Bu il Masallı rayonunda 7 min 790 hektar sahədə buğda, 2 min 800 hektarda arpa yetişdirən taxılçıların nəticələri fərəhləndiricidir. Zəmilərdə məhsul yığımı başa çatıb. Rayonda 18 min 759,6 ton buğda tədarük edilib, hektarın məhsuldarlığı 24,3 sentnerə çatdırılıb. Arpa sahələrindən 6 min 216 ton məhsul əldə olunub, hektarın məhsuldarlığı isə 22,2 sentnerə yüksəlib.
Rayonda qarğıdalı, günəbaxan, noxud, paxla, lobya, lərgə, mərci əkinlərinə də önəm verilir. Carı təsərrüfat ilində Masallıda 750 hektardan çox paxlalı bitkilər yetişdirilib.
Kartofçuluq da rayon iqtisadiyyatında mühüm yer tutur. Ötən illər bu sahədən yaxşı gəlir gətirən zəhmət adamları cari mövsümdə də müsbət nəticə gözləyirlər. Kartof ustaları 903 hektar sahədə əkin keçiriblər. Bir aydan çoxdur ki, sahələrin bol məhsulu fermerləri ruhlandırır. Sevindirici haldır ki, yığılan məhsul sahələrdə qalmır. Hər gün yüz tonlarla məhsul qonşu Rusiya şəhərlərinə yola salınır. Rayon statistika idarəsindən aldığımız məlumata görə, mövsümün əvvəlindən tarlalardan 15 min 892,8 ton kartof çıxarılıb.
Son illər Masallının iqtisadiyyatına daxil olan və məhsuldarlığı ilə fərqlənən sahələrdən biri də bostançılıqdır. Əvvəllər Sabirabad, Saatlı, İmişli və başqa rayonlardan gətirilən qarpız, yemiş, kudu məhsulları bu gün rayonun tarlalarından yığılıb bazarlara göndərilir.
Statistika idarəsindən aldığımız məlumata görə, bostançılar cari ilin məhsulu üçün 246 hektar sahədə yemiş, 60,5 hektarda qarpız yetişdiriblər. Cari mövsümdə 2 min tondan artıq bostan məhsullarının istehsal edilməsi bu sahənin getdikcə inkişafından xəbər verir.
Əlihüseyn ŞÜKÜROV,
Masallıda çıxan “Yeni həyat” qəzetinin redaktoru