Türkiyə, Azərbaycan və Gürcüstan dəmiryol rabitəsini birləşdirəcək

post-img

Üç dövlətin paytaxtları arasında yüksək sürətli sərnişin qatarının işə salınması planlaşdırılır

Tezliklə Türkiyə, Azərbaycan və Gürcüstan paytaxtları arasında sürətli sərnişin qatarları fəaliyyətə başlayacaq. Bu barədə avqustun 10-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşıma departamentinin icra başçısı Azər Fərəcov məlumat verib.

“Quru dövlətlərarası sərhədlərin açılması zamanı pandemiyadan sonrakı tədbirlər paketimiz çərçivəsində Bakı-Tbilisi-Ankara marşrutu üzrə “Stadler Rail Group” şirkətinin istehsalı olan sərnişin yataq vaqonlarından ibarət sürətli sərnişin qatarı fəaliyyətə başlaya bilər”,-deyə rəsmi nümayəndə bildirib.

Pandemiyadan əvvəl Gürcüstan və Azərbaycanın paytaxtları birbaşa dəmir yolu əlaqəsi ilə bağlanırdı. 2020-ci ilin martında Bakı koronavirusla bağlı məhdudiyyətlər tətbiq edib və Gürcüstanla quru sərhədini bağlayıb. Azərbaycana giriş yalnız hava nəqliyyatı ilə mümkündür.

2022-ci ilin avqustunda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirmişdi ki, Azərbaycan və Türkiyə rəsmiləri Ankara-Qars "Orient Express" sərnişin qatarının marşrutunun Tbilisi və Bakıya uzadılmasını müzakirə ediblər.

Onun sözlərinə görə, belə bir imkan yaxın illərdə də yaradıla bilər.

“Hazırda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin və Mərmərə xəttinin layihələri həyata keçirilir”, - nazir vurğulayıb.

TRT-nin daha əvvəl yazdığı kimi, 2023-cü ilin birinci yarısında Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşı olub. Gürcüstanın ümumi ticarət dövriyyəsində Türkiyənin payı 2022-ci illə müqayisədə 12,4% artıb.

 

İqtisadiyyat