Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib. Söhbət zamanı qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı çərçivəsində nazirliklə birgə fəaliyyət müzakirə edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nazirlik və BMT-nin Əhali Fondu arasında uğurlu əməkdaşlıq təcrübəsini, icra olunan birgə layihələrin əhəmiyyətini vurğulayıb. O, ölkəmizdə həssas qrupların, həmçinin gender əsaslı zorakılıq qurbanlarının sosial dəstəklə təmin olunması sahəsində aparılan işləri diqqətə çatdırıb.
Görüşdə Sosial Xidmətlər Agentliyinin Həssas Əhali Qrupları üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 2 il əvvəl yaradılmış məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə qəbul olunanların müvafiq dəstəklə əhatə olunduğu qeyd edilib.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev qadınlara qarşı zorakılıqla mübarizə üzrə qlobal proqramın önəmini və müvafiq sahədə görülən işlərə mühüm dəstək məqsədi daşıdığını bildirib.
Görüşdə gender əsaslı zorakılıq qurbanlarına dəstək göstərilməsi sahəsi üzrə kadr potensialının artırılması və mövcud sistemin təkmilləşdirilməsi yolu ilə zorakılıq qurbanlarının keyfiyyətli xidmətlərlə təmin edilməsi məqsədilə BMT-nin Əhali Fondunun qlobal proqramı çərçivəsində görüləcək birgə işlər müzakirə olunub.
Z.HÜSEYNOVA,
“Xalq qəzeti”