Sentyabrın 30-da Lənkəranda “Dövlət-din münasibətləri və müasir çağırışlar” mövzusunda keçirilən konfrans işini panel sessiyalarla davam etdirib.
XQ xəbər verir ki, konfransın “İdeoloji təhdidlərə qarşı maarifləndirmə işinin əhəmiyyəti” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Radikal dini qrupların metodik səhvləri və eksklüzivist din təhsilinin buradakı rolu” mövzusunda çıxış edib. Dini mətnlərin kontekstindən çıxarılaraq təqdim edilməsi, eləcə də məzhəblərin mütləqləşdirilərək dinin yeganə həqiqi təmsilçisi kimi təqdim edilməsi kimi mənfi tendensiyaları şərh edib.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov radikalizm, ekstremizm, dini və ya siyasi fanatizm kimi təzahürlərin təkcə fərdləri deyil, bütöv cəmiyyətləri təhdid etdiyini bildirib. Qeyd edib ki, bu təhdidlərin qarşısını almağın yollarından biri ailə və cəmiyyətin prosesdəki rolunun düzgün anlaşılması, gücləndirilməsidir.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev hibrid təhdidlərə qarşı mübarizədə milli-dini kadr hazırlığının əhəmiyyəti və rolu mövzusunu şərh edərək bildirib ki, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini təbliğ edən radikal dini ideologiyaların fəaliyyəti ən əsas ideoloji təhdidlərdən hesab edilir.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “Vəhdət və həmrəylik: mənəvi dəyərlərimizin tərkib hissəsi” mövzusuna həsr edilən ikinci paneldə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov cəmiyyətdə vəhdətin pozulmasında məzhəb ayrı-seçkiliyinin rolu mövzusuna toxunub. Bildirib ki, məzhəblər müsəlman dünyasının reallığıdır. O qeyd edib ki, məzhəb ayrı-seçkiliyi fərqli dini, etnik qruplar arasında anlaşılmazlıq, habelə qarşıdurmalar yaradır, cəmiyyətdə sülh və sabitliyi sarsıdır.
Tədqiqatçı alim, Qahirə Universitetində Azərbaycan dili müəllimi Seymur Nəsirov İslamda vəhdətin, eləcə milli-mənəvi dəyərlərə, adət-ənənələrə sadiqliyin önəmi barədə danışıb. Görkəmli İslam alimlərinin ölkəmiz barədə fikirlərinə istinad edərək, Azərbaycandakı vəhdətin, həmrəyliyin qorunub saxlanılmasının vacibliyini dilə gətirib.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bildirib ki, İslam dini birliyi və həmrəyliyi əsas prinsip kimi qəbul edir. O vurğulayıb ki, vəhdət müsəlman cəmiyyətlərinin möhkəmliyinin təməlidir, fərqli məzhəblər və qruplar arasında sülhün, qarşılıqlı anlaşmanın qorunmasına xidmət edir.
Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini maarifçilik fəaliyyətinin əsas hədəfləri barədə danışıb.
Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Lənkəran, Astara və Lerik rayonlarından olan din xadimləri iştirak ediblər.