Sığorta ödənişi ötən il 55 dəfə, 6 ayda isə 4,5 dəfə artıb
Bu ilin yay aylarında ölkəmizdə hava şəraitinin qeyri-sabit keçməsi, xüsusən də bölgələrdə normadan artıq yağıntıların düşməsi aqrar sektorda bir sıra çətinliklərə səbəb olub. Təbiətin şıltaqlığı əksər bölgələrdə vətəndaşların əmlakına, həyətyanı və əkin sahələrinə, təsərrüfatlara, xüsusilə də heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan vurub.
Bütövlükdə isə, 2023-cü ilin ötən dövrü ölkəmiz üçün qeyri-sabit hava şəraiti ilə xarakterizə olunub. Təbiət hadisələrindən ən çox Gədəbəy, Daşkəsən, Tovuz, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, İsmayıllı, Goranboy, Şabran, Şəki, Qax və Cəlilabad rayonlarının fermerləri ziyan görüblər. Bu səbəbdən ötən müddətdə kənd təsərrüfatı sahəsində baş vermiş sığorta hadisələri ilə bağlı müraciətlərin sayı xeyli artıb. Ümumilikdə isə ilin əvvəlindən bəri əkin sahələrinə dəyən zərərlərlə bağlı Aqrar Sığorta Fonduna 7 minədək müraciət daxil olub.
Yeri gəlmişkən, Azərbaycanda aqrar sığortanın tətbiqi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsidir. Xatırladaq Prezident İlham Əliyev 2019-cu il avqustun 19-da ölkəmizdə “Aqrar Sığorta Fondunun yaradılması barədə” fərman imzalayıb. Dövlət başçısının 27 iyun 2019-cu il tarixində imzaladığı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Həmin sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Dövlət başçısının imzaladığı məlum fərmana əsasən, ölkəmizdə aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, eləcə də idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxs yaradılıb. Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqindən isə 3 ilə yaxın vaxt keçir. Bu mexanizmin işə düşməsi ötən müddətdə Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 6 ayı ərzində Azərbaycanda cari ilin məhsulu üçün 350 min 47 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb. Artıq əkin sahələrinin böyük hissəsi sığrta sistemi ilə əhatə olunub. Bu da ölkədə sığorta sisteminə olan inamın bariz nümunəsidir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun da qeyd etdiyi kimi, Azərbaycanda aqrar sığorta sisteminin tətbiqinin əsas məqsədi təsərrüfat sahiblərini və fermerləri gözlənilməz təbiət hadisələrindən müdafiə etmək üçün işlək bir mexanizmin yaradılmasından ibarətdir. Son aylar ölkə ərazisində baş verən leysan yağışları, sel-subasma da daxil olmaqla, demək olar ki, bütün təbii fəlakət riskləri–fırtına, sel, qasırğa, tufan, dolu və digər hadisələrin sığorta təminatına daxil olduğunu bildirən F.Sadıqovun sözlərinə görə, bütün bunlar aqrar sığorta tərəfindən qarşılanır. O, həmçinin qeyd edib ki, son iki ayda havaların qeyri-sabit keçməsi nəticəsində zərər görənlər arasında sığortalı təsərrüfatlar da var və onlara dəymiş ziyan Aqrar Sığorta Fondu tərəfindən ödəniləcək.
Bu arada, Aqrar Sığorta Fondu 2023-cü ilin yanvar-iyun ayları ərzində sığortalanan təsərrüfatları və toplanan sığorta haqlarının həcmini açıqlayıb. Fonddan verilən məlumata görə, cari ilin ilk 6 ayı ərzində 326 min hektar əkin sahələrinin sığortalanması barədə müqavilələr imzalanıb. Bu isə ölkənin əkinə yararlı ərazilərinin dörddə biri deməkdir. Həmin müqavilələr üzrə fermer və təsərrüfat sahiblərinə 437 milyon manatlıq sığorta təminatı verilib. Ən çox sığortalanan əkinlər – buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik və üzüm sahələri, eləcə də meyvə bağlarıdır. Bütövlükdə isə, ölkəmizdə sığortalanan bitkilərin sayı 14-dən 41-ə çatdırılıb. 2021-ci ildə müxtəlif bitki növləri üzrə 27 min müqavilə bağlandığı halda, ötən il bu rəqəm 46 min təşkil edib. Bir məqamı da diqqətə çatdıraq ki, 2022-ci ildə bitkiçilik üzrə 2,6 milyon manat sığorta ödənişi edilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu məbləğ cəmi 151 min manat olub. Bu da 55 dəfədən çox artım deməkdir.
Cari ilin 6 ayında isə bu sahədə rekord göstərici qeydə alınıb. Belə ki, hesabat dövründə bitkiçilik, əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib. Məlum olduğu kimi, qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50 faizi dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilib.
2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb. Sığortalanan heyvanlardan 4010-u iri buynuzlu (inək və camışlar) və 496-sı isə xırda buynuzlu (qoyunlar) heyvanlardır. İlin ilk yarısında heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edib. Heyvandarlıq sığortası üzrə 2 milyon 154 min manat sığorta haqqı toplanıb. Həmin vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.
Yeri gəlmişkən, ölkəmizdə Aqrar Sığorta Fondunun yaradılmasından sonra aqrar sığorta xidmətlərinin əlçatanlığı xeyli artıb. Müqayisə üçün deyək ki, 2020-ci ildə bitkiçilik sığortası üzrə toplanan vəsait cəmi 1700 manat təşkil etdiyi halda, 2021-ci ildə bu rəqəm 6 milyon manata, ötən il isə 9 milyon manata çatıb. Bu da fermerlərin və təsərrüfat sahiblərinin Aqrar Sığorta Fonduna olan inamından irəli gəlir. Fonddan verilən məlumata görə, ötən il 2 milyon 400 min manatdan çox sığorta ödənişi həyata keçirilib. Bununla yanaşı, il ərzində bağlanmış müqavilələr üçün 1 milyon manatlıq ehtiyat yaradılıb.
Azərbaycanda aqrar sığortanın bir istiqaməti də quraqlıqla bağlıdır. Qeyd edək ki, cari ilin ötən dövründə müşahidə olunan yağıntılı hava şəraitinə baxmayaraq, ayrı-ayrı günlərdə həddindən artıq isti və quraq hava şəraitininin də şahidi oluruq. Qarşıdan isə yayın ən isti dövrü olan avqust ayı gəlir. Necə deyərlər, “qora bişən” günlər hələ qabaqdadır. Artıq yaxın gələcəkdə ölkəmizdə bu riskin də sığorta xidmətlərinə daxil edilməsi gözlənilir. Bununla bağlı Aqrar Sığorta Fondu 2023-2025-ci illərdə Azərbaycanda pilot lahiyə olaraq quraqlıq sığortasına başlamaq niyyətindədir. Bu məqsədlə hazırda İsveçrə və Türkiyə ilə təcrübə mübadiləsi aparılır. Eyni zamanda, ölkədə yağıntıların qeyri-bərabər paylanması ilə əlaqədar indeks əsaslı quraqlıq sığortasının tətbiqi istiqamətində araşdırmalar davam etdirilir.
Göründüyü kimi, Azərbaycan dövləti həmişə çətinliyə düşən fermer və təsərrüfat sahiblərinin yanındadır, dar gündə onların köməyinə çatır. Bu da ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin məntiqi nəticəsidir.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”