Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti bu ilin ikinci rübündə Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri istiqamətində neft tədarükünü 347,1 min tona çatdırıb.
Məlumatda deyilir ki, 2023-cü ilin ikinci rübündə “Kaztransoil” Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən “Tengiz” yatağından BTC neft kəməri istiqamətində Aktau limanında ixrac üçün 347,1 min ton neft göndərib. Birinci rübdə həmin göstərici 19,2 min ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti arasında “Tengiz” yatağından hasil edilən, Bakı–Tbilisi–Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.
“Xalq qəzeti”