Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tezliklə Azərbaycanda inşa etdiyi 230 MVt-lık Qaradağ Günəş Elektrik Stansiyası layihəsinin maliyyələşdirilməsini “yaşıl” istiqraz hesabına aparacaq. “Masdar”ın baş maliyyə direktoru Nayl Hanniganın sözlərinə görə, şirkət 750 milyon ABŞ dolları dəyərində “yaşıl” istiqrazlarının debüt buraxılışını həyata keçirib. Bu da şirkətə Azərbaycanda “Qaradağ” Günəş Elektrik Stansiyası və Özbəkistanda qoyuluş gücü 500 MVt olan dəniz külək enerjisi layihələrinin hər birinə cəlb edilən 250 milyon ABŞ dollarlıq keçid kreditlərini bağlamağa imkan verəcək. Qalan 250 milyon ABŞ dolları isə Özbəkistandakı 3 günəş enerjisi layihəsinə yönəldiləcək və bu layihələrin maliyyələşdirilməsi tezliklə yekunlaşdırılacaq.
N.Hannigan qeyd edib ki, Şimali Amerikada, xüsusən də ABŞ bazarında əhəmiyyətli dərəcədə böyüməyi planlaşdırırıq. Bu region kritik bir bazardır. “Masdar” ABŞ-dakı potensial satınalma hədəfləri ilə bağlı müzakirələr aparır və həmçinin Avropada, Körfəz və digər ölkələrdə fəaliyyətini genişləndirmək niyyətindədir. Mərkəzi Asiya, Asiya-Sakit okean və Afrika da gələcək inkişaf istiqamətlərimiz arasında yer alır.
Xatırladaq ki, Qaradağ Günəş Elektrik Stansiyası layihəsi 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacaq. Stansiya ildə 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etməyə kömək edəcək. Bu da 110 mindən çox evin ehtiyaclarını ödəməyə və karbon emissiyalarını ildə 200 min tondan çox azaltmağa, həmçinin yerli əhali üçün yeni iş yerlərinin yaradılmasına imkan verəcək.
Yeri gəlmişkən, bu məqamda onu da xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün güclü bərpaolunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının istifadəyə verilməsi nəticəsində hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7 min 953,9 meqavata çatıb. Bununla da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım yaranıb.
Hazırda respublikamızda elektroenergetika sistemində ümumi gücü 6 min 642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir.
Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpaolunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
Azərbaycanın bərpaolunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislərin vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərdə iştirakı, ölkəmizin əldə etdiyi təcrübə bu məqsədin reallaşmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Dövlətimizin başçısının müxtəlif müzakirələrdə diqqətə yönəltiyi bərpaolunan enerji potensialının reallaşdırılması ilə bağlı bir məqamı xatırlatmaq istərdim. Əvvəlcə onu deyim ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Avropa Komissiyası sədrinin iştirakı ilə “yaşıl enerji”nin ötürülməsinə dair saziş imzalanıb. Həmin saziş əsasında Azərbaycandan Avropaya dənizdəki külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkiləcəyi təsdiqlənib. Bu ötürmə xəttinin bir hissəsinin Qara dənizin dibi ilə gedəcəyi qərara alınıb. Bununla bağlı hazırda respublikamızda texniki əsaslandırma prosesinə başlanılıb.
Ötən müddətdə Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkəti ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində respublikamızda Günəş və külək enerjisindən 25 qiqavat həcmində “yaşıl enerji” əldə olunacağı proqnozlaşdırılıb.
Respublikamızda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr xüsusilə diqqət çəkir. Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq sənədlərini imzalanması bunun bariz ifadəsidir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş ərazilər və Naxçıvan “yaşıl investisiya” üçün ən cəlbedici məkanlardır.
Sonda vurğulayaq ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Mütəxəssislərin araşdırmalarına görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə isə 157 qiqavat təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 qiqavat təşkil edir ki, bunun da 3 min meqavatı külək, 23 min meqavatı günəş enerji, 380 meqavatı isə bioenerjinin payına düşür. Bununla yanaşı, ölkə ərazisindəki dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Hazırda Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsinə də xüsusi yer ayrılıb. Belə ki, ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 2025-ci ildə 24 faiz, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.
V.BAYRAMOV, “Xalq qəzeti”

