On yeddi yaşlı Elen “real təhlükə” mənbəyidir

post-img

Yeniyetmə qız bir cümləsi ilə qondarma rejimin yuxusunu necə ərşə çəkdi? 

Yalanla doğrunun, utopiya ilə reallığın sərhədində azıb qalmış erməni cəmiyyətinin başı hələ də daşnakların, radikal-revanşistlərin boş hay-küyünün yaratdığı dumandan ayılmır. İllərlə beyinlərinə pərçim edilmiş ehkamları silib-təmizləmək nə qədər çətin olsa da, reallığa və həqiqətə qovuşmağın başqa yolu yoxdur. Xislətlərini sarımış şovinizm adlı xəstəliyin zərərli və yoluxucu virusundan xilas olmağın da bir yolu var: ədalətli olmaq, haqqı danmamaq!

Azərbaycanın Qarabağ iqtisadi ra­yonunda yaşayan erməni sakinlər La­çın yolundan qorxu-hürküsüz, rahat formada, son günlər isə kütləvi şəkildə istifadə etməyə başlayıblar. Bu zaman onlar yolun üstündəki Həkəri sərhəd postundakı pasport-gömrük nəzarətin­dən keçərkən öz razılıqlarını bildirmək­dən də çəkinmirlər. Yazılı və elektron media özündə bu səhnələri əks etdirən foto–videogörüntülərlə doludur. Qaraba­ğın erməni sakinləri onlara yaxınlaşan jurnalistlərin suallarını cavablandırmaq­dan, sərhəd postunda gördükləri barə­də fikirlərini bölüşməkdən çəkinmirlər. Düşünə bilərsiniz ki, burada qeyri-adi nə var? Amma var imiş. Belə açıqlamalar bəzi qüvvələr üçün qeyri-adidən daha böyük, ciddi “əhəmiyyət kəsb edən”, hər cür saxtakarlıqla apardıqları ideoloji mü­haribələrə qarşı “kompromat” xarakterli təhlükə mənbəyidir. 

Narahatlığın əsl səbəbi

Qarabağdan Ermənistan tərəfə keçən 17 yaşlı tələbə Elen Arustam­yanın telekanala söylədikləri də, ilk baxışda normal, siyasətdən uzaq bir açıqlama idi. Gənc qız, sadəcə, sərhəd məntəqəmizdə şahidi olduğu vəziyyəti dilə gətirərək burada yaradılan şəraitdən razılığını ifadə edib, hər şeyin qaydasın­da olduğunu deyib. O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu da bildirib. Yəni, Elen özü, kənardan heç bir “öyrədilmə” olmadan həqiqəti söylə­yib. İntəhası, onun ağlına da gəlməzdi ki, bu açıqlaması ilə Xankəndidəki separat­çı rejimin “blokada”, “etnik təmizləmə”, “karvan şousu” kimi dezinformasiyaları­nı, yerli və beynəlxalq ictimaiyyətə sırı­mağa çalışdığı siyasi avantürasını göy­dən yerə çırpıb. Birinci kurs tələbəsi heç düşünməzdi ki, o, şahidi olduğu faktı, real mənzərəni dilə gətirməklə “blokada” təbliğatına, “soyqırımı” yalanına sarsı­dıcı zərbə vura bilər. Elen, yəqin ki, bu hərəkəti ilə həm də Qarabağda yaşayan həmyerlilərində Azərbaycan cəmiyyətinə reinteqrasiya meyillərinin cücərməyə başlamasına işarə vurduğunu da ağlının ucundan belə keçirməyib. 

Xankəndidəki separatçı-kriminal ün­sürlərin Laçın postunda baş verən “insi­dentdən” bərk narahat olduqları uzaqdan duyulur. Təkcə “Şeytan yuvasına” çevir­dikləri Xankəndidə deyil, Hayastanın özündə də bomba effekti vermiş bu olay incə bir mətləbin də üzərindən boz pər­dəni götürmüş oldu. Bu gün bir nəfərin, sabah on, o birisigün yüz nəfərin etiraf edəcəyi həqiqət Qarabağımızdakı həmin xunta rejiminin sonunu yaxınlaşdıracaq. 

Kəmsavad “ombudsman” çağırış edib 

İrəvanda təhsil alacaq 17 yaşlı ermə­ni tələbə qıza qarşı qarayaxma, mənəvi zəhərləmə, psixoloji təzyiq kampaniyası başlayıb. Bu kampaniyaya “dqr rəsmi­sindən” maraqlı reaksiya gəlib.

“Psixoloji toxunulmazlığına, 17 yaşlı uşağın şərəf və ləyaqətinə qeyri-qanunu müdaxilə ilə lentə aldığı video-görüntü­nü sosial şəbəkədə yayan Azərbayca­nın çirkli təbliğat maşınının növbəti al­çaq addımı” kimi qələmə verən, “dqr”-in ombudsmanı” Qegam Stepanyan pay­laşım edib. “Armenpress” Xankəndidəki separatçı rejimin “rəsmisinin” dilindən yazır ki, Azərbaycan tərəfinin mediamə­kanda yaydığı bu informasiya “özünün Laçın dəhlizi (?) ilə sərbəst hərəkətin tə­min edilməsi barədə yalan bəyanatlarına haqq qazandırmaq üçün əvvəlcədən ha­zırlanmış və həyata keçirilmiş plandır”. 

Elenə canıyananlıq göstərən “om­budsman” həmin videomaterialı yay­maqdan çəkinməyə və 17 yaşlı qızın ünvanına yersiz hücumlara və təhqirlərə son qoymağa çağırıb. Yəni, o videosü­jetə baxan Elen yaşındakı erməni gənc­ləri birdən özlərinə sual verə bilərlər ki, “blokada hansı yoldadır? Biz axı onu görmədik”. Sonra da o gənclər gözlərinin qarşısına BMT Təhlükəsizlik Şurasında Hayastan hakimiyyətinin sonuncu və rə­zil məğlubiyyətini gətirsinlər və bu barə­də yaxşı-yaxşı düşünsünlər. Beynəlxaq qurumun öz nizamnaməsini, üzvü olan Azərbaycanın sərhəd toxunulmazlığını əsas götürərək, erməni saxtakarlığına inanmadığına, suverenliyimizə sayğısız­lıq göstərmədiyinə əmin olsunlar. Ondan sonra qərar verməyi, fikrində və mövqe­yində düzgün seçim etməyi cavanların öz öhdəsinə buraxırıq...

Utanmadan, çəkinmədən hələ də Laçın yolundakı sərhəd postumuzu “qeyri-qanuni” adlandırmalarına, Vaqif Xaşatryan olayına baxmayaraq, son günlər daha çox Qarabağ ermənisi bu yoldan istifadə edir. Verilən məlumat­lara görə, təkcə bir gün ərzində Həkəri nəzarət-buraxılış məntəqəsindən Gorus istiqamətinə 60-a yaxın erməni sərbəst keçid edib. Həm də tam sərbəst və rahat şəkildə. 

Elenlərin sayı gündən-günə çoxalacaq 

Qarabağda, Laçın yolunda Bakıdan asılı olmayan proses başlanıb. Bu pro­sesə “köç” də demək olar. Artıq neçə gündür Beynəlxalq Qırmızı Xaç Komitə­si (BQXK) əməkdaşlarının müşayiəti ilə Qarabağdan Ermənistan istiqamətinə 9 avtomobildən ibarət karvan buraxılıb. Həmin maşınların içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb iş­çisi və xəstələrdən ibarət, ümumilikdə, 57 şəxsin maneəsiz hərəkətinə şərait yaradılıb. Onların ardınca bir qrup tələ­bə Ermənistana keçmək üçün Həkəri körpüsündəki sərhəd nəzarət-buraxılış məntəqəsinə gəlib. Bu zaman Azərbay­can tekekanalının müxbiri Elen Arustam­yan soyadlı tələbədən soruşub: “Sərhədi təhlükəsiz və maneəsiz keçdiniz? Razı­sınızmı?” Elen suala müsbət cavab verir və əlavə edir ki, hər şey normaldır. Vi­deo “Facebook”un erməni seqmentində paylaşılandan sonra 17 yaşlı qız hay­ların hədəfinə çevrilib, sosial şəbəkədə ona qarşı təhqiramiz və alçaldıcı ifadələr baş alıb gedir. Qarabağdan Ermənistana təhsil almağa gedən 17 yaşlı Elen Arus­tamyana qarşı saysız-hesabsız təhqirlər, nalayiq söyüşlər, hədələr, son dərəcə dözülməz şərhlər dayanmaq bilmədən davam edir. 

Həqiqətdən qaçanların “hörümçək toru”

Polyak rejissoru Yeji Qofmanın 1982-ci ildə lentə aldığı “Loğman” («Знахарь») melodramı çox maraqlı sü­jet xəttinə malikdir. Ölümcül döyülərək qarət olunan, bu səbəbdən yaddaşını itirən, “itkin düşmüş” sayılan məşhur cər­rah-professor Vilçurun Marısya adında qızı vardı. Atasız böyüyən Marısya təh­silini başa vurub paytaxt Varşavadan üz tutduğu yad əyalətdə mağazada satıcı işləməklə başını dolandırır. Bu kənd­də hamı cəmiyyətin və təbiətin ədalət və paklıq qanunlarının əksinə yaşayır. Kişiləri əyyaş, qadınları pozğun olan bir mühitdə Marısya saflığın və təmizli­yin rəmzidir. Qara qarğaların içində ağ qarğa kimi yaşamaq çətin və dözülməz olduğu kimi, Marısyanı da bu çirkaba bu­laşmaq aqibəti gözləyir. Amma o, iradəsi və dürüstlüyü ilə onu izləyən acı tale­yinə müqavimət göstərir. Hətta bu yolda “ölümə məhkum” edilsə belə, inadından dönmür, inandığı həqiqətə tapınır. Və sonda qələbə çalır. 

17 yaşlı Elen də gördüyü və əmin olduğu həqiqəti dilinə gətirib. Amma o, bununla həm də daşnak-separatçı-re­vanşist çetenin cinayət əməllərinin üzə­rindən yalan pərdəsini götürmüş oldu. İndi həmin quldur dəstəsinin və onların beyinlərini yuduğu kütlənin qınaq ob­yektinə çevrilən, sosial şəbəkədə iyrənc təhqirlərə, əxlaqsız söyüşlərə məruz qa­lan Elenin hansı hissləri keçirdiyini təsəv­vür etmək çətin deyil. Qorxma, həqiqətin yanında dur, Elen! İnan, bu gün dediyin həqiqət çətin anlarında da, bütün həya­tın boyunca da sənin yardımçın olacaq. 

Yalanın, riyakarlığın deyil, həqiqətin yanında səf duracaq Elenlərin sayının artacağına əminik. Onlar çoxaldıqca xəstə hay çetesinin dairəsi qapanacaq və hörümçək kimi özlərinə toxuduqları xəyanət torunun içində məhv olacaqlar. 

P.S. Dünən Xankəndi–Gorus is­tiqamətində Laçın nəzarət-buraxılış məntəqəsindən keçən yaşlı erməni post­da sərbəst keçidin təmin olunmasından razılıq edib. O, bu barədə azərbaycanlı media mənsublarına açıqlamasında de­yib. Jurnalistlərin “Necə keçdiniz, sizə hansısa maneə yaradıldımı?” – sualına Qarabağ ermənisi Azərbaycan dilində “qəşəng” cavabını verib. İndi doğrunu söyləyən bu ağsaqqalı bir kəlmə sözünə görə İrəvanda yüngülsaqqalmı edəcək­lər?! 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət