(Əvvəli ötən sayımızda)
İbrahimxəlil xan Şuşaya qayıdıb yenidən taxta çıxandan sonra Əlimərdan bəyə tapşırdı ki, günü sabah Vaqiflə oğlunun qəbirlərinin üstünü düzəltsinlər. Dedi ki, üstündə günbəz də ucaldın.
Məmməd bəy Vaqifi niyə öldürtmüşdü?
İbrahimxəlil xan Vaqifin qətlinə kədərlənib, onun qatillərini lənətləyəndən sonra Məmməd bəy xəcalətdən və qorxudan xanın, əsl-nəcabətli qohumlarının, hörmətli, möhtərəm şəxslərin gözünə görünməyə cəsarət eləmədi. Qaçıb Kür qırağına getdi. Cavanlığına və qolunun gücünə arxalanıb, Qarabağın xanı olmaq eşqinə düşmüşdü. Kür qırağında Şəkili Məmmədhəsən xanla dost olmuşdu. Bundan xəbər tutan şamaxılı Mustafa xan Şəki xanını yanına çağırıb dedi:
– Bilirsən ki, mən Məmməd bəyi çoxdan axtarıram. Ondan heyfimi almalıyam. O, atamı, qardaşımı öldürüb. Sən onu aldadıb de ki, mən bir kor kişiyəm (Ağa Məhəmməd şah onun bir gözünü çıxartdırmışdı – Ş.N.). Mustafa xanın hökmündən cana gəlmişəm. Gəl, bircə qızımı sənə verim, sarayımda hakim ol.
Məmməd bəy Şəki xanının şirin dilinə, yalan vədinə aldandı. O, bir neçə gündən sonra Məmməd bəyi həbs etdi. Qarabağdan gətirdiyi bütün cavahiratına, qızıl-zinət əşyalarına və İbrahimxəlil xanın sarayından gətirdiyi külli miqdarda puluna da sahib oldu. Əli-qolu bağlı 2 faytonu ilə, dördnəfərlik silahlı mühafizə ilə Şirvana aparıb, Mustafa xana təhvil verdi.
Görkəmli ədəbiyyatşünas-alim Salman Mümtaz 1925-ci ildə “M.P.Vaqif” əsərində XIX əsr Zaqafqaziya Şeyxülislamı Axund Molla Əhməd Salyaniyə istinad edərək yazır: “Hərçənd Axund mərhum Vaqif zalım cəlladlara yalvarır ki, məni öldürün, amma bu binəva nakam oğlum Əli bəyi öldürməyin, barı oğlumun ölümünü görməyim. Görür əlac yoxdur, ona görə bircə oğlu üçün cəlladlara yalvarır. O birəhimlər baxmayıb, əvvəl oğlu Əli bəyi Məmməd bəyin tapşırığı ilə öldürürlər, sonra Axund mərhumu öldürüb, həmin yerdə öz oğlu ilə qoyub gedirlər. Həmin gecə də Məmməd bəy özü Axund Vaqifin evini qarət edib yandırır. “Divan”ı və yaxud, “Divan”ları da yandırılır”.
Şahidlər onu da yazırlar ki, Məmməd bəy Vaqifin oğlu Əli bəyi ona görə öldürüb ki, qorxub ehtiyat edirmiş ki, Əli bəy sağ qalsa, atası Vaqifin heyfini ondan ala bilər. Axı Əli bəyin heç bir günahı yox idi. Məmməd bəyə görə Vaqifin günahı ondan ibarət idi ki, ona baş vəzir olmaqdan imtina etmişdi.
O vaxt İbrahimxəlil xan hələ Balakəndə idi. Taxt-tacın yiyəsi İbrahim xan 3 aydan sonra Balakəndən qayıdıb gəlmişdi. Bu vaxt xanlığı yiyəsiz görən Məmməd bəy əmisi İbrahimxəlil xanın taxt-tacına qeyri-qanuni sahib olmaq eşqinə düşdü. Məmməd bəy yalnız Vaqifi yox, İbrahimxəlil xana sadiq olan sarayın nüfuzlu adamlarını aradan götürmək planı qurmuşdu. Saraydakı bir neçə yaltaq və aravuranlar ona başa salmışdılar ki, nə qədər ki, sən İbrahimxəlil xanın yaxın adamlarını aradan götürməmisən, xanlığa sahib olmaq sənə müyəssər olmayacaq. Gec-tez İbrahimxəlil xan qayıdacaq, onda bunlar hamısı sənin əməllərini İbrahimxəlil xana çatdıracaqlar.
Tarixçilər yazırlar ki, vaxtilə Vaqifin dostları olan, hətta həmişə yaxşılıq elədiyi kimsələr belə zahirdə Məmməd bəy Cavanşir ilə Vaqifin uyuşduğunu görərkən gizli-gizli” şeytənətə-səayətə” başladılar. Məmməd bəy tərəfindən biçarə Vaqif üçün hazırlanmaqda olan faciyeyi-dilxəraşın (ürəkparçalayan - Ş.N.) bir an tez oynanması üçün gecə-gündüz çalışıb çabaladılar. Onun kölgəsində gəzənlərin əllərindəki dəstaviz Vaqifin fövqəladə aqil, sadiq və siyasi bir şəxs olması idi.
Vaqifin ona baş vəzir olmağına razılıq verməyən Məmməd bəy Cavanşir bəzi saray nadanlarının sözü ilə ürəyində ona kin və ədavət bəsləyirdi. Bəzi sənəd və xatirələrdən məlum olur ki, bu nadanlar arasında erməni məlik Vanonun və erməni məlik Cümşüdün fitvası ilə onlar İbrahimxəlil xanın xanlığa qayıtmasını istəmirdilər. Tez-tez saraya Məmməd bəylə görüşə gələn bu ermənilər Məmməd bəyi ağızdolusu tərifləyirdilər: “Əmin deyirdilər qocalıb, dövranını sürüb, yaşı da keçib, ona görə də 3 aya yaxındır Balakəndə oturub istirahət edir. Xanlığın dağılmağını, Şuşanın viran qalmağını eyninə almır”.
Bic və xain ermənilər onu da bilirdilər ki, İbrahim xanla Cavad xan arasında Ağa Məhəmməd şahın Tiflis yürüşündən sonra soyuqluq var. Tez-tez Cavad xanın da adını çəkirdilər. Guya, Məmməd bəyin Qarabağda xan olmasına Cavad xan ürəkdən razı idi. Ona görə də bu mövzuda söhbət düşəndə bəzi saray yaltaqları Məmməd bəyə deyirdilər ki, sən İbrahim xanı, Vaqifi Qacara qarşı vuruşmaqda düz günahlandırırsan.
Bir tərəfdə də Şuşada söhbət gəzirdi ki, İbrahim xan bu gün, sabah qayıdacaq. Camaat belə söhbəti açıq və bərkdən danışa bilmirdi. Məmməd bəyin qorxusundan heç kəs sevincini bildirmirdi. Saray əyanları – İbrahimxəlil xanın gəlməyini istəməyənlər isə Məmməd bəyə deyirdilər ki, əminin Şuşaya gəlməyinə qadağa qoyub yuxarıdan İrəvan yolunu, aşağıdan da Əsgəran yolunu bağladıbsan. Hər iki yolda qoşun dəstəsi qoymusan ki, xan gələndə onu Şuşaya buraxmasınlar. Onu da bil ki, İbrahim xan nə tək-tənha gələcək, nə də əliyalın. O, mütləq qaynı Ömər xandan mühafizə dəstəsi alıb, onunla gələcək. Bizimkilər onun ləzgi qoşununun qabağında tab gətirməyəcəklər. Ona görə də inadla İbrahim xanın tərəfdarları və Vaqiflə haqq-hesabı çürütmək lazımdır.
Məmməd bəy saray namərdlərinin tədbir və məsləhətlərini bəyəndi: “Bəsdir, düşmənlərimin nazı ilə oynamağım” – dedi. Avqust ayının 10-da Qacarın öldürülməsindən bir ay sonar 3 nəfər yaxın adamını çağırıb belə bir tapşırıq verdi: El-oba yatmağa hazırlaşanda gedib Vaqifi oğlu Əli bəylə əli-qolu bağlı Cıdır düzünə gətirirsiniz, səs-küysüz, gecə yarısı, özüm də gələcəm.
Məmməd bəy bu cinayəti gündüz eləməkdə ehtiyat edirdi. O, Şuşa camaatının Vaqifi necə sevməyini bilirdi...
Məmməd bəy axundu və oğlunu Cıdır düzündə qətlə yetirənin üçünü də qabağına salıb Vaqifin yaşadığı Saatlı məhəlləsinə gətirdi. Şairin birotaqlı evini göstərib:
–Yandırın, dağıdın onun küməsini – dedi. Qoy, yer üzündə Vaqifdən heç bir nişanə qalmasın.
– Bəs, arvad-uşaq harada? – deyə onların başçısı soruşdu.
– Nə arvad var, nə də uşaq, bir oğlu idi, onu da yox etdik. Arvadı Qızxanım da yoxdu. Onu göndərmişəm başqa evə. Yalan deyirdi. Qızxanımı öz evinə aparıb arvad eləmişdi. Evdən heç nə götürməyin, bilirəm çoxlu kitabları və kağız-dəftəri var, qoy, hamısı yansın.
Onlar cumub bir az aralıdakı ot tayasından qucaq-qucaq ot gətirib evin dörd yanına və içinə döşədilər...
Məmməd bəy onlara təpinib qəzəbləndi:
–Tez olun, əlli tərpənin, səhərə az qalır. Yaxşı oldu yağış da ara verdi. Alov güclənəndə tez əkilin ki, sizi görən şahid-zad olmasın.
– Bəy, aynabənddəki taxça kitablarla doludur. Orada axundun “Quran” kitabı da ola bilər, axı, yansa, günaha batarıq...
– Dedim yandırın, vəssalam. Sən nə qanmaz adamsan, bu gecə gözü hələ günahdan da dəm vurursan.
Alov çöldən və içəridən divarları yalayanda ətrafa gur işıq yayıldı. Əməlindən arxayın olan Məmməd bəy dərhal əkilib yox oldu.
Aşağı məscidin yanında sadiq dostu parabaş Oruca rast gəldi. Canıyananlıqla:
– Əkil, get dağılmışına, uzan yat, heç nədən xəbərin yoxdur.
– O nə alovdur, tüstü göyə dirənib Saatlı məhəlləsində, Məmməd bəy?
Məmməd bəy sərt səslə:
– Canına azardı, sənin də, mənim də düşmənimizi məhv edib, evinə od vurdum. İndi rahat xanlığa sahib ola bilərik, – deyib dan qaranlığında yoxa çıxdı.
Səhər tezdən müəzzin ağlaya-ağlaya azan verir. Onun kədərlə oxuduğu sözlər qalalıları yasa batırıb ağladırdı.
Öldürən də məlumdur, ölən də. Şahidlər də o dövrdə yazılan “Qarabağnamələr” kitablarının müəllifləri və Şuşanın ayrı-ayrı sakinləridir.
Şəmistan NƏZİRLİ,
yazıçı-publisist, Prezidentin fərdi təqaüdçüsü