Qarabağ və Şərqi Zəngəzura Qayıdış dövlətimizin prioritet vəzifəsidir

post-img

Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki dünyada əks-səda doğuran şanlı Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə sürətli inkişaf və bərpa dövrü başlanıb. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində dövlətimizin başçısının “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” müdrik sözləri bu gün özünü açıq şəkildə büruzə verir. Qarabağda və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa-quruculuq işləri hazırda dunya ictimaiyyətinin də diqqətindən yayınmır. Bunu müxtəlif ölkələrin tanınmış şirkətlərinin yenidənqurma işlərində fəal iştirakı da təsdiqləyir.

Otuz ilə yaxın müddətdə doğma ata-baba yurdlarına qayıtmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soy­daşlarımız üçün bu mühüm obyektlərin təməllərinin atılması, bəzilərinin isə ar­tıq istifadəyə verilməsi Böyük Qayıdış proqramını reallığa çevirib. Prezident, müzəffər Ali Baş Komandanın yürütdü­yü uğurlu və qətiyyətli siyasət, işğaldan azad edilən ərazilərimizdə sürətlə həya­ta keçirilən genişmiqyaslı bərpa-qurucu­luq işləri bu ərazilərin tezliklə Azərbay­canın çiçəklənən diyara çevriləcəyindən xəbər verir. 

Bu ərazilərin tarixi simalarının qayta­rılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su və yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam edir. Prezident İlham Əliyevin tapşırığından irəli gələn bu ümdə və­zifələrin davam etdirilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait də ayrılmışdı.

Xəbər verildiyi kimi, 2023-cü ilin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanunda də­yişiklik edilib. Dəyişiklik zamanı işğaldan azad edilmiş ərazilərimizdə bərpa-tikinti işlərinin daha da sürətləndirilməsi üçün əlavə vəsait ayrılıb. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 miyard 260 milyon manat ayrılıb. Artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində olub.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev döv­lət büdcəsinə edilmiş dəyişikliklərlə əlaqədar dedi:

– Məlum olduğu kimi, işğaldan azad edilən ərazilərin bərpası, keçmiş məc­buri köçkünlərin bu torpaqlara qayıdı­şı, ümumiyyətlə, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması bu gün döv­lətimizin qarşısında duran ən vacib və­zifələrdən biridir. Buna görə də dövlət büdcəsində həmin ərazilərdə bərpa və quruculuq işlərinə ayrılan vəsaitin həc­minin artırılması təbiidir. Əminəm ki, il­dən-ilə bu tendensiya davam edəcək.

Sevindirici haldır ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün gö­rülən işlərin nəinki həcmi, eyni zaman­da, sürəti də artmaqdadır. Bunun da bir sıra səbəbləri var. Birincisi, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında minatəmizləmə üzrə işlər yüksək səviy­yədə, sürətli şəkildə davam edir. Bun­dan başqa, dövlət başçısının təşəbbü­sü ilə müxləlif proqramlar, planlar qəbul olunur ki, bunun nəticəsində konkret iş istiqamətləri müəyyənləşdirilir. Eyni zamanda, işğaldan azad edilmiş əra­zilərdə infrastruktur məsələlərinin həll edilməsi, yeni yolların çəkilməsi, ener­ji təchizatının bərpa olunması görülən işləri daha geniş miqyasda aparmağa imkan verir.

Təbii ki, dövlətimizin imkanları da artmaqdadır. Makroiqtisadi göstəri­cilərə nəzər yetirsək görərik ki, döv­lətimizin iqtisadiyyatı inkişaf etdikcə, gəlirlərimiz də artır. Bu isə bərpa və quruculuq işlərinə daha çox vəsait ayır­mağa imkan verir. 

R.Hacıyev bir məsələni də xüsu­si qeyd etdi. Bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi humanitar fə­lakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüz­lərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzərindən, demək olar ki, tamamilə si­lindiyini də üzə çıxardı. Vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələr­lə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində ətraf mühitə böyük ziyan dəyib. 

Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan bütün bu işləri öz gücü, imkanları hesabına edir. Nə­yin bahasına olursa-olsun, dövlətimiz qarşısına qoyduğu məqsədlərə çata­caq və işğaldan azad edilən ərazilərini bərpa edəcək. Ancaq dövlətin yükünü azaltmaq, bərpa prosesini sürətləndir­mək üçün bu prosesdə vətəndaşların da iştirakı çox vacibdir. Buna görə də Vətən müharibəsində olduğu kimi, cə­miyyət, xalq olaraq həmrəylik göstərmə­li, işğaldan azad edilmiş ərazilərimizin bərpasında hər birimiz yaxından iştirak etməliyik. 

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdiril­məsini, habelə ölkə daxilində və xaricin­də zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. 

“Fond Qarabağın bərpası kimi ülvi bir amal uğrunda birləşən vətəndaşlarımız üçün bu işlərə töhfə vermək məqsədilə kifayət qədər geniş imkanlar yaradıb. Hər kəs fonda ianə etməklə işğaldan azad olunan torpaqlarımızın bərpasına və inkişafına öz töhfəsini verə bilər” – deyə R.Hacıyev bildirdi.

 

Ə.BƏDƏLOV,

“Xalq qəzeti”



Sosial həyat