Dünya bazarında “dizel çatışmazlığı”

post-img

Bu azalmanın Azərbaycana təsiri ola bilərmi?

Dizel qıtlığı ilə bağlı problemi “Blo­omberg” agentliyinə şərh edən ana­litiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Əgər təchizatla bağlı hər hansı bir pozulma və ya tələbin gözlənilməz ar­tımı baş verərsə, bu yanacaq növünün qiymətində kəskin artım baş verə bilər. 

Beynəlxalq ekspertlərin fikrincə, hazırda xüsusilə Avropada və ABŞ-ın Atlantik sahillərində vəziyyət gərgindir. Hətta yaxın aylarda Şimali və Qərbi Avropada dizel ehtiyatlarının azalacağı proqnozlaşdırılır. Qeyd olunur ki, ha­zırda neft emalı zavodları daha yüngül neft növlərinin istehsalına üstünlük ve­rirlər ki, bu da dizel yanacağının isteh­salının azalmasına səbəb olub.

Əksər analitiklər qeyd edirlər ki, hətta Çinin yanacaq ixracına yeni kvo­talar verməsi də vəziyyəti kökündən yaxşılaşdırmağa kifayət etməyəcək. Belə ki, tikinti sektorundakı problem­lərə baxmayaraq, Çindən daxili tələb gözləniləndən yüksək olub. Nəşrin məlumatında daha sonra bildirilir ki, qlobal iqtisadiyyat qış mövsümü ərəfəsində dizel yanacağı ehtiyatları­nın tarixi minimumuna yaxınlaşıb. Bu isə qarşıdakı aylarda tədarük zəncir­lərində hər hansı bir pozulma yarana­cağı təqdirdə kəskin qiymət artımına gətirib çıxaracaq. 

Məlum olduğu kimi, hazırda Azər­baycanda dizel yanacağından geniş istifadə olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan hökuməti 2023-cü ildə ölkədə dizel istehsalını 2 milyon 533 min ton səviyyəsində proq­nozlaşdırır. Proqnozlara görə, ölkəmiz­də 2024-cü ildə 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə isə 2 milyon 535,6 min ton dizel yanacağı istehsal ediləcək. Göründüyü kimi, 2023-2026-cı illərdə Azərbaycanda dizel yanacağının isteh­salı 0,1 faiz artacaq. Yeri gəlmişkən, Heydər Əliyev adına Neft Emalı Zavo­dunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivə­sində 2023-cü ilin ikinci rübündən eti­barən “Avro-5” standartına uyğun dizel yanacağının istehsalına başlanılıb. Ha­zırda Azərbaycanda dizel yanacağının bir litri 80 qəpiyə satılır.

Bəs, dünyada dizel qıtlığı ilə bağlı narahatlığın ölkəmizə təsiri ola bilərmi? Ekspertlər hesab edirlər ki, mövcud və­ziyyətdə Azərbaycanda dizelin qiyməti­nin bahalaşacağı inandırıcı görünmür. Çünki istehsalatda və yükdaşımada xüsusi paya malik olan bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir. Onların fikrincə, ölkədə kifayət qədər dizel yanacağının istehsal olunması da qiymətləri sabit saxlamağa kömək edə bilər. 

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Son günlər “Bloomberg” agentliyi­nin dünyada dizel yanacağının qıtlığı ilə bağlı yaydığı məlumat geniş mü­zakirələrə səbəb olub. Bu da ondan qaynaqlanır ki, son 30 ildə Şimal ya­rımkürəsində və Amerika Birləşmiş Ştatlarında dizel yanacağı ehtiyatında azalma qeydə alınıb. Əslində bu, adi bir statistikadan başqa bir şey deyil. Qarşıdan gələn isitmə mövsümünün dizel qıtlığı ilə bağlı heç bir əlaqəsi yox­dur. Çünki bu mövsümdə dizelə yox, mazuta tələbat artır. Belə ki, qış ayla­rında isitmə mənbəyi olan qazanxana­lar məhz bu yanacaqla işləyir. 

Məlum olduğu kimi, son illər inkişaf etmiş ölkələrdə dizel yanacağına tələ­bat getdikcə aşağı düşür. Bu da ondan irəli gəlir ki, həmin ölkələrdə dizellə işləyən avtomobillərin istehsalı ilbəil azalır. Belə bir şəraitdə dizel yanacağı ehtiyatlarının azalması da təbii proses­dir. Digər tərəfdən, Rusiya– Ukrayna müharibəsində tanklardan tutmuş bü­tün hərbi texnikaların 90 faizi dizel ya­nacağı ilə işləyir. Hazırda əksər Avropa ölkələri öz ehtiyatlarının bir hissəsini məhz Ukraynaya göndərir. Bu da dizel ehtiyatlarının azalmasına gətirib çıxa­rır. 

Üçüncü bir tərəfdən, 2023-cü il fev­ral ayının 5-dən Rusiyanın neft məh­sullarının Avropada satışına sanksiya qoyulub. Hansı ki, Rusiya Avropa ba­zarında ən çox dizel satan ölkə idi. İndi isə Hindistana və digər ölkələrə ixrac edir. 

Bu məsələdə mən başqa bir nara­hatedici məqam görmürəm. Bu, bir növ onu xatırladır ki, adətən, sentyabrın sonu, oktyabrın əvvəlində birdən-birə qazın və ya neftin qiymətində artım müşahidə olunur. Belə bir şəraitdə çox­ları düşünür ki, qış mövsümü olduqca sərt keçəcək. Amma bəzən tamamilə bunun əksi baş verir. Düşünürəm ki, dizel qıtlığı ilə bağlı məlumatlar süni ajiotajdan başqa bir şey deyil.

Bir məqamı da qeyd edim ki, son günlər Avropada 1990-cı ildən son­ra mazut xam neftdən ilk dəfə baha satılıb. Bu da ondan irəli gəlir ki, qaz anbarları olmayan ölkələr ehtiyat kimi məhz mazuta üstünlük verirlər. Çünki mazutun saxlanması çox asan və əl­verişlidir. Belə ki, bu yanacaq növünün tədarükü üçün, sadəcə, dəmir çən ki­fayət edir.

Azərbaycanda da son günlər bu xəbər müəyyən narahatlıq yaradıb. Düşünürəm ki, buna heç bir əsas yox­dur, bunun ölkəmizə hər hansı bir təsiri gözlənilmir. Çünki Azərbaycan nə Av­ropaya, nə Amerikaya, nə də inkişaf et­miş digər ölkələrə dizel yanacağı satır. Dizel yalnız Gürcüstana ixrac olunur. Eyni zamanda, ölkəmiz bu yanacaq növünü idxal də etmir. Dizel keyfiyyəti aşağı olan yanacaq növüdür. Ölkə­mizdə onun istehsalı və istifadəsi döv­lət tərəfindən tənzimlənir. Bu prosesin isə dünya bazarı ilə də heç bir əlaqəsi yoxdur.

M.QULİYEV, “Xalq qəzeti”



İqtisadiyyat