Ölkəmizin iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza yaradan “Əsrin müqaviləsi” çərçivəsində əməliyyatlar uğurla davam etdirilir. Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin yanvar-iyun aylarında da “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə tikinti-quraşdırma, qazma və hasilatla bağlı əməliyyatlar sahəsində yüksək nəticələr əldə edilib.
“BP-Azərbaycan” şirkətinin 2023-ci ilin birinci yarısının nəticələrinə dair hesabatına əsasən, yanvar-iyun aylarında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 232 milyon dollar, əsaslı məsrəflərinə isə 746 milyon dollar xərclənib.
BP şirkəti və tərəfdaşları bu ilin ilk yarısında “Yeni əsrin müqaviləsi” adlandırılan neft layihəsi çərçivəsində bir sıra uğurlara imza atıblar. İlin əvvəlindən “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri qrafik əsasında davam etdirilib. Belə ki, ötən 6 ay ərzində ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınaraq suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Qurğu martın 16-da dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanılıb.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri isə Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam etdirilib. Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğunun dənizə yola salınmazdan öncəki hazırlıq vəziyyəti ilə tanış olub.
Cari ilin ilk yarısında üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları da uğurla başa çatdırılıb. Bu işlərə isə qazma qurğusunun işə salınması və sınaq əməliyyat işlərinin aparılması müddətinin bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin, bütövlükdə, əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi. Belə təhlükəsizlik sınağı ilk dəfə quruda, həm də azot qazından istifadə edilməklə icra olunub. Əvvəllər isə belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq. Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırılaraq yükləmə çərçivəsi qurğusunun üzərinə endirilib ki, oradan da daşıma barjının üstünə sürüşdürülsün.
May ayının 30-da STB-1 daşıma barjı Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirilib və üst modulların barja yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlanıb. İyul ayının 2-də isə üst modullar STB-1 barjının üzərinə yüklənib. Artıq qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmaq üçün tam hazır vəziyyətə gətirilib.
İlin birinci yarısında, həmçinin sualtı izolyasiya konstruksiyası işə salınıb və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Bundan əlavə, dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini yekunlaşdırıb. Hesabat dövründə Mərkəzi Azəri platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da başa çatdırılıb. Bütövlükdə isə, ikinci rübün sonunadək ACE layihəsi üzrə işlərin 89 faizi uğurla yekunlaşdırılıb.
Cari ilin yanvar-iyun ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. Hesabat dövründə AÇG-də, ümumilikdə, 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. Bu ilin ötən dövründə istismarda olan 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 375 min barel və ya ümumilikdə, təxminən, 68 milyon barel, yəni 9 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 23 min bareli “Çıraq”, 98 min bareli “Mərkəzi Azəri”, 91 min bareli “Qərbi Azəri”, 61 min bareli “Şərqi Azəri”, 67 min bareli “Dərinsulu Günəşli” və 35 min bareli “Qərbi Çıraq” platformalarının payına düşüb.
AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Belə ki, 6 ay ərzində müqavilə sahəsində 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanaraq istismara daxil edilib.
2023-cü ilin birinci yarısında AÇG və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Yanvar-iyun aylarında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə, isə 1,1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Cari ilin yanvar-iyun aylarında terminaldan 115 milyon bareldən çox neft və kondensat ixrac olunub. Bunun da 114 milyon bareli Bakı-Tbilisi-Ceyhan, 1 milyon bareli isə Bakı-Supsa kəmərlərinin payına düşüb. İlin ilk altı ayı ərzində terminaldan, həmçinin gündəlik orta hesabla, təxminən, 72 milyon kubmetr Şahdəniz qazı göndərilib.
Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2023-cü ilin yanvar-iyun aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin bu ilin birinci yarısının nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 59 milyon dollar, əsaslı məsrəflərinə isə 18 milyon dollar xərclənib.
Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 15 milyon ton xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2023-cü ilin ikinci rübünün sonunadək 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Yeri gəlmişkən, yanvar ayının 18-də BTC vasitəsilə 4 milyard barel neft ixracına nail olunması əlamətdar bir uğur kimi qeyd edilib.
Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, adıçəkilən kəmər vasitəsilə Qazaxıstan və Türkmənistana məxsus xam neft və kondensat həcmləri də nəql olunur.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”