Krivopuskov amili, “Üsyankar Qarabağ” və İrəvanda seçki

post-img

Yaxud Viktor-Ruben tandeminin “Qarabağ kartı”

Rusiya – Ermənistan Dostluq Cəmiyyətinin rəhbəri Viktor Krivo­puskovun İrəvandakı “Zvornots” hava limanından geri göndərilmə­si həm Rusiyada, həm də Ermə­nistanda qalmaqal yaradıb. “RİA Novosti” diplomatik mənbəyə is­tinadən bildirib ki, məsələ rəsmi Moskvada xoşagəlməz təəccüb doğurub. Həmin mənbənin məlu­matına görə, İrəvan imtinanın sə­bəblərini açıqlamır. Belədə sual da yaranır: Ermənistan Rusiya ilə dostluq etmək istəmir? 

Əslində, sual meydana yalnız indi çıxmır. Baş nazir Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra bu mövzu ətrafında müzakirələr getməkdədir. Buna səbəb Nikolun rəhbərlik etdiyi hakimiyyətin tutduğu mövqedir. Hazırkı Ermənistan iqti­darının anti-Rusiya təmayülünü təs­diqləyən, kifayət qədər, dolğun faktlar var. Yazımızda onlardan danışmaq niy­yətindən uzağıq. Əsas məsələ budur ki, V.Krivopuskov nə üçün Ermənis­tana buraxılmır? Yaxud, o, nəyə görə İrəvana məhz indi gəlmək istəyirmiş?

Krivopuskov TASS-a açıqlamasın­da bunları deyib: “Məni ölkəyə burax­madılar. Ermənistan üçün arzuolun­maz olduğumu bildirdilər. Pasportumu əlimdən aldılar. Mənə rəsmi kağızı göstərmədilər, amma başa düşdüm ki, sərhədi açmasalar, pasportumu qaytarmayacaqlar... Dedilər, bu gün Moskvaya qayıdın”.

*** 

Üzərində dayanılmalı ilk məqam V.Krivopuskovun dostluq adı ilə digər hərəkətlərə baş vurmasına dair şübhə­dir. Məlumdur ki, Ermənistanda seçki yaxınlaşır. Sentyabrda İrəvan merinin kimliyinə aydınlıq gəlməlidir. Ölkənin idarəçilik sistemi elə qurulub ki, paytax­ta rəhbərlik, faktiki olaraq, hazırkı ha­kimiyyətin qərarlarına qarşı çıxılmasını leqallaşdırır. Buna görə anti-Paşinyan­çı qüvvələr seçkiyə ciddi hazırlaşırlar. Elə baş nazirin tərəfdarları da. İkincilər təhlükəyə qarşı səfərbər durumdadır­lar. Təhlükə isə ümumən iqtidarı itir­mək perspektivini doğura bilər. 

Bu yerdə Rusiyanın bəzi dairələ­rinin Ermənistanda hakimiyyət dəyi­şikliyində maraqlı olduğunu bildirmək zərurəti yaranır. Belədə V.Krivopuskov ruspərəst ermənilər üçün, bir növ, “boz kardinal” təsəvvürünə gəlir. Mümkün­dür ki, onun İrəvana ayaq basması və dostluq adı ilə keçirəcəyi görüşlər Pa­şinyan iqtidarında təşviş doğurur. Baş nazirin tərəfdarlarının Krivopuskovun ölkəyə seçki fəallığı ilə bağlı tezislər gətirdiyini düşünmələri də ehtimal olu­nur. 

***

“Boz kardinal”ın Ermənistan-Rusi­ya Dostluq və Əməkdaşlıq Cəmiyyəti­nin təqdimatında iştirak məqsədilə İrə­vana gəldiyi bildirilir. Belə görünür ki, Rusiya tərəfi bu hadisəyə ciddi önəm verir. Əks halda “RİA Novosti”nin dip­lomatik mənbəyi V.Krivopuskova qarşı xoşagəlməz davranışa münasibət bil­dirərkən qəzəb püskürməzdi: “Erməni tərəfdaşlardan hakimiyyət orqanlarının qərarının səbəblərini və Rusiya vətən­daşı statusunu respublika sərhəd xid­məti nöqteyi-nəzərindən izah etmələri xahiş olunub. Təəssüf ki, Rusiyanın siyasətçilərinə, ictimai xadimlərinə, media orqanlarının nümayəndələrinə qoyulan məhdudiyyətlər ikitərəfli mü­nasibətlərin inkişafına heç bir faydası olmayan çirkin təcrübəyə çevrilir”. 

Qeyd edək ki, Rusiyanın “News Media” Holdinqinin təsisçisi Aram Qab­rielyanov Ermənistanın arzuolunmaz şəxsləri siyahısındadır. Həmin siyahı­da “Rossiya seqodnya” media qrupu­nun və Rusiyanın dövlət televiziyasının baş redaktoru Marqarita Simonyanın, həmçinin Rusiya Dövlət Dumasının deputatı, qatı ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulinin də adları var. 

Bu arada Rusiya Prezidentinin mət­buat katibi Dmitri Peskov Ermənistanın rus siyasi istableşmentinə qoyduğu qadağalara mənfi münasibəti də açıq­lanıb. Onun sözlərinə görə, Ermənis­tan Rusiyanın böyük dostu, müttəfiqi, strateji tərəfdaşıdır və ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi və xarak­teri ikitərəfli münasibətləri xoşagəlməz hallardan qorumağa məcbur edir. Əl­bəttə, Ermənistan rəsmiləri Peskovun bu fikrini bir qulaqdan alıb o birindən ötürmək ixtiyarındadırlar və bunu edir­lər. Bəs, Krivopuskova “boz kardinal” demək üçün əsas varmı? Əlbəttə var. Hələ ortada “Qarabağ kartı” da var. 

***

Yada salaq ki, sabiq SSRİ-nin Daxi­li İşlər Nazirliyinin yüksək rütbəli zabiti olmuş Viktor Krivopuskovun erməni sevgisi hələ ötən əsrin 80-ci illərinin axırlarında başlayıb. O, 1990-1991-ci illərdə keçmiş Dağlıq Qarabağ Mux­tar Vilayətində SSRİ DİN-in İstintaq Əməliyyat Dairəsinin qərargah rəisi vəzifəsində işləyib və elə həmin vaxt ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini araşdırmaq əvəzinə, “mi­atsumçular”ın xəbərdaşıyanı olub. 

Təsəvvür edin, bu adam Qarabağ klanının təmsilçilərinə SSRİ Daxili İş­lər Nazirliyinin hərbi komendantının və Daxili Qoşunlarının hərbi qulluqçula­rının Azərbaycan ərazisindəki erməni separatizminin kökünün kəsilməsinə yönəlmiş əməliyyat tədbirləri barədə məlumat ötürüb. Maraqlıdır ki, Kri­vopuskov bütün bunları gizlətməyib, özünün “Üsyankar Qarabağ” kitabında yazıb. Onun kitabı, əslində, Qarabağ­dakı erməni vandallıqlarının xronologi­yasına aydınlıq gətirmək üçün yaxşı mənbədir. Əlbəttə, nəşr Krivopusko­vun o zaman Qarabağ separatçılarının liderləri, sonradan Ermənistanın dövlət başçıları olmuş Serj Sarkisyan və Ro­bert Koçaryanla saunada əylənmələri­nin təsviri səhnələri ilə də “zəngindir”. Bu “zənginlikdə” qondarma “dqr”in 15 illiyi medalı xüsusi yer tutur. 

2009-2013-cü illərdə “Rossotrudni­çestva”nın Ermənistandakı nümayən­dəliyinə rəhbərlik etmiş, eyni zamanda, Rusiyanın İrəvandakı səfirliyində mü­şavir işləmiş V.Krivopuskovun Ermə­nistan dövlətinin də medalları ilə təltif olunduğu məlumdur. Yəni, o, ölkəyə, habelə erməni separatizminə, kifayət qədər bələddir. Çox güman, Ermənis­tandakı ruspərəstləri də yaxşı tanıyır və onların, belə demək mümkünsə, da­marlarını tutmaq baxımından mütəxəs­sisdir. Əks halda Paşinyanın sərhəd­çiləri onu hava limanından niyə geri qaytarsınlar? 

***

Daha bir məqama diqqət yetirək. Məlum olduğu kimi, Qarabağdakı se­paratçı rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan sonuncu “Telegram” paylaşımında Ermənistandakı seçkiyə yönəlik fikirlərlə yadda qalıb. O, “əsl vətənpərvərləri” aktivliyə çağırıb. Bu çağırış ölkə hakimiyyətini seçki yolu ilə devirmək motivlərinə əsaslanması ilə diqqət çəkib. Mövcud xüsusda Qa­rabağ amilini qabardan Vardanyan Er­mənistan iqtidarını Qarabağı Azərbay­cana güzəştə getməkdə ittiham edib, sərt və təhqiramiz fikirlər bölüşüb. Bu, onu deməyə əsas verir ki, İrəvan meri­yasına seçkilər müstəvisində “Qarabağ kartı” ortaya atılmaqdadır. O kart ki, Ermənistanın müasir dövlətçiliyi onun üzərində qurulub. Elə Vardanyanın sözlərindən də belə çıxıb ki, Qarabağ yoxdursa, erməni dövlətçiliyi də yox­dur. 

Bir daha bildirək ki, V.Krivopuskov Rusiya-Ermənistan Dostluq Cəmiyyə­tinin rəhbəridir. Vardanyan isə Rusiya­nın bəzi dairələrinin Cənubi Qafqazda Qarabağ avantürasının saxlanılması üçün bölgəyə yerləşdirdikləri dələduz­dur. O, V.Krivopuskovun özü qədər qaranlıq keçmişə malikdir. Mövcud durumda bütün daşlar yerinə oturur. Deməli, vaxtilə Qarabağ klanı naminə mənfur xidmətlər göstərmiş “boz kardi­nal”ın İrəvan hava limanındakı sərhəd punktundan keçə bilməməsinin daha bir səbəbi ortadadır: O, Vardanyana və onun Ermənistan paytaxtındakı tərəf­darlarına dəstək üçün gəlirmiş. Krivo­puskovun kitabının adı “Üsyankar Qa­rabağ”dırsa, çox güman, avantürislərə həmin kitabdan “mühazirələr” oxuya­caqmış. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət