Kənd təsərrüfatı məhsullarına yeni bazarlar axtarılır

post-img

Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını artırmaq məqsədilə Səudiyyə Ərəbistanının əsas satış marketlərindən olan “Tamimi” marketlər qrupunun nümayəndələri ilə görüşdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin nümayəndələri, eləcə də yerli meyvə və tərəvəz, ət və balıq istehsalçısı olan şirkətlərin əməkdaşları iştirak ediblər.

Tədbirdə ölkəmizdə kənd təsərrüfatının inkişafı is­tiqamətində görülən işlər, fermerlərə yaradılan əlverişli şə­rait barədə qonaqlara ətraflı məlumat verilib, eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsal və ixrac vəziyyəti barədə təqdimatlar edilib. Kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksək olduğu qeyd olunub, dövlətin aq­rar sahənin inkişafı üçün davamlı dəstək tədbirləri gördü­yü, subsidiyalar ayırdığı vurğulanıb. Bildirilib ki, 2022-ci ildə 643,7 min ton həcmində kənd təsərrüfatı məhsulları ixrac edilib. Ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları xur­ma, pomidor, fındıq, nar, alma, kartof və çay olub.

Səudiyyə Ərəbistanının özəl sektor nümayəndələrinə respublikamızda mövcud şəffaf investisiya mühiti barədə də ətraflı məlumat verilib. Görüş zamanı bu dövlətin ən iri marketlər şəbəkəsinin nümayəndələri tərəfindən bu ölkə­nin satış bazarındakı vəziyyəti barədə məlumat verilib və Azərbaycan istehsallı məhsullara marağın böyük olduğu diqqətə çatdırılıb. 

Səfər çərçivəsində şirkət nümayəndələrinin Abşeron və Quba-Xaçmazda yerləşən logistika mərkəzlərinə, meyvə bağlarına və istixanalara səfəri təşkil edilib.

“Xalq qəzeti”

İqtisadiyyat