Dövlət Neft Fondu “Uğurlu səhm 2023” müsabiqəsinə start verir

post-img

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində tələbələr arasında “Uğurlu səhm” müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirərək sahə üzrə təcrübəli mütəxəssislərdən rəy alacaqlar.

Fonddan bildirilib ki, “Uğurlu səhm” (“Stock Pitch”) - seçilmiş səhm üzrə investisiya ideyasının və ya tövsiyəsinin xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir: tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi; həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi; təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

Müsabiqədə bakalavr pilləsinin son iki ilində təhsil alan tələbələr; magistratura pilləsində təhsil alan tələbələr və 2023-cü ilin magistratura və bakalavr məzunları iştirak edə bilər. Müsabiqədə iştirak yalnız dörd nəfərdən ibarət komanda şəklində mümkündür.

Müsabiqə üzrə birinci yer 7 000 AZN, ikinci yer 5 000 AZN, üçüncü yer isə 3 000 AZN qaliblərə mükafatlar təqdim olunacaq. Həmçinin, müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Müsabiqə mərhələli şəkildə keçiriləcək. Sentyabrın 18-də müsabiqədə iştirak üçün qeydiyyat başa çatacaq. Sentyabrın 25-də növbəti mərhələyə keçəcək komandaların adları açıqlanacaq. Sentyabrın 27-də seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi baş tutacaq. Oktyabrın 27-də Səhm üzrə təhlilin təqdim edilməsi olacaq. Noyabrın 3-də yarım-final mərhələsinə keçəcək komandaların adları açıqlanacaq. Noyabrın 8-də yarım-final, noyabrın 10-da isə final olacaq.

Müsabiqəyə qoşulmaq üçün qeydiyyat formasını doldurmaq və CV əlavə etmək tələb edilir. Müraciətlər həm Azərbaycan, həm də ingilis dilində qəbul olunur.

İqtisadiyyat