Fermerlərə dəyən zərər ödəniləcək

post-img

Bu ilin əvvəlindən Aqrar Sığorta Fonduna (ASF) əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 minə yaxın müraciət daxil olub. 

Fondun İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, cari il ərzin­də 400 min hektara yaxın əkin ərazisi sığortalanıb: “Artıq bu ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə tam və yaxud qismən ziyan dəyib. Həmin sahələrdə, təqribən, 135 milyon manatlıq istehsal həcmi var ki, onlar tərəfimizdən sığortalanıb. Hətta elə fermerlər var ki, əkin sahəsi mövsüm ərzində müxtəlif cür zərər görüb–bir dəfə dolu düşüb, bir dəfə güclü külək-fırtına olub və digər hallar baş verib. Hazırda qiymətləndirmə pro­sesi gedir, dəyən zərərlər qiymətləndirilir, proses tamamlandıqdan sonra təzminat ödənişlərinə başlanılacaq”. 

F.Sadıqov daha sonra bildirib ki, sahələrə dəyən zərər müstəqil ekspertlər tərəfindən iki mərhələdə qiymətləndirilir. Birinci mərhələ zərər baş verən anda qiymətləndirmədir. Yəni, müstəqil aqrar sığorta eksperti sahəyə gedərək sığorta hadisəsini qeydə alır, dəyən zərəri ilkin olaraq təqribi qiymətləndirir. İkinci qiy­mətləndirmə prosesi isə biçindən üç-beş gün əvvəl aparılır, bu zaman fermerin gözlədiyi məhsuldarlıqla real olaraq əldə etdiyi məhsulların arasındakı fərq, yəni, dəyən zərər dəqiqləşdirilir. Hazırda pro­ses davam edir. Artıq ölkədə biçin möv­sümü tamamlanmaq üzrədir və qiymət­ləndirmə prosesi bu ayın sonuna qədər tamamlanacaq. Avqust ayının sonlarında zərərin ödənişlərinə başlanılması nəzər­də tutulur. 

“Xalq qəzeti”

İqtisadiyyat