6 qiqavatlıq əlavə güclərin 80 faizi ixrac ediləcək
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanda uğurla həyata keçirilməsi, sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strategiyanın yüksək səviyyədə reallaşdırılması ölkəmizin dünya enerji xəritəsində mövqeyini əsaslı şəkildə möhkəmləndirib və respublikamızı dünyada əsas enerji təminatçılarından birinə çevirib. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa tərəfindən yüksək dəyərləndirilir və artıq ölkəmiz dünyada əsas enerji təminatçılarından biri kimi tanınır. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq...”.
Beləliklə, Ulu öndərin uzaqgörənliklə əsasını qoyduğu enerji siyasəti 30 ilə yaxındır ki, uğurla davam etdirilir. Bununla da Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığı getdikcə genişlənir, iqtisadiyyatın inkişafı sürətlənərək, dünya iqtisadiyyatında payı artır. Belə bir şəraitdə isə milli təhlükəsizliyin, iqtisadi və strateji maraqların qorunması üçün əlverişli şərait yaranır–zəruri olan maliyyə potensialı möhkəmlənir.
Burada onu da qeyd etmək yerinə düşər ki, son illər ərzində təkcə neft-qaz sektorunda deyil, eyni zamanda, bərpaolunan enerji sahələrində də nəzərəçarpacaq uğurlar əldə olunur. “Advisian” konsaltinq şirkətinin hesabatına əsasən, qaz kəmərinin profilinin dəyişdirilməsi kimi iqtisadi cəhətdən səmərəli nəqliyyat tədbirləri görüləcəyi təqdirdə Azərbaycan “yaşıl hidrogeni” Avropanın hər hansı yerindən daha ucuz qiymətə istehsal edə bilər. Çünki ölkəmiz təbii qaz ehtiyatları sayəsində “mavi hidrogen” bazarının inkişafı üçün böyük potensiala malikdir. Bu da Avropada ekvivalent istehsalla müqayisədə, xərcləri azaltmağa imkan yaradır.
Lakin bu zaman təbii qazın gələcək qiymətləri, nəqliyyat və karbon qazının (CO2) tutulmasına çəkilən xərclər, həmçinin saxlanma yerləri kimi amillər nəzərə alınmalıdır. “Advisian” şirkətində hesab edirlər ki, “mavi hidrogen” həm də normativ tələblərə əməl olunması, nəzarət olunmayan tullantıların azaldılması üçün əlavə investisiya tələb edir.
Atlantik Şuranın (Atlantic Council) Qlobal Enerji Mərkəzinin baş elmi işçisi Çarlz Ellinasun bu məsələ ilə bağlı fikirləri də diqqət çəkir. Onun sözlərinə görə, Azərbaycan Avropaya ixrac məqsədilə ekoloji təmiz hidrogen istehsalını inkişaf etdirmək üçün resurslara və lazımi infrastruktura malikdir. Çarlz Ellinas daha sonra Avropanın 2050-ci ilədək tullantıların səviyyəsini sıfıra endirməyi qarşıya mühüm vəzifə kimi qoyduğunu bildirir və əlavə edir ki, bunun üçün təbii qaz istehlakını əvəzləmək üçün “yaşıl enerji” tədarükünü artırmaq zəruridir.
Yeri gəlmişkən, Çarlz Ellinas qeyd edib ki, Beynəlxalq Enerji Agentliyi (IEA) də Azərbaycanı həm daxili istifadə, həm də ixrac üçün bərpaolunan enerji mənbələri baxımından mühüm potensiala malik ölkə kimi dəyərləndirir. Bildirir ki, respublikamızda Avropaya ixrac məqsədilə “yaşıl hidrogen” istehsalının reallaşdırılmasını şərtləndirən resurs və lazımi infrastruktur mövcuddur. Avropanın “yaşıl hidrogen” üzrə hədəflərinə çatmaq üçün məhdud daxili potensialını nəzərə alsaq, onun idxala ciddi ehtiyac duyduğu açıq görünür. Bu isə respublikamızın qarşısında əlverişli imkanlar imkanlar açır.
Atlantik Şuranın (Atlantic Council) Qlobal Enerji Mərkəzinin baş elmi işçisi daha sonra daxili qaz istehlakının bərpaolunan enerji mənbələri ilə əvəzlənəcəyi təqdirdə qaz həcmlərinin ixracdan azad olunacağını da bildirir: “Azərbaycanda bu yolla Avropaya 20 milyard kubmetrdək qaz ixracı üçün kifayət qədər “mavi yanacaq” hasilatının reallaşdırması mümkündür. Artan qaz həcmlərinin tədarükü məqsədilə TAP-ın imkanlarının genişləndirilməsi avropalı idxalçılardan uzunmüddətli sazişlər bağlamağı tələb edir”.
Son illərə qədər bu məsələnin həllinə inamsızlıqla yanaşılırdı. Lakin hazırda Avropanın hələ uzun müddət qaza ehtiyacı olacağı getdikcə daha çox anlaşılır və buna görə hazırda Qətər və ABŞ-dan tədarükçülərlə maye təbii qaz idxalı üzrə uzunmüddətli sazişlər imzalanır. Azərbaycan bundan yararlanaraq Avropaya qaz tədarükünü artıracağına və etibarlılığına zəmanət verir. Bu məqsədin gerçəkləşməsi isə lazımi infrastrukturun böyük hissəsini, Cənub Qaz Dəhlizi ilə genişləndirmə layihəsini həyata keçirmək daha asandır. Yeganə tələb isə qaz tədarükü üzrə uzunmüddətli sazişlərin bağlanmasıdır.
Əlbəttə, xarici ekspertin Azərbaycanın Avropaya “yaşıl enerji” ixracı imkanlarını yüksək dəyərləndirməsi təsadüfi deyil. Bu, bu bir tərəfdən ölkəmizdə mövcud siyasi sabitlik və davamlı iqtisadi inkişafla bağlıdırsa, digər tərəfdən isə güclü bərpaolunan enerji potensialı ilə əlaqədardır. Faktlar da bunu təsdiqləyir. Məsələn, dövlətimizin başçısının çıxışlarının birində bildirdiyi kimi, respublikamızın quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Ölkə rəhbəri 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsal olunacağının planlaşdırıldığını və həmin göstəricilərin 80 faizinin ixraca yönəldiləcəyini, ümumiyyətlə, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclər yaradılmasının nəzərdə tutulduğunu söyləyib: “Təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. Azərbaycanın Energetika Nazirliyi imzaladığı qlobal enerji şirkəti ilə çərçivə sazişinə əsaslanaraq Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində, ən azı, 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.
Xatırladaq ki, Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə Edilməsinə Yardım Proqramı”nda da Azərbaycanın dənizdə külək enerjisinin texniki potensialı 157 GVt olaraq qiymətləndirilir. Belə bir göstərici isə hazırda ümumi quraşdırılan, təqribən, 8 GVt güc ilə müqayisədə çox böyük göstəricidir.
Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən dərc edilən “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi” ölkənin 2040-cı ilədək dənizdə ümumi quraşdırılmış gücü 7 GVt olan külək elektrik stansiyası quraşdırmaq potensialına malik olduğundan xəbər verir. Bu, 69 min insan ilindən çox tam məşğulluğu və yerli səviyyədə 7 milyard ABŞ dollarınadək ümumi əlavə dəyəri təmin edə bilər.
Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən aparılan tədqiqat da ölkəmizdə ekoloji cəhəfdən təmiz hidrogen istehsalının məqsədəuyğun olduğunu təsdiq edir.
“ACWA Power” və “MASDAR” ilə sazişlər, həmçinin Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavat enerji üzrə saziş də Avropaya enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm daşıyır.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa tərəfindən yüksək dəyərləndirilir və artıq ölkəmiz dünyada əsas enerji təminatçılarından biri kimi tanınır. Külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanılması da bunun bariz ifadəsidir.
Qeyd edim ki, ölkəmiz zəngin bərpaolunan enerji potensialı Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad ediləndən sonra daha da güclənib. Belə ki, bu iqtisadi rayonları alternativ və bərpaolunan enerji mənbələri ilə zəngindir. Elə buna görə də Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərlə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilər “yaşıl enerji” zonasına çevriləcək əsas istiqamətlərdən biri kimi qəbul olunub.
Düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Bu torpaqlarda aparılan quruculuq tədbirlərində “yaşıl enerji” layihələrinə daha çox üstünlük verilir. Həmçinin Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biri kimi tanınır.
Bu istiqamətdə “yaşıl elektrik” enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçın, Kəlbəcər və Suqovuşanda 20,2 MVt gücündə 4 su elektrik stansiyasının bərpası başa çatdırılıb və artıq istismara verilib. Belə ki, Həkəri çayı üzərində yerləşən 8 MVt gücündə “Güləbird” SES, Tərtər rayonu ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt “Suqovuşan-2” kiçik su elektrik stansiyaları, o cümlədən 4,4 MVt gücündə “Kəlbəcər-1” kiçik su elektrik stansiyası işğaldan azad olunmuş sahələrin və bu ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin elektrik enerjisi ilə təmin olunmasını gerçəkləşdirib.
Regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir və inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması da mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”