənmək bilmir. Vaxtaşırı olaraq bu “sevdanın” müxtəlif təzahür formalarını ortaya qoyan Menendez mövcud istiqamətdə daha da “irəli getməsi” ilə gündəmə gəlib. Heç şübhəsiz, onun belə davranmasına səbəb Azərbaycanın Qarabağda reallaşdırdığı uğurlu lokal antiterror tədbirləridir... 

Görünür, ölkəmizin qətiyyətli mövqe­yi, suverenliyini bərpa etməsi bir çox ermənipərəstlər kimi korrupsiyalaş­mış senatorun da kürkünə birə salıb. O, qaşınmağa başlayıb və qərara alıb ki, “Ermənilərin Azərbaycanın təcavü­zündən qorunması haqqında” qanun layihəsi hazırlamaq lazımdır. Başına senatorlardan – Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uay­thausu və Heri Pitersi yığıb ki, ona bu “işdə” kömək göstərsinlər. Çox güman, Menendez Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilatlarından aldığı vəsaiti onlarla da böləcək. Hər halda, bu cəfəng məsələyə qol qoyanlar elə onun kimi korrupsiyalaşmış naturalardır. Yəni, normal düşüncə sahibləri iyrənc siyasi kampaniyada iştirak etməzlər. 

Həqiqətən, ortada iyrənc mənzərə var və bu mənzərənin haradan qaynaq­landığı məlumdur. Bildirdik ki, erməni lobbi və diaspor təşkilatları Menende­zi, belə demək mümkünsə, himayəyə götürüblər. Həm də ona görə ki, onlar pulu kimə verdiklərini yaxşı bilirlər. Axı, Robertin həyat yoldaşı erməni əsilli amerikalıdır. Adı da Nadine Arslanian­dır. Deyilənə görə, Menendez bu xanım qarşısında əyilib təntənəli evlilik təklifi ilə bağlı ayin icra edəndən bəri, onun dizləri ABŞ-ın erməni lobbisi qarşısın­da bükülüb. Bükülüb ki, həmin lobbinin atdığı “yemi” rahat şəkildə qəbul edə bilsin... 

Bəli, Qarabağdakı antiterror tədbirlə­ri Menendezə necə pis təsir göstəribsə, nəinki ABŞ, ümumən dünya tarixində analoqu olmayan qanun layihəsi hazır­lamağa girişib. Təsəvvür edin, bir dövlət başqa bir dövləti və onun xalqını digər dövlətdən qorumaq üçün qanuna sahib­dir. Adam nə qədər əbləh olar ki, belə bir şey düşünsün? Dəhşətli, dəhşətli olduğu qədər də faciəli durumdur və Menendez ABŞ kimi ölkədə senatordur. İndiki du­rumda, o, şəxsi qəzəbini hüquqi müstə­viyə gətirməklə, bütövlükdə, ölkənin hüquq sistemini təhqir edir. Bəs, nədir buna imkan yaradan amil? Nə üçün me­nendezlər istədikləri cəfəngiyyatı leqal­laşdırmaq əzmini özlərində hiss edirlər? Suallara yazımızın sonunda cavab tapa­cağıq. Hər halda, düşünmürük ki, belələri sadəcə yağışdan sonra çıxmış göbələk­lərdir.

***

Beləliklə, B.Menendez özünün “er­məni sevdası” naminə Birləşmiş Ştat­ların təkcə hüquq deyil, eyni zamanda, siyasi sistemini də alçaldır. Korrupsiya­laşmış bu senatorun siyasi müstəvidəki manevr ritorikasından söz açarkən, çox uzağa yox, təxminən, bir həftə əvvələ qayıtmağa ehtiyac duyuruq. Yada salaq ki, Menendez rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymət­ləndirilməsi” mövzusunda dinləmələr keçirmişdi. Türk düşməni kimi tanınan senator bildirmişdi ki, Azərbaycan Laçın dəhlizinə girişi bağlayıb, “acından ölən Qarabağ ermənilərinə”, hətta humani­tar yardımın çatdırılmasına da imkan vermir. Eyni zamanda, söylədiklərindən belə təəssürat yaranmışdı ki, R.Menen­dez ermənipərəst ritorikasının vacibliyi­ni Rusiya amilinə kökləmək yolunu tu­tur. Təxminən belə: Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı mübarizənin qalasıdır və onun müdafiəsinə ehtiyac var. Bu ehtiyacın qarşılanması üçün isə ölkənin Qarabağ avantürasına dəstək göstərilməlidir. 

2020-ci ildə N.Aslanian ilə evlilikdən sonra Amerika Erməniləri Milli Komitə­sinin sevimlisinə çevrilmiş Menendez, həmçinin onun digər pul ortaqları Ermə­nistanın müdafiəsinin ABŞ-ın Rusiyaya qarşı dirənişi baxımından vacibliyini nə qədər vurğulasalar da, Ağ ev Admisint­rasiyasında İrəvanla bağlı tərəddüdlər olub və var. Durum həm də ona görə tərəddüdlüdür ki, görünür, Ermənistana etimad yoxdur. Rusiyaya dönük çıxan, ABŞ-dan niyə üz döndərməsin ki? Onun üçün müqəddəs heç nəyin olmadığı aş­kardır. Bir halda ki, Ermənistan adlı döv­lətin özünün düşünülmüş siyasəti istis­nadır, o, daim müxtəlif qütblər arasında çirkin gediş yollarını nəzərdən keçirəcək. Belə yanaşma tərzinə isə əsla bel bağ­lanılmaz. 

***

Bəli, Menendezin sözügedən qanun layihəsi ilə ABŞ-ın hüquq sisteminə “ye­nilik” gətirmək cəhdi özlüyündə siyasi xarakterlidir. Bəs, onun “Ermənilərin Azərbaycanın təcavüzündən qorunması haqqında” qanun layihəsində nələr var? Layihə təkcə Qarabağ ermənilərinə kök­lənməyib. Ancaq belə anlaşılır ki, sənə­di hazırlayanlar Azərbaycan hakimiy­yətinin öz vətəndaşları olan ermənilərə humanitar yardım göstərməsinə qarşı­dırlar. Bu yardımı təhlükə kimi görürlər. Mövcud səbəbdən, öz aləmlərində, böl­gənin erməni sakinlərinin təhlükəsizliyi­nin təminatına çalışırlar. Hesab edirlər ki, bu çalışmalar ölkəmizin “qəddar dav­ranışlarının” qarşısını almaq üçündür. Bir sözlə, tam cəfəngiyyat. 

Heç şübhəsiz, layihədə başqa cəfəng cəhətlər də var. Məsələn, B.Menendezin “təşəbbüsü” “Azadlı­ğa dəstək aktı”na 907-ci düzəlişin qü­vvəsini dayandırmasına qarşı çıxır. Senatorun fikrincə, həmin maddəni yenidən işə salmaqla, Azərbaycana yardımı aradan qaldırmağa ehtiyac var. Ən əsası isə sənəd Ermənistanın hərbi məqsədlər naminə Vaşinqton tərəfindən maliyyələşdirilməsinin qanuniləşməsi­ni nəzərdə tutur. Göründüyü kimi, Me­nendez öz komitəsinin bir həftə əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Yuri Kimin də iştirak etdiyi iclasında gündəmə gətirdikləri məqamlar üçün “hüquqi baza” formalaşdırmaq yolu­nu tutur. Beləliklə, Rusiya ilə yanaşı, Azərbaycana qarşı “Ermənistan qa­lası” qurmaq niyyəti güdür. Heç şüb-həsiz, bu “qaladan” Türkiyəyə qarşı da istifadə məramı var. 

Göründüyü kimi, B.Menendezin “qanun layihəsi” son dərəcə təhlükəli­dir. İlk baxışdan, düşünmək olar ki, bu layihə ABŞ-ın hazırkı iqtidarının Cənu­bi Qafqaz maraqlarına daban-dabana ziddir. İlk baxışdan, onu da fikirləşmək mümkündür ki, Menendez kimi şəxslər yalnız öz başlarına hərəkət edirlər. An­caq, belələrinin xəmirləri ermənipərəst­liklə yoğrulsa da, onları hərəkətə gətirən qüvvələr var. Bu yerdə yuxarıda səslən­dirdiyimiz sualların üzərinə gələk. Daha doğrusu, həmin suallara cavabların.

***

Azərbaycanla Ermənistan arasında­kı sülh prosesində vasitəçilik missiyası­nı öz üzərinə götürmüş Birləşmiş Ştatlar son zamanlar bu missiyaya o qədər də adekvat davranış nümayiş etdirmir. Qa­rabağdakı antiterror tədbirlərinə qədər Vaşinqtondan səslənmiş bəyanatlar bölgə ermənilərinin hüquq və təhlükə­sizliyi amili üzərinə köklənmişdi ki, bu isə rəsmi İrəvanın mövqeyinin qorun­ması demək idi. Mövcud anlamda Me­nendez və dostlarının qabartdıqları bəzi məqamlara həssas yanaşılmalıdır. Söh­bət Ermənistanın Rusiyaya qarşı açıl­mış cəbhənin Cənubi Qafqazdakı mü­hüm aktoru kimi qiymətləndirilməsindən gedir. Yəni, haqqında artıq söz açdığı­mız “Ermənistan qalası” modelindən. 

Xüsusən, son günlər hiss olundu ki, Birləşmiş Ştatlar Administrasiyası məsələyə önəm verir. Ona görə erməni avantürizmi üçün ümid yaradır. Əlbəttə, bu ümid illüziya doğurur. Menendezin məlum “qanun layihəsi” də həmçinin. Deməli, belə nəticəyə gəlmək mümkün­dür ki, menendezlər heç də təsadüfən or­taya çıxmırlar. Yəni, vurğuladığımız kimi, yağışdan sonrakı göbələklər deyillər. Deməli, ehtimal etmək olar ki, Birləşmiş Ştatlardakı bəzi dairələr ölkəmizə qarşı köhnə taktikadan yararlanmaq istəyirlər. Hesab edirlər ki, hərəkət və davranış­ları ilə Azərbaycanın mövqeyinə təsir göstərməyi, daha dəqiq desək, Bakının müstəqil siyasi xəttinə zərər vurmağı ba­caracaqlar. 

Ancaq onların Menendez kimi böyük oyunların kiçik “peşkalarını” ortaya at­mazdan əvvəl düşünməli olduqları bəzi məsələlər var. Düşünməlidirlər ki, Azər­baycanı Ermənistana qurban vermək, yaxud hansısa formada ölkələr arasın­dakı quvvələr nisbətini balanslaşdırmaq məntiqi sülh və etibarlı investisiya mühiti istədikləri Cənubi Qafqazda siyasi ako­lapsis aqibəti deməkdir. İfadə formasın­dan asılı olmayaraq, erməni avantüriz­minə dəstək bu aqibəti doğuran amildir. Belə bir durum formalaşdırmaq məqsə­di yoxdursa, o zaman Menendezləri oturduqları senator kreslosuna möh­kəm-möhkəm bağlasınlar. Ağızlarına da “skoç” vursunlar. Vursunlar ki, belələri üfunət qoxan ağızlarını aça bilməyib sussunlar.

 

Əvəz CAHANGİROĞLU
XQ

 

Siyasət