Paşinyanın “müstəqillik manifesti” yaxud tarixi səhvlərin gecikmiş etirafı

post-img

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin müstəqillik bəyannaməsinin qəbulunun 33 il­liyi ilə bağlı yaydığı mətn qalmaqal doğurub. Əvvəlcə bu barədə bir neçə kəlmə ilə söz açaq və bildirək ki, hazırda sözügedən mətn səbə­bindən Paşinyan üzərində sanki inkvizisiya məhkəməsi qurulur, yaxud da o, gilyotinlə cəzalandı­rılır. Nikola ünvanlanan “satqın”, “xain” kimi təhqirlərin ardı-arası kəsilmir. Baş naziri hədəf seçən ənənəvi təhqirlər də öz yerində...

Beləliklə, Paşinyan bildirib ki, Er­mənistan müstəqillik bəyannaməsini Sovet İttifaqından çıxmaq üçün qəbul edib, ancaq sənəd, eyni zamanda, SSRİ-dən uzaqlaşmaq qapılarını bağ­layan təbiətə malikdir: “Demək olar ki, biz XX əsrin sonlarına doğru qəbul et­diyimiz müstəqillik bəyannaməsi ilə XX əsrin əvvəllərində müstəqilliyimizi itir­məyə aparan formulu dəstəkləmişik”. 

Əslində, N.Paşinyan bəlkə özü də fərqinə varmadan çox böyük həqiqətlə­ri açıqlayır. Doğrudan da, Ermənistanın XX əsrdəki istər birinci, istərsə də ikinci müstəqilliyi qonşu dövlətlərlə ziddiy­yətlər, ərazi iddiaları fonunda meydana çıxmış hadisədir. Yəqin, Nikol elə bu səbəbdən bildirir ki, birinci müstəqilliyi əldə edərkən buraxılan səhvlər, ikinci müstəqilliyə aparan yolda da təkrar­landı. Paşinyanın fikirlərindən gəlinən nəticə budur ki, Ermənistanı SSRİ-nin tərkib hissəsi edən ritorika işğalçılıq motivlərinə köklənmişdi. Əlbəttə, bu yerdə ölkənin paytaxtı İrəvanın qədim Azərbaycan şəhəri olduğunu və sırf er­məni dövlətinin yaranması məqsədilə peşkəş verildiyini xatırlamalıyıq.

Bəli, Ermənistan dövlətçiliyinin iti­rilməsi təhlükəsinə söykənən Nikol müstəqillik bəyannaməsinin ruhunu yanlış sayır. Çünki o ruhda həm də Qa­rabağ amili var idi. Qarabağ amili isə Azərbaycanın torpaqlarına qəsd kimi mənfur xassəyə malikdir. Doğrudur, Paşinyan bunu açıqdan-açığa dilə gə­tirmir, amma o, kifayət qədər ciddi sub­liminal mesajlar verir. 

Məsələn, erməni baş nazir bildirir ki, hazırkı dövlətçiliyin əsasını qoyan bəyannamə 1988-ci ildə Sovet İtti­faqında hökm sürən iqtisadi, siyasi və ideoloji böhran şəraitində başlayan Qarabağ hərəkatının zirvəsində qəbul edilib. Yəni, o, faktiki olaraq deyir ki, Qarabağ məsələsi müasir Ermənis­tan dövlətçiliyinin yaranmasının başlı­ca preambulasını təşkil edib. Deməli, Qarabağ yoxdursa, Ermənistan döv­lətçiliyi də yoxdur. Nikolun söylədiyi və arzuladığı isə budur: Qarabağsız da Ermənistan olsun. Amma ölkədə məsələnin bu formada qoyuluşu ilə razılaşmayan revanşist-şovinist, xəstə kəsim iş başındadır və hazırkı iqtidarın ona münasibətdə acizliyi, hətta həmin kəsimin dili ilə danışdığı da aşkardır. Ancaq onu da bildirməliyik ki, Paşin­yan dünənki çağırışı ilə Ermənistanı və erməni xalqını sanki qəflət yuxusundan ayıltmaq istəyir. Onun mesajı təxminən budur: Qarabağdan ayrı da dünya var. 

***

Müstəqillik bəyannaməsinə həsr olunmuş mətn müstəvisində Paşinyana qəzəb püsgürtüsünün daha bir səbəbi sözügedən mətndə 2020-ci ilin 44 gün­lük müharibəsinin yada salınmasıdır. Paşinyan deyib ki, müharibədən əvvəl, xüsusən sonra bəyannamənin mətnini dəfələrlə oxuyub. “Və etiraf etməliyəm ki, müharibədən sonrakı mütaliələrin təəssüratları müharibədən əvvəlki mü­taliələrdən bir qədər fərqli idi”, – deyən Nikolun yanaşması nə qədər səmimi ifadə üslubuna malik olsa da, belə mü­nasibət bir siyasət adamına, ən əsası isə ölkənin ali postunu tutan şəxsə ya­raşmayan, onu kənardan gülüş obyek­tinə çevirən tərzdir. Nikolun fikrindən gəlinən nəticə odur ki, İkinci Qarabağ müharibəsi onu ağıllandırıb. 

Əslində, Paşinyanın ağıllanması pozitiv cəhətdir. Heç olmasa, bir ermə­ni düz yola gəlib və onun öz ölkəsində söz sahibi olması ikiqat müsbət hal­dır. Baş nazir müsbət olmayan duru­mu da açıqlayır. Onun sözlərinə görə, bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, Ermənistan sonda ölkəni Sovet İttifaqının bir hissəsi edən düs­tura əsaslanmış diskurs və məzmun seçib: “Bu isə regional mühitlə qar­şıdurma diskursudur. Bu diskurs bizi qonşularla daimi münaqişədə saxla­yır”.

Qeyd edək ki, Ermənistanın 23 avqust 1991-ci il tarixli müstəqillik bə­yannaməsinin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası adlan­mış saxta qurum tərəfindən 1 dekabr 1989-cu ildə verilmişdir. Hazırda məhz ikinci tarixə görə erməni avantürizminin təmsilçiləri Paşinyanın Qarabağı Azər­baycanın tərkib hissəsi kimi tanıması­nın qeyri-qanuniliyini iddia edirlər. 

Bəyannamədəki digər məqam isə 1915-ci ildə Osmanlı dövlətində baş verənlərin soyqırımı kimi göstərilməsi və hazırkı Türkiyənin sərhədyanı his­sələrinin Qərbi Ermənistan adlandırıl­masıdır. Bu, açıq-aşkar ərazi iddiasıdır. Yeri gəlmişkən, son dövrlər Ermənistan daxilindəki müzakirələr Paşinyanın bə­yannamədəki həmin müddəaya qarşı da cəbhə açdığını söyləməyə əsas ve­rir. Bu mövzuda diskussiya açanlar isə Nikolun ölkənin milli maraqlarını satdı­ğı qənaətindədirlər. 

N.Paşinyan bu nəticəyə gələrək: “indi başqa yolların nə olacağını bil­mirik və hara aparacağını dəqiq deyə bilmərik, amma artıq keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi bor­cumuzdur” – deyir. Erməni baş na­zirin baxışı budur ki, o, 2018-ci ildə vəzifəyə gəlməzdən əvvəl və ondan sonra ölkənin müstəqillik bəyannamə­sinə “İncil ehkamı”, yəni mütləq, toxu­nulmaz sənəd kimi yanaşırmış. “Hal­buki nə qədər fundamental olsa da, onun dərin təhlilə ehtiyacı var. Çünki bəyannamə sonrakı nəticələri olan siyasi sənəddir”, – deyən baş nazirə bu məqamda da haqq qazandırmaq mümkündür. Çünki, əslində, müasir Ermənistanın üzləşdiyi acınacaqlı du­rumun kökündə dayanan sənəd elə həmin müstəqillik bəyannaməsidir. 

Nəhayət, Paşinyan ölkəsinin istiqlal bəyannaməsinin qəbulunun 33-cü il­dönümü münasibəti ilə özünün baş­çılıq etdiyi hökumətin sülh gündəliyini müstəqilliyin gündəmi olaraq göstərir. Onun sözlərinə görə, regionda sülh yaransa, Ermənistanın müstəqilliyi də daimi olacaq. “Sülh olana qədər isə SSRİ-nin ruhu bizim səmamızda, rayo­numuzun səmasında uçacaq”, – deyən Nikolun ölkə əhalisini anti-rus ovqatına köklədiyi də aşkardır. 

***

Sonda N.Paşinyan bir qədər pafosa üstünlük verir. O, müstəqilliyi, suveren­liyi və demokratiyanı seçdiyini deyir. Ardınca “Ermənistan Respublikasının vətəndaşı müstəqilliyi, suverenliyi, de­mokratiyanı seçir” də deyə populizmi işə salan Nikola bəzi məqamları xatır­latmağa ehtiyac var: 

Birincisi, Paşinyan 44 günlük mü­haribənin ona, necə deyərlər, dərs ol­duğunu dilə gətirsə də, səhv səhvdir, xəyanət isə xəyanət. Bəs, Paşinyanın xəyanəti nədədir? O, barəsində söz açarkən ağzını köpükləndirdiyi de­mokratiyaya xəyanət etmişdir. Çünki demokratiya egidası altında iqtidara yiyələnmiş Nikol nədənsə ali dəyərləri, qonşularla normal münasibətləri seç­mədi, öz musiqisini tipik erməni avan­türizminin notları üzərində köklədi. 

İkincisi, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, “yeni ərazilər uğ­runda yeni müharibə” və sair bu sayaq anarxist şüarlar da Nikol tərəfindən dövriyyəyə buraxıldı. Ermənistana, obrazlı desək, qapıdan yox, bacadan daxil olmuş kövrək demokratiya mehi taybatay açıq qapılardan içəri soxula­raq özünə məkan tapmış avantürizm küləyinin yedəyində qaldı. Ölkə və onun ictimai rəyi üçün bugünkü çıxıl­maz durum bu aqibətin nəticəsində formalaşıb. 

Üçüncüsü, N.Paşinyanın filosof­casına danışmasına ehtiyac yoxdur. O, danışdıqlarını əməli iş müstəvisinə gətirməlidir. Bunun üçün bütün sədləri aşmağı bacarmalıdır. O, bunu edirmi? Xeyr! O qətiyyətlidirmi? Yox! Demə­li, indiki halda Nikol da digərləri kimi, ölkənin iflasına gözü ilə görüb müqa­vimət göstərməyənlərdən, acizlərdən və siyasi qısırlardan biridir. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət