Naxçıvan “yaşıl enerji” diyarına çevrilir

post-img

Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə dövlət başçısı hesabat dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı məsələyə də toxunaraq bildirib ki, bu yaxınlarda muxtar respublikanın gələcək inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunub. 

Bu, Naxçıvanın uğurlu sosial-iqtisadi potensialını qısa müddət ərzində real­laşdıra biləcək proqramdır. Ölkə rəhbəri həmin proqramın tam icra ediləcəyinə əminliyini vurğulayaraq sənədin öz re­surslarımıza əsaslanaraq qəbul edildiyini diqqətə çatdırıb. 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı” bu il iyunun 5-də təsdiqlənib. Bu sənəd indiyədək muxtar respublika­da həyata keçirilən dövlət proqramları içərisində daha mükəmməl hazırlanma mexanizmi və əhatəliliyi ilə seçilir. Belə ki, proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar respublikada bir çox sahələr ciddi təhlil olunub, möv­cud vəziyyət yerində araşdırılaraq qiy­mətləndirilib və bütün bunların əsasında məqsədyönlü qərarlar verilərək qarşıdakı hədəflər müəyyənləşdirilib.

Bununla bərabər, proqramın hazır­lanmasında mühüm amillərdən biri gələ­cək hədəflərin müəyyənləşdirilməsində GZİT (Güclü və zəif tərəflər, İmkanlar və təhlükələr) təhlilindən istifadə olunub. Bu təhlil proqramda qarşıya qoyulan tapşırıqların icrasında ayrı-ayrı sahələ­rin mövcud vəziyyəti nəzərə alınaraq müvafiq addımlar atılmasına imkan ve­rib. Ümumilikdə isə bəhs olunan Dövlət Proqramında 11 istiqamət prioritet olaraq seçilib. Bunlar əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sə­nayenin, kənd təsərrüfatı məhsulları is­tehsalının və emalının, turizmin inkişafı, elektrik enerjisi istehsalının və ixracının artırılması, infrastruktur təminatının, so­sial sektorun, insan kapitalının inkişafı, institusional inkişaf və ətraf mühitin mü­hafizəsinin gücləndirilməsidir. 

Ölkə başçısının müşavirədə səslən­dirdiyi mühüm fikirlərdən biri də bu idi ki, Naxçıvanın da Qarabağ və Şərqi Zəngə­zur kimi “yaşıl enerji” zonasına çevrilmə­si qarşıya mühüm məqsəd kimi qoyulub: “Naxçıvanın da Qarabağ və Şərqi Zəngə­zur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi mənim tərəfimdən qoyulmuş­dur. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur – ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə “yaşıl enerji”ni ixrac edəcəyik”.

Hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji mənbələri üzrə ümu­mi texniki potensialı 15 qiqavat təşkil edir. Bunu da vurğulayaq ki, əgər Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi layihəsi Vətən müharibəsin­dən sonra qəbul olunsa da, Naxçıvanın energetika sisteminin, xüsusilə bərpaolu­nan enerji mənbələri hesabına qurulması konsepsiyası dövlət başçımızın prezi­dentlik fəaliyyətinin ilk illərindən qarşıya əsas məqsəd kimi qoyulub. Hələ 2004-cü ildə qəbul olunan “Azərbaycan Res­publikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən, enerji təminatı sahəsində resursəvəzləyici po­tensial əldə olunması strategiyası həyata keçirilir. Həmin proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. Bu işin təşviqi olaraq bərpa olunan enerji mənbələrinin hasilatı üçün texnoloji avadanlıqların is­tehsalı muxtar respublikada qurulmalıdır. 

Ötən dövrdə bu sahədə ciddi addım­lar atılıb, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə verilib. Xü­susilə, 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda Gilan­çay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə Şə­rur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyaları isti­fadəyə verilməsi muxtar respublikanın energetika sisteminin yaxşılaşdırılma­sına öz töhfəsini verib. Növbəti illərdə isə bu işlərin davamı olaraq Babək, Kən­gərli və Şərur rayonlarında müxtəlif gücə malik Günəş, Culfa rayonunda isə külək elektrik stansiyalarının istismara veril­məsi muxtar respublikada bərpaolunan enerji mənbələrində enerji istehsalının həcmini xeyli yüksəldib. 

Bu il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı Prezident İlham Əliyevin Naxçıvanın “yaşıl eneji” potensialına xüsusi olaraq toxunması və muxtar respublikada ən azı 500 meqa­vatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı fikirləri isə bu qədim Azərbaycan diyarının mövcud enerji potensialından istifadəni daha da aktuallaşdırıb. Ötən dövrdə bununla bağlı yaradılan işçi qru­punun qiymətləndirmələrinə görə, muxtar respublikada təxminən 8 min hektardan çox ərazinin bərpaolunan enerji mənbələri stansiyalarının tikilməsi üçün tam şəkildə yararlı olması görüləcək işlərin həcmini təsəvvür etməyə imkan verir. Bu sahədə işlərin davamı kimi ötən ay Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhərində xüsusi sessiyanın keçirilməsi də təsadüfi deyildi. Sessiyanın gedişində “Total Ener­gies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 meqavat olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması, həmin gücün 650 meqavatının məhz Nax­çıvanda yaradılmasının nəzərdə tutulması yaxın gələcəkdə Naxçıvanın “yaşıl enerji” şəbəkəsini xeyli genişləndirəcək.

Həyata keçirilən tədbirlərin mahiyyə­tində həm də bu durur ki, Naxçıvan Azər­baycanın energetika sisteminə inteqrasi­ya etməklə, ölkəmizin digər bölgələrində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan “yaşıl enerji”nin də ixra­cat qovşağına çevrilir. Təsadüfi deyil ki, “Cəbrayıl” enerji qovşağının yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi va­sitəsilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə imkan yaradacaq. Bununla da, Naxçıvan “yaşıl enerji”nin istehsalı və istehlakı ilə bəra­bər, həm də ixracında əsas marşruta çevriləcək. Bütün bunlar isə muxtar res­publikanın hərtərəfli inkişafında mühüm rol oynayacaq.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin müxbiri

Naxçıvan

Sosial həyat