Oktyabrda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək

post-img

Silsilə sərgilər sahənin yeniliklərini və imkanlarını nümayiş etdirəcək

Bu il oktyabr ayının 19-də Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start veriləcək. Ayın 21-dək davam edəcək tədbir çərçivəsində keçiriləcək sərgilər sırasına daha biri qoşulacaq. Belə ki, builki Xəzər İnşaat Həftəsi 3-cü Azərbaycan Beynəlxalq Qarabağın bərpası, yenidənqurma və inkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan beynəlxalq inşaat “BakuBuild” və 15-ci yubiley beynəlxalq istilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu “Aquatherm Baku” sərgiləri ilə yanaşı, 11-ci Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat “Road&Traffic” sərgisini də bir ad altında birləşdirəcək.

Bakı Ekspo Mərkəzində keçiriləcək builki sərgilərin miqyası daha da geniş­lənərək ötən illərlə müqayisədə ekspozi­siya sayında artım olacaq. Belə ki, ötən il tədbir Bakı Ekspo Mərkəzinin 2 zalını əhatə edirdisə, bu il artıq 3-cü zalın da istifadəyə verilməsi gözlənilir. Xəzər İnşa­at Həftəsi zamanı nümayiş olunacaq ye­niliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsidir.

Yeri gəlmişkən, sərgilər əlamətdar bir ilə təsadüf edir. Məlum olduğu kimi, bu il Azərbaycan xalqının Ümummilli li­deri, müstəqil Azərbaycan dövlətinin qu­rucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsinin proqramında da öz ək­sini tapacaq.

“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəf­daşları olan “Caspian Event Manage­ment”, “ICA Events” şirkətlərinin təşkilat­çılığı ilə keçirilən Xəzər İnşaat Həftəsinin iştirakçıları arasında Azərbaycan, Tür­kiyə, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federa­siyası, Sloveniya və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Fede­rasiyası milli və regional stendlərlə təmsil olunacaq.

Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” bu il 3-cü dəfə təş­kil ediləcək. Sərginin məqsədi təşkilat və müəssisələrin diqqətini Qarabağ və Şərqi Zəngəzurda baş verən müsbət dəyişiklik­lərə yönəltmək, eləcə də onları işğaldan azad olunmuş ərazilərin bərpasına cəlb etməkdir. Sərginin məqsədlərindən biri də burada iştirak edən beynəlxalq şirkət­ləri Qarabağda investisiya layihələrində iştiraka dəvət etməkdən ibarətdir. Elə sərginin əsas hədəfi də məhz Qarabağ­dakı quruculuq işləri üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin azad olunmuş ərazilərin inkişafında, infrast­rukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirakını təmin etməkdir. 

İqtisadiyyatın müxtəlif sahələrini təm­sil edən yerli və xarici şirkətlərin sərgiyə olan marağı göstərir ki, “Rebuild Kara­bakh” ötən illər ərzində Azərbaycanda sərgi sənayesinin əhəmiyyətli hadisələ­rindən birinə çevrilib. Sərginin ölkəmiz üçün əhəmiyyətini Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına salamlama məktubu gön­dərməsi də bir daha təsdiq edir.

Qeyd edək ki, “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədən­çilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həllə­ri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək. Yeri gəl­mişkən, ölkəmizdə keçirilən bir sıra bey­nəlxalq sərgi və konqreslərin təşkilatçıları olan “Caspian Event Organisers” və “Ite­ca Caspian” şirkətləri “Rebuild Karabakh 2021” sərgisi çərçivəsində imzalanan Anlaşma Memorandumuna əsasən sərgi sahəsinin satışından əldə olunan gəlirin bir qismini işğaldan azad olunan əra­zilərin bərpası və yenidən qurulması is­tiqamətində görülən işlərə dəstək məqsə­dilə Qarabağ Dirçəliş Fonduna ianə edib. 

“BakuBuild” şirkətlərin tikinti sahəsin­də ən son nailiyyətlərini nümayiş etdirən və sonuncu texnologiyaları təqdim etmək imkanı yaradan platformadır. Sərgidə zi­yarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox başqa texnologiyalarla tanış olurlar. Qeyd edək ki, interyer, idman məhsulları, işıq­landırma, izolyasiya sistemləri, landşaft, tikinti material və məhsulları, tikinti isteh­salat və avadanlıqları, eləcə də digər böl­mələri əhatə edən “BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir platformada bir­ləşdirir. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müza­kirə etmək və peşəkar şəbəkələrini ge­nişləndirmək imkanı əldə edirlər.

“Aquatherm Baku” sərgisi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sər­gisi mövqeyini qoruyur. Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, hamam və cakuzi, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tul­lantı) suyu texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, boru kəmərləri, nasoslar, soyuducular, günəş enerjisi və sair kimi sektorlar təqdim olu­nur.

“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasi­ya texnologiyaları sektorlarının peşəkar­larının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə baza­rın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məh­sulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operator­ları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır.

M. QULİYEV, “Xalq qəzeti”

İqtisadiyyat