Ziyanlı olmasın adi bir dən də...

post-img

Təhlükəli qida istehsal edən sahibkar hər birimizə zərər vurur

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və kodeks alimentarius komissiyasının fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən regional müzakirədəki çıxışında bildirib ki, hər bir taxıl dənəsinin, hər kiloqram çörəyin qiymətli olduğunu, zəhmət və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik.

Nazirin sözlərinə görə, çıxdaş edilərək məhv edilən bu cür ərzaqlar dövlətin resurslarının israfı deməkdir: “Bu səbəbdən ölkələrin qida təhlükəsizliyi sahəsində qəbul etdiyi qanunvericilik aktlarının ciddi tətbiqi həm də ərzaq təhlükəsizliyində böyük rol oy­nayır. Kənd Təsərrüfatı Nazirliyi ərzaq təhlükəsizliyi sahəsində “dəyər zənciri” prinsipini diqqətdə saxla­maqla insan qidası üçün tam təhlükəsiz ərzaq məh­sullarının “tarladan süfrəyə” çatdırılması layihəsində aidiyyatı qurumlarla birgə iştirak edir”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük müharibədə əldə etdiyi parlaq qələbədən sonra düşməndən təmizlənən torpaqları­mızda yenidənqurma işlərinə başlanılıb. Bu istiqamət­də kənd təsərrüfatına yararlı torpaq sahələri nəzarətə götürülərək ekoloji təmiz və epizootoloji sağlam zo­nalar yaradılmaqla yüksək keyfiyyətli, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalına başlanılıb. 

M. Məmmədov bildirib ki, bitki və heyvan sağ­lamlığı da Kənd Təsərrüfatı Nazirliyinin daim diqqət mərkəzindədir: “Bitkilər və heyvanlar üçün xüsusi təhlükə törədən zərərli orqanizmlərin məhv edilməsi, o cümlədən profilaktik tədbirlər mütəmadi olaraq hə­yata keçirilir. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar apa­rılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsul­larının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daim dövlətimizin diqqət mərkə­zində saxlanılır.

Nazir əlavə edib ki, Azərbaycan 2011-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı və Ümumdün­ya Səhiyyə təşkilatları tərəfindən “Birgə Qida Stan­dartları Proqramı” çərçivəsində təsis edilən Kodeks Alimentarius Komissiyasına üzvdür. M.Məmmədov sözlərinə görə, bu komissiyanın beynəlxalq qida standartları, təlimatları və tətbiqetmə qaydaları bey­nəlxalq qida ticarətinin təhlükəsizliyinə kömək edir, insanların yüksək keyfiyyətli qida ilə təminatında öz töhfəsini verir.

XQ

İqtisadiyyat