Son 20 ildə Azərbaycana 300 milyard dollardan çox sərmayə yatırılıb
Ötən illər ərzində ölkə iqtisadiyyatına investisiya qoyuluşu diqqətdə saxlanılıb və nəticədə, yüksək göstəricilər əldə olunub. Bu uğurun əsasında isə respublikada gerçəkləşdirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi Prezident İlham Əliyevin yaratdığı müasir Azərbaycanın iqtisadi inkişaf modeli dayanıb.
Bu model ölkəmizin iqtisadi tərəqqisinə, iqtisadi inkişafın davamlı olmasına, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına möhkəm zəmin yaradıb. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Əgər iqtisadi gücümüz olmasaydı, Vətən müharibəsində parlaq Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.
Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsində mühüm rol oynayır.
Bax, elə bu və ya digər amillərin diqqət mərkəzində saxlanılması sayəsində 2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Təkcə 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manata yüksəlib. Bu dövrdə əsas kapitala yatırılan investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı qeyri–neft sektoruna yönəldilib. Bu dövrdə qeyri-neft sektoruna yatırılan investisiyanın həcmində 13,6 faiz artım qeydə alınıb.
Cari ilin yanvar–iyun aylarında isə ölkəmizdəki xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 939,4 milyon manat vəsait yönəldib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 838,3 milyon manatı (94,8 faizi) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.
Ümumiyyətlə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə yatırılıb. 2004-2021-ci illərdə ölkəyə 142 milyard dollar həcmində xarici investisiya qoyulub.
Dövlət başçısı İlham Əliyevin prezidentliyi müddətində qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar isə 7,2 dəfə artıb. Başqa sözlə, bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 200 milyard dollar həcmində investisiya yatırılıb. Azərbaycanın digər ölkələrin iqtisadiyyatlarına qoyduğu investisiyaların ümumi həcmi isə 28,3 milyard dollar təşkil edib. Eyni zamanda, iqtisadiyyatın kreditləşdirilməsi 25,5 dəfə yüksəlib.
İnvestisiya qoyuluşunun davamlı olmasını şərtləndirən məqamlar sırasında ölkəmizdə yaradılan sabitlik, əmin–amanlıq, xalq–iqtidar birliyi, milli həmrəylik kimi amillər də önəmli rol oynayıb. Xarici sərmayədarların respublikamıza genişhəcmli investisiya qoymaq marağı da daha çox bundan irəli gəlir.
Ölkədə iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir.
Onu da qeyd edək ki, respublikada formalaşan əlverişli biznes mühiti, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırıb. Bunun nəticəsi olaraq hökumət son 20 ildə investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici-institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu qanun investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.
Azərbaycan hökuməti tərəfindən bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması, habelə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli və çoxtərəfli sazişlər imzalanması da davamlı investisiya qoyuluşunu sürətləndirir. Bütün bunlarla yanaşı, ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də ölkədə investisiya mühitinin liberallaşdırılmasına, sərmayə qoyuluşunun genişlənməsinə böyük təsir göstərən amillərdən biridir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 30 mart tarixli sərəncamı ilə yaradılan Azərbaycan İnvestisiya Şirkəti də investisiya qoyuluşlarının təşviqi və qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Qurum investisiya şirkətlərinin və portfel investorların layihələrinin müştərək maliyyələşdirilməsi, investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb, ölkə şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmini, iri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması və digər istiqamətdə mühüm tədbirlər reallaşdırılır.
Ölkəyə xarici investisiyaların cəlb olunması, ixrac imkanlarının genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılan Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) da sərmayə qoyuluşu prosesində fəal rol oynayır. Fond ölkənin investisiya imicinin formalaşdırılması, yerli və xarici investorlara müxtəlif xidmətlərin göstərilməsi, investorların cəlbi və onlarla danışıqların aparılması, investisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması, Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması, “Azərbaycanda istehsal olunub” (“Made in Azerbaijan”) ticarət nişanının beynəlxalq səviyyədə təbliği kimi mühüm istiqamətlərdə səmərəli layihələr gerçəkləşdirir.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
İqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması məqsədilə aparılan islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə ölkəmizdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
Sonda onu da qeyd edək ki, Azərbaycanın qarşısında hazırda duran əsas vəzifələrdən biri də postmüharibə dövründə azad edilmiş ərazilərdə münbit investisiya və biznes mühitinin yaradılmasıdır. Bu gün ölkə rəhbərliyi səviyyəsində həyata keçirilən layihələr dünyanın müxtəlif nüfuzlu şirkətlərinin bu ərazilərdə qlobal biznes layihələrini reallaşdırmasını stimullaşdırır. Təkcə onu demək kifayətdir ki, postmüharibə dövründə işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyinə 1100-ə yaxın müraciət daxil olub. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən iş adamları var.
İş adamları əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələrə investisiya yatırmaq maraqlarını ifadə edirlər. Bundan əlavə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdə qərarlaşıb. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan hələ uzun illər ərzində xarici investorlar üçün cəlbedici biznes və investisiya məkanı olaraq qalacaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”