Vaqif Poeziya Günlərinin açılışı

post-img

İyulun 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.

Mərasimdə dövlət və hökumət nü­mayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyi sədri­nin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev bildirib: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şa­irlərimiz olub. Bu gün biz böyük şairimiz Vaqifin məqbərəsinə toplaşmışıq”. 

Türk Ədəbiyyat Vəqfinin rəhbəri Ser­had Kabaklı Şuşada Vaqif Poeziya Gün­lərinə dəvət olunmasından qürur hissi ke­çirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. O, Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevin­cini ömrü boyu unutmayacağını bilbirib. 

Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Sə­lim Babullaoğlu Vaqif poeziyasının əbədi­yaşarlığı, Şuşanın füsunkarlığı, Qarabağ­da xalqımızın qəhrəmanlığı, mədəniyyət paytaxtımızın həm də “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tut­ması barədə danışıblar.

Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib. 

Tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.



Mədəniyyət