Bu yolla 2030-cu ilə qədər 30 milyon ton yük daşınması nəzərdə tutulub
Rusiyanın nəqliyyat naziri Vitali Savelevin mediaya məlumatında Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin zəruri seqmentini təşkil edən Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun 164 kilometrlik Rəşt–Astara hissəsinin tikintisinin 2028-ci ildə yekunlaşacağı bildirilib. Açıqlamada dəmir yolu hazır olduqdan sonra bu infrastrukturla il ərzində 1 milyon konteyner daşınmasının planlaşdırıldığı da qeyd edilib. Yolun Qəzvin–Rəşt hissəsi isə 2018-ci ildən istismardadır.
Qəzvin–Rəşt–Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun bir hissəsi olan Rəşt-Astara dəmir yolu respublikamızla İranın dəmir yolları sistemlərini birləşdirəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən bu polad magistral ilə Avropa və Asiya arasında yükdaşımalar həyata keçiriləcək. Cənub Şərqi Asiya ölkələrindən yüklər İran və Azərbaycan ərazisindən Rusiyaya və Avropaya daşınacaq. Hindistanın Mumbay limanından çıxan yüklər İranın Bəndər-Abbas limanına, oradan isə qatarla Azərbaycan və Rusiyaya, eləcə də Avropaya çatdırılacaq.
Yeri gəlmişkən, cari ilin yanvar ayında Rəşt–Astara dəmir yolu tikintisinin gedişi barədə Rusiya mətbuatının yaydığı xəbərdə bu ölkənin sərmayəsi ilə həmin layihənin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin çatışmayan halqası kimi 3 il ərzində inşasının nəzərdə tutulduğunu, bunun da verilən proqnozdan bir il az olduğu bildirilirdi. Eyni zamanda, razılaşmaya əsasən, iranlı podratçıların dəmir yolu xətti infrastrukturunu tam şəkildə həyata keçirəcəkləri vurğulanırdı.
Qeyd edək ki, o zaman Rusiya Prezidenti Vladimir Putinin xüsusi köməkçisinin rəhbərlik etdiyi nümayəndə heyəti də ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin rəsmiləri ilə birlikdə Rəşt-Astara dəmir yolu xəttində olmuş və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmışdılar.
Xatırladaq ki, 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında Şimal-Cənub Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə tərəfindən sözügedən sənəd ratifikasiya edilib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).
Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı müvafiq saziş imzalayan adları çəkilən ölkələr qarşısında 2030-cu ilə qədər bu infrastrukturla 30 milyon ton tranzit və ikitərəfli yüklərin daşınması mühüm vəzifə kimi qoyulub. Tərəflərin dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının, habelə prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrup da yaradılıb.
Qeyd edək ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi bütün region dövlətləri, o cümlədən qonşu İran üçün də mühüm önəm daşıyır. Bu baxımdan təkcə Rəşt-Astara dəmir yolu həm Rusiya, həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir.
Qeyd edək ki, Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinin davamı olan Rəşt-Astara xətti İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək. Avropa və Rusiyadan Hindistana və digər Cənub Şərqi Asiya ölkələrinə yüklər məhz bu yolla daşınacaq. Yüklərin əks istiqamətə də bu yolla daşınması neft ixracatçısı olan Rusiya, İran və Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək, bu ölkələr logistika mərkəzinə çevriləcək və büdcəyə əlavə valyuta axını təmin olunacaq.
Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert
Bir sıra dövlətlər, o cümlədən Rusiya tərəfindən Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolunun tezliklə inşa etdirilib başa çatdırılmasına böyük maraq göstərilir. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rusiya bu yolun elektrik xətlərinin çəkilməsi ilə yanaşı, onun tikintisinin sürətləndirilməsi üçün yardım edəcək.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan bu yolla yüklər Rusiyadan Fars körfəzi ölkələri, Hindistan və digər Cənub Şərqi Asiya ölkələrinə daşınacaq.
İrana tətbiq olunan iqtisadi sanksiyalar yolun tikintisinə üçün maliyyə vəsaitinin ayrılmasına maneələr yaradır. Rusiya Rəşt-Astara dəmir yolunun tez bir zamanda istifadəyə verilməsinə çalışır ki, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirsin. Azərbaycan ərazisindən keçəcək bu yol Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək. Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikələri yerinə yetirib. Yol hazır olduqdan sonra hər 3 dövlətin ticarət və tranzit əlaqələri artacaq ki, bu da büdcə gəlirlərinə valyuta axınını reallaşdıracaq.
Mühüm önəm daşıyan bu polad magistral Qəzvin-Rəşt-Ənzəli-Astara marşrutu ilə Azərbaycanın dəmir yolu xəttinə qoşulacaq. Bununla da o, beynəlxalq əhəmiyyətli dəmir yoluna çevriləcək. Çünki İran dəmir yolu xəttinin sözügedən marşrut ilə Azərbaycana birləşməsi ilə Hindistandan Avropanın Helsinki limanınadək olan 5 min 200 kilometrlik dəmir yolu xətti yaranacaq. Bu, təbii ki, beynəlxalq dəmir yolu xətti sayılacaq. Bu birləşmə ilə yüklərin daşınma müddəti 45 gündən 20 günədək azalacaq, məsafə isə təxminən 3 min kilometr qısalacaq. Bu, dəmir yolu daşımalarında böyük hadisədir.
Layihənin yalnız birinci mərhələsinin başa çatması İranla Azərbaycan arasında yük daşımalarının 10 dəfəyədək artımını təmin edəcək. Bundan başqa, iki ölkənin dəmir yollarının birləşdirilməsilə mal mübadiləsinin həcmi ildə 5 milyon tonadək artacaq.
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).
Yeri gəlmişkən, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan seqmenti olan və yeni inşa edilən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun İranla dövlət sərhədinədək olan hissəsinin tikintisi də yekunlaşmaq üzrədir. Layihə Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-cü kilometrlik hissəsindən başlayaraq 3,05 kilometrlik hissəsini əhatə edir. I texniki dərəcəyə uyğun olaraq inşa edilən yol 4 hərəkət zolaqlı olmaqla eni 26,5 metrdir.
Yolun tikintisi Şimal–Cənub Nəqliyyat Dəhlizi üzrə qonşu ölkəyə, o cümlədən əks istiqamətdə gedən avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Bundan başqa avtonəqliyyat vasitələrinin Astara şəhər mərkəzinə daxil olmadan hərəkətini reallaşdıracaq ki, bu da həm əhalinin, həm də yoldan istifadə edən sürücülərin rahatlığı və təhlükəsizliyi baxımından mühüm önəm daşıyacaq.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”