Yüksək iqtisadi artıma və müasir keyfiyyətə keçid
Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda növbəti 5 ildə yeni inkişaf modelinin ölkəmizdə əsaslı keyfiyyət dəyişikliyi yaradacağı nəzərdə tutulur.
Bu mərhələdə yüksək, dayanıqlı, inklüziv iqtisadi artım templərini bərpa etməklə, hər bir vətəndaşın sabit təminatlı həyat səviyyəsinə nail olmaq qarşıya başlıca vəzifə kimi qoyulur. Həmçinin bu zaman başlıca vektor artımının səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanılacağı bildirilir.
Sənəddə strateji dövrdə yeni artım modelinin özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcəyi, dayanıqlı, inklüziv inkişafı gerçəkləşdirən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacağı diqqətə çatdırılır.
Strategiyada, eyni zamanda, bütün bunlarla yanaşı, rəqabətliliyin ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə sabit artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacağı, iqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşəcəyi əminliyi ifadə edilir, mühüm vəzifələr kimi önə çəkilir.
Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqlara malik insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik sayəsində yüksək məhsuldarlığa nail olunacağı inamı xatırladılır.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə sözügedən Strategiyada bir sıra dəyişikliklər edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Təranə Salıfovanın bu dəyişiklikdən irəli gələn məsələlərlə bağlı redaksiyamıza daxil olan şərhində deyilir:
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda edilən dəyişikliklərə əsasən, davamlı və yüksək iqtisadi artımın təmin olunmasına xidmət göstərən dəyişikliyə əsasən, adıçəkilən strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
Dəyişiklikdən əvvəl müvafiq göstəricilər ümumi dövlət borcunun ÜDM-də payının 20 faiz, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10 faiz ətrafında saxlanması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin 11 iyul 2023-cü il tarixində keçirilmiş cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, ötən dövr ərzində qoyulmuş hədəfə nail olunub, xarici dövlət borcumuz 6,7 milyard dollar təşkil etməklə ÜDM-in təxminən 10 faizini təşkil edib.
Müvafiq dəyişikliklərdən irəli gələrək 2023-cü ilin II yarımili üzrə strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorlarının illər üzrə bölgüsünü müəyyən edən İndikator cədvəli yenidən nəzərdən keçirilməklə aralıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq.
Yuxarıda qeyd etdiyimiz dəyişikliklər Azərbaycan Prezidentinin 2022-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə öz əksini tapıb.
Bununla yanaşı, Çərçivə sənədində bir sıra əlavə dəyişikliklər də edilib. Belə ki, xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədlərindən irəli gələrək prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borcun cəlb edilə biləcəyi qeyd olunub. Bu səbəbdən xarici dövlət borcunun ÜDM-yə nisbəti göstəricisi (10 faiz) xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi (10 milyard ABŞ dolları) ilə əvəzlənib.
Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.
“Xalq qəzeti”