Qarabağda yol infrastrukturunun tikintisini layihələndirən “Proyapı” 2023 dünya reytinqində 138-ci, Türkiyə şirkətləri arasında 2-ci oldu

post-img

Qarabağda yol infrastrukturu layihələrinin reallaşdırılmasında iştirak edən “Proyapı” beynəlxalq şirkəti Engineering News-Record 2023 reytinqinə əsasən, dünyanın ən prestijli tikinti layihələrini həyata keçirən firmalar arasında 138-ci yerə yüksəlıb. “Proyapı”  həmçinin, Türkiyə şirkətləri arasında 2-ci yeri tutub. 

Bu barədə “Xalq qəzeti”nə “Proyapı” şirkətinin Azərbaycandakı İdarəetmə Heyətinin sədr müavini Akif Aygen məlumat verib. O, bildirib ki, "Proyapı" 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb. 

“Proyapı” şirkəti Azərbaycanda avtomobil yollarının tikintisi və layihələndirilməsi sahəsində təqribən 50- dən çox layihə həyata keçirib. “Hazırda biz Qarabağda yol infrastrukturunun tikintisində iştirak edirik və bu fəaliyyətimizlə qürür duyuruq. Qarabağ layihələri arasında Fizuli-Şuşa avtomobil yolu olan “Zəfər yolu”, Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi, Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd, Füzuli-Ağdam avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətlərimz var ”.

“Proyapı” şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen əlavə edib ki, Gəncə şəhərini Kəlbəcərlə birləşdirəcək avtomobil yolunda inşa olunan, Murovdağ silsiləsindən keçəcək tunelin  inşasının  2025-ci ildə tamamlanması gözlənilir. Uzunluğu 11 638 metr olan tunel dünyadakı ən uzun tunellərdən biri olacaq. 

Qeyd edək ki, “Proyapı” fərqli sahələrdə peşəkar mühəndislik və layihələndirmə xidmətləri göstərən beynəlxalq şirkətdir. Şirkətin Ankaradakı baş ofisi ilə yanaşı, İstanbul, Bakı, Küveyt, Bişkek və Sarayevoda da ofisləri var. “Proyapı”nın  fəaliyyət sahələrinə Nəqliyyat sektoru (magistral, dəmiryolu, metro və yngül rels sistemləri); Su Quruluşları (bənd, gölməçə, suvarma SES); Saxlama; Üst tikililər (kütləvi yaşayış, inzibati və sənaye binaları  və s.) daxildir.

Şirkətin fəaliyyəti Orta Asiya, Şərqi Avropa, Yaxın Şərqdə texniki-iqtisadi əsaslandırmadan tutmuş mühəndislik xidmətlərinin konseptual dizaynına qədər, dəqiq dizayndan inşaat nəzarətinə qədər uzanır.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

İqtisadiyyat