Yaxud Parisin Laçın yolu istiqamətində “humanitar hücum” taktikası
Fransa Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı təxribatçı addımlarından əl çəkmir. Bu təxribatçı addımlar xeyli müddətdir ki, sistemli xarakter alıb. Bunu kampaniya da adlandırmaq mümkündür. Dövlətin yürütdüyü siyasətə uyğun olaraq, Fransanın ayrı-ayrı şəhərlərinin merlərinin də bu kampaniyaya qoşulduqlarını desək, yəqin ki, səhv etmərik. Bugünlərdə bunun örnəyi hesab ediləcək hadisə baş verib. Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Ann İdalqo ölkənin regional icmalarının, guya, dekabrın 12-dən “blokada”da olan Qarabağa “humanitar yardım karvanı” göndərməsi təşəbbüsü ilə çıxış edib. Bu barədə CCAF-ın rəhbəri Murad Papazyan “Facebook” səhifəsində məlumat verib.
O qeyd edib ki, layihə Fransanın İl-de-Frans, Overn-Rona-Alp, O-de-Frans, Provans-Alp-Lazur sahili, Luara Torpağı regionları və digər şəhərləri tərəfindən maliyyələşdirilir. Avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacaq karvanı Ann İdalqo, Ksavye Bertran, Bruno Retayo, Janna Barseqyan, habelə Patrik Karam və Mişel Rubirola şəxsən müşayiət etmək qərarına gəliblər.
Qeyd edək ki, bir ay bundan əvvəl – iyulun 26-da Ermənistan da oxşar təxribata əl atmışdı. İyulun 25-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşdən bir gün sonra baş nazir Nikol Paşinyan hökumətin iclasında Qarabağa “humanitar yardım karvanı” göndərəcəklərini bildirmişdi. Bunun ardınca təxribatçı addım atılmış, karvan Qarabağ istiqamətində yola düşmüşdü. Ancaq Azərbaycan tərəfi qonşu dövlətin ölkəmizlə razılaşdırmadan atdığı bu təxribatçı addımın qarşısını almışdı. Qarabağa nə apardığı, ümumiyyətlə boş və ya dolu olduğu bilinməyən TIR-lar bugünədək Laçın yolunun girişində gözləməkdədirlər. Görünür, oxşar təxribatın qarşısının bu dəfə də alınacağını bildiyi üçün Murad Papazyan Fransa və Avropa hakimiyyət orqanlarından içində, guya, zəruri məhsullar olan 10 yük maşınının Azərbaycanın yaratdığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçib, təyinat yerinə çatması üçün xüsusi diplomatik vasitələrdən istifadə etməyi xahiş edib. Ancaq Fransa və Avropa hakimiyyət orqanlarının (?) onun xahişini yerinə yetirməsi, çətin ki, mümkün olsun. Onun hansı “xüsusi diplomatik vasitələr”i nəzərdə tutduğu da müəmmalıdır. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində, diplomatiya və diplomatik xidmətdə “xüsusi diplomatik vasitələr” anlayışı mövcud deyil. Parisdə yaşayıb, diaspor təşkilatlarının ittifaqına rəhbərlik edən şəxsin bunu dərk etməməsi bir qədər qəribədir.
Ümumiyyətlə, Azərbaycanın öz sərhədlərinə nəzarət və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Fransanın ölkəmizlə razılaşdırmadan suveren ərazilərimizə “humanitar yük” adı altında avtomobil karvanı göndərməsi ərazi bütövlüyü və suverenliyimizə qəsddir. Bu, eyni zamanda, “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinə qarşı növbəti təxribatdır. Avropa İttifaqının aparıcı dövlətlərindən və tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri kimi özünü Ermənistan–Azərbaycan danışıqları prosesinə pərçim etməyə çalışan, ancaq hər dəfə çıxdaş edilən Fransanın belə bir addım atması “Beşinci Respublika”nın prosesdə səmimi olmadığını, vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyətində olduğunu göstərir.
Azərbaycanın Qarabağın erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə də daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə, bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan tərəfi bütün təklifləri geri çevirir. Rəsmi İrəvan Azərbaycanın təklif etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxır, humanitar fəaliyyətə maneçilik törədir, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklayır. Bütün bunlar ermənilərin “humanitar böhran” iddialarının siyasi şantaj olduğunun göstəricisidir. Bu addımlar humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair Nikol Paşinyanın bəyanatları ilə də ziddiyyət təşkil edir.
Əslində, bütün bunlar Fransa rəhbərliyinə, Parisin merinə, o cümlədən Murad Papazyana da yaxşı məlumdur. Onlar bilirlər ki, göndərilən “humanitar yardım karvanı” İrəvandan yola düşən karvanın yanında ilişib qalacaq. Buna baxmayaraq, onlar bu addımı atırlar. Burada da məqsəd Azərbaycana təzyiq göstərmək, öz aləmlərində onu ləkələmək, beynəlxalq ictimaiyyətin gözündən salmaqdır.
***
Azərbaycan xalqının ziyalılarının hələ XIX əsrin 60-70-ci illərindən dünyaca məşhur universitetlərində oxumaq üçün getməyə can atdıqları Paris şəhərinin rəhbərliyinin hazırkı mövqeyi isə təəssüf və təəccüb doğurur. İnzibati-ərazi bölgüsünə görə, Fransa regionlara, regionlar isə departamentlərə bölünür. Hazırda Fransada 18 region, 101 departament mövcuddur. Paris isə həm şəhər, həm də departament statusuna malikdir. Bununla yanaşı, Parisin meri Paris Şurasına rəhbərlik edir. Fransada digər ərazi vahidlərindən fərqli olaraq, Paris tam inzibati azadlığa malik deyil. Bundan əlavə, Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun müavinlərini seçir. Fransanın qatı ermənipərəst Prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli, Respublika!” partiyası şurada geniş şəkildə təmsil olunur. Bu faktlar bir daha sübut edir ki, Paris merinin Qarabağa “humanitar yardım karvanı” göndərmək təşəbbüsünün arxasında Fransa hakimiyyəti dayanır. Ancaq xanım merin ermənipərəstliyinin də burada mühüm rolu var.
Ann İdalqo bineyi-qədimdən ermənipərəst mövqeyi ilə tanınır. Merin bir çox Fransa rəsmiləri kimi erməni lobbisinin tam nəzarətində olduğu şübhə doğurmur. Erməni diasporu ilə sıx ünsiyyətdə olan merin müavinlərindən biri Anuş Toronyanın etnik erməni olması da diqqətdən yayınmır. Anuş Toronyan Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Toronyanın qızıdır.
Mətbuatda yer alan məlumatlara diqqət etdikdə görürük ki, Parisin meri 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış Kreativ Texnologiyalar Mərkəzinin (TUMO) açılışında iştirak edib və ona hərtərəfli dəstək göstərib. Vaxtilə TUMO-nun Xankəndidə də ofisi olub.
Ann İdalqo ilə bağlı digər faktlar sırasında onun Fransa ermənilərinin təşkil etdiyi tədbirlərdə iştirakını da qeyd etmək olar. O, Fransada erməni kilsəsinin açılışına da qatılıb. Ann İdalqo qondarma “erməni soyqırımı” ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də məşhurdur. 2020-ci ildə ikinci müddətə Paris meri seçilən Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələrinin olması barədə kampaniyanın başında məhz Murad Papazyan və Ara Tonoyan dayanıblar. Bunlar Paris merinin, onun müavininin ermənilərlə necə sıx bağlı olması ilə bağlı tutarlı faktlardır.
Bütün bunlardan sonra əminliklə demək olar ki, Qarabağa “humanitar yardım karvanı” göndərmək təşəbbüsü təkcə Paris merinin ermənisevər, onun müavininin erməni olması ilə bağlı deyil. Bunun kökündə Fransa hakimiyyətinin indiki ermənipərəst siyasəti dayanır. Ancaq onların bütün digər təşəbbüsləri kimi, bu cəhdləri də uğursuzluğa düçar olacaq.
Yeganə HACIYEVA,
politoloq
– 44 günlük Vətən müharibəsindən sonra Fransa artıq dördüncü dəfədir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsinə çalışır. Rəsmi Paris qətnamənin qəbul olunması üçün ciddi səylər göstərir. Fransa öz təşəbbüslərini əsaslandırmaq üçün Ermənistanın təqdim etdiyi təhrif olunmuş məlumatlardan yararlanır. Amma onların dezinformasiyasını Azərbaycan çox rahatlıqla faş edir. Fransa növbəti anti-Azərbaycan qətnaməsini əsaslandırmaq üçün “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində təxribata əl atır. Bunu belə izah etmək mümkündür.
Aydın məsələdir ki, Parisin və digər şəhərlərin rəhbərliyi bunu özbaşına etmirlər. “Humanitar yardım karvan”ın göndərilməsi ideyasını Fransanın Overn-Rona-Alp regionunun rəhbəri Loran Voke mart ayında İrəvanda bəyan etmişdi. Bu proseslərin əsas hərəkətverici qüvvəsi Fransadakı erməni lobbisidir. Burada Makron da təşəbbüskar rolundadır. Onun son vaxtlar BMT TŞ-dəki bütün təşəbbüsləri uğursuz olub. Bir müddət öncə Mali ilə bağlı Təhlükəsizlik Şurasında uğursuzluğa düçar olan rəsmi Paris Azərbaycanla bağlı sənədin qəbul olunmasına cidd-cəhdlə çalışır. Bir sözlə, Makronun Parisin merini, eyni zamanda, digər regionların rəhbərlərini təxribat üçün Azərbaycanla sərhədə göndərməsinin əsas səbəbi Fransanın BMT Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşdığı yeni anti-Azərbaycan sənədinin qəbul olunması üçün əsaslar formalaşdırmaq məqsədi daşıyır. Ermənistanın “blokada” yalanları ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun rəyi ifşa olunduğu üçün Fransa özü dövriyyəyə girib.
Səxavət HƏMİD, “Xalq qəzeti”


