Şuşa şəhəri erməni işğalından azad olunduqdan sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edib. İndi isə qədim mədəniyyət paytaxtımızda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilir. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə reallaşan bu beynəlxalq tədbirdə bir sıra önəmli məsələlər, o cümlədən ölkəmizin iqtisadi uğurları bir daha dünyaya bəyan edilir.
Prezident İlham Əliyev forumda Transxəzər Qaz Boru Kəməri ilə bağlı fikir bildirərkən, bu infrastrukturun Azərbaycan tərəfindən irəli sürülən bir layihə olmadığını deyib və əlavə edib ki, ölkəmizin müəllifliyi ilə tanınan təşəbbüslər, əsasən, respublikamızın resurslarına əsaslanır. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi bunun bariz ifadəsidir: “Biz o layihənin təşəbbüskarıyıq, əsas səhmdarlarından biriyik və əslində, biz o layihənin bütün dövlətlərarası, hökumətlərarası sazişlərinin də əlaqələndiricisi kimi çıxış edirik. Bildiyiniz kimi, bu layihə müvəffəqiyyətlə icra olunmuşdur və artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır…”.
Xatırladaq ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı bu dəhlizin sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.
Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və əsas səhmdarlarından biri olan Azərbaycanın bu sahədəki səmərəli fəaliyyəti dövlətimizin başçısının Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, Avropa İttifaqının enerji komissarı tərəfindən də yüksək dəyərləndirilib və respublikamız Avropanın qaz tədarükçüsü adlandırılıb. Forumda, eyni zamanda, Avropaya qaz tədarükümüzün coğrafiyasının getdikcə genişləndiyi və ilin sonuna qədər əlavə iki Avropa ölkəsinin də Azərbaycan qazının alıcısına çevriləcəyi xatırladılıb.
Amma Transxəzər layihəsi ilə bağlı belə bir fikir yürüdülməsinin heç bir əsası yoxdur. Çünki bu layihə bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılmasının Azərbaycanla heç bir bağlılığı yoxdur. Belə bir fikri səsləndirən dövlətimizin başçısının forumda bununla əlaqədar dedikləri məqamlar da diqqət çəkir: “Biz nə edə bilərik? Biz tərəfimizdən mövcud infrastrukturumuzu təklif edə bilərik və yaxud müəyyən ərazi təklif edə bilərik ki, yeni infrastruktur inşa edilsin. Lakin, eyni zamanda, onu unutmamalıyıq ki, bu gün Azərbaycan üç il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə məşğuldur. Nəyə görə? Çünki tələbat artır. TAP boru kəməri 10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard kubmetrə qaldırılmalıdır. TANAP 16-dan 32-yə qaldırılmalıdır…”.
Belə bir şərait isə Azərbaycanın “mavi yanacağ”ına olan tələbatdan xəbər verir. Hazırda ölkəmizin gələcəkdə daha çox qaz istehsal edəcəyi və hər yeni il əvvəlki ildən daha çox istehsal göstəricilərinin əldə olunacağı barədə proqnozlar səsləndirilir. Məsələn, forumda dövlətimizin başçısının bildirdiyi kimi, 2021-ci ildə Azərbaycan 19 milyard kubmetr ixrac edirdisə, keçən il bu, artıq 22 milyard kubmetrə yüksəlib. Bu il ixrac isə 24 milyard kubmetr olacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyev forumda bildirib ki, Azərbaycan bu yaxınlarda, ən azı, 300 milyard kubmetr ehtiyata malik “Abşeron” qaz yatağının kəşfinin elan edildiyini və artıq ilk quyunun “Şahdəniz”dəki bütün quyulardan daha məhsuldar olduğunu vurğulayıb. Beləliklə, dövlət başçısı ölkəmizin boru kəmərləri sisteminin genişlənməsinin öz resurslarımızın artması ilə bağlı olduğunu qeyd edib.
Xatırladaq ki, ölkəmizin qaz ehtiyatlarının həcminə görə, ikinci böyük yatağı olan “Abşeron”dan hasilatın başlanması ilə ixracın artırılmasına müsbət təsir göstərəcəyi proqnozlaşdırılıb. Cari il iyulun 10-da Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.
Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
Bununla da bir az əvvəl adıçəkilən Transxəzər layihəsi barədə indiyədək deyilənlərə ölkə rəhbəri konkret münasibət bildirib: “Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarına gəldikdə, bunun üçün Transxəzər sualtı qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır. Sual yaranır ki, bu mühüm layihəni kim maliyyələşdirəcək? Bu sualın hələlik cavabı yoxdur. Bu suala cavab tapana qədər layihənin icrası və yaxud da bu məsələ haqqında düşünmək bir o qədər real olmayacaq. Eyni zamanda, biz bilirik ki, Avropa bankları mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirmir. Odur ki, bu layihə üçün ciddi vəsait cəlb etmək çətin olacaq. Məsələn, Cənub Qaz Dəhlizini inşa edəndə biz korporativ maliyyə ilə bərabər, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankından, Avropa İnvestisiya Bankından, həmçinin Asiya İnkişaf Bankından və Asiya İnfrastruktur İnvestisiya Bankından vəsait cəlb etmişdik. Lakin indi isə bunlardan ikisi – Avropa institutları mədən yanacağı ilə əlaqədar layihələri hazırda maliyyələşdirmir. Onlar “yaşıl keçid” layihələrini maliyyələşdirirlər. Bu da sözsüz ki, vəziyyəti daha çətinləşdirir…”.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi,
mexanika üzrə fəlsəfə doktoru
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Transxəzər layihəsinin maliyyələşdirilməsindən bəhs edərkən beynəlxalq maliyyə qurumları tərəfindən mədən yanacağı ilə əlaqədar layihələrin maliyyələşdirilmədiyini, bu məsələdə daha çox “yaşıl keçid” təşəbbüslərinə üstünlük verildiyini bildirib.
Yeri gəlmişkən, qeyd edim ki, Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına əsasən, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində bir neçə şirkət artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalanıb və Avropa İttifaqının Prezidenti də həmin mərasimdə iştirak edib. Bu layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xəttinin inşa ediləcəyi qərara alınıb. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağı gözlənilir.
Dövlətimizin başçısı forumda daha sonra bu gün qeyri-neft sektorunun inkişafının prioritet olduğunu diqqətə çatdırıb: “Biz ümumi daxili məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Bu gün biz həm də qeyri-neft ixracını artırırıq…Hazırda kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi…”.
Ölkə rəhbərinin bu fikrinə əsaslanaraq deyə bilərəm ki, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu dövr ərzində iqtisadiyyat 3 dəfədən çox artıb, valyuta ehtiyatları 65 milyard dollara çatıb, xarici borc isə ümumi daxili məhsulun 10 faizi səviyyəsinə düşüb.
Təkcə yuxarıda sadalanan göstəricilərə əsaslanıb bildirim ki, son 20 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövrdə uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.
Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, beynəlxalq Şərq–Qərb, Şimal–Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.
Yeri gəlmişkən, dövlətimizin başçısının prezidentlik fəaliyyəti illərində iqtisadi sahədə əldə edilən digər göstəricilərə də diqqət yetirmək istərdik. Əvvəlcə onu vurğulayım ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal həcmi son 20 il ərzində 22 dəfə artaraq 133,8 milyard manata çatıb. Bu dövrdə ölkə əhalisinin gəlirləri 13,7 dəfə, strateji valyuta ehtiyatları isə 2023-cü ilin aprel ayında 2003-cü ilə nəzərən 41 dəfədən çox artıb (2003-cü ildəki 1,6 milyard dollardan 65,9 milyard dollara çatıb).
Dövlətimizin başçısının forumda vurğuladığı kimi, bu gün ticarət dövriyyəmiz də böyük profisitlə həyata keçirilir. Son altı ay ərzində ixrac-idxalla müqayisədə Azərbaycanın profisiti 10 milyard dollar təşkil edib. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və hazırda coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır.
V.BİNYƏTOĞLU, “Xalq qəzeti”


