Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır.
Daha sonra qeyd edilir ki, samanın yandırılması nəticəsində torpağa ziyan dəyir, faydalı mikroorqanizmlər məhv olur. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.
Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərinin ən vacib resurslarından biri hesab olunur. Onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunu, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Günümüzün reallığıdır ki, ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə material və əmək xərcləri tələb etdiyindən bitki qalıqları “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yalnış təsəvvürlərə malikdir. Kövşənliyin və digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, həmçinin bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.
Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır.
“Xalq qəzeti”