Bu gün Qazax rayonunda abadlıq-quruculuq işləri ilə yanaşı, iqtisadiyyatın bir çox sahələri də əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə inkişaf edib. Taxılçılıq, tərəvəzçilik, əvvəlki şöhrəti bərpa olunan baramaçılıq və digər sahələrə diqqət artırılıb. Nəticədə göstəricilər ilbəil yaxşılaşır. Doğrudur, elə sahələr var ki, havaların əlverişsiz keçməsi məhsuldarlığa əməlli-başlı mənfi təsir edir. Lakin qazaxlı fermerlər qətiyyən ruhdan düşmür, bütün imkanlardan maksimum yararlanmağa çalışırlar.
Cari il Qazax rayonunda 11 min 854 hektar sahədə taxıl əkilib ki, bunun da 5 min 243 hektarı buğda, 6 min 611 hektarı arpa sahəsidir. Artıq neçə vaxtdır ki, rayonda taxıl biçininə başlanılıb. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdən bol məhsul yığılır. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib.
Biçinlə əlaqədar sahələrə 32 ədəd kombayn cəlb edilib. Lazım gəldikdə onların sayı artırılır. Bugünə kimi, əkilən 5 min 243 hektar buğda sahəsinin təxminən yarısından çoxunda biçin aparılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 35 sentner təşkil edir ki, bu da yuxarıda qeyd etdiyimiz kimi, təbiətin şıltaqlığı ilə bağlıdır.
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 27 noyabr 2017-ci il tarixli sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində məqsədyönlü işlər görülür, ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Artıq səkkizinci ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Rayon icra hakimiyyətinin unudulan bu sahənin inkişafı üçün gördüyü tədbirlər–adamlar arasında aparılan izahat–təbliğat işləri, onlara yaradılan şərait, tut tingləri sahələrinin artırılması və digər texniki–təşkilati işlər öz müsbət səmərəsini verməyə başlayıb. Rayonda neçə illərdir ki, baramaçılıqda nəzərdə tutulan öhdəliklərə artıqlamasilə əməl olunur. Adamlar özləri də etiraf edirlər ki, gəlirli sahədir, dolanışıqları xeyli yaxşılaşıb, mövsümi də olsa iş yerləri yaranıb…
Bu il də vəziyyət yaxşıdır. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 3200 kiloqram yaş baramanın istehsalı nəzərdə tutulub ki, o da uğurla icra olunub. İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Aslanbəyli, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Xanlıqlar, Alpout, Dəmirçilər, Cəfərli kəndləri üzrə 80 qutu ipəkqurdu toxumunu yetişdirən kümçülər yüksək fəallıq göstərərək artıq barama tədarükünü başa çatdırıblar. Cari mövsümdə 3 min 279,1 kiloqram barama tədarük olunub.
Bir məsələni də qeyd edək ki, istər icra strukturları, istərsə də Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi kümçülərin baramanı “Azəripək” MMC-yə təhvil vermələri üçün hər cür şərait yaradıblar.
“...Həm bol məhsul yetişdirək, həm doğma Qazaxı abadlaşdıraq”. Bu, Qazaxda indi hər bir sakinin şüarına çevrilib. Rayonda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən “Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su probleminin həll olunması və bu işlər görüldükdən sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması ön plana çəkilib. Məqsəd Azərbaycanın “Qərb Qapısı” adlandırılan Qazaxın daha gözəl, abad bir rayona çevirməkdir.
Bu gün şəhərin 16 küçəsinə və Heydər Əliyev prospektinə qeyd olunan çəkilişlərdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə 40-dan çox məhəllədə, “Hərbi şəhərcik” adlanan yaşayış massivindəki çoxmənzilli yaşayış binalarının həyətində “Abad məhəllə”lər yaradılaraq sakinlərin istifadəsinə verilib.
Rayonda aparılan abadlıq işləri bu gün də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə digər tədbirlər görülür. Hazırda Qazax şəhərində böyük küçələrdən olan Bakı küçəsinə yeni asfalt örtüyü vurulur.
Qeyd edək ki, görülmüş işlər sakinlər tərəfindən çox böyük razılıqla qarşılanır. Vətəndaşlar rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıq edirlər.
H.ZEYNALOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri