İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin məlumatına əsasən, son 5 ildə ölkəmizin qeyri-neft məhsullarının ixracı 11 milyard ABŞ dollarından çox olub.
Hesabat dövründə qeyri-neft ixracının ümumi ixracda payı 10 faizə çatıb. Belə bir göstəricinin əldə olunması iqtisadiyyatın şaxələndirilməsi və investisiya qoyuluşunun sürətləndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi istiqamətlərində mühüm tədbirlər həyata keçirilməsinin nəticəsidir. Eyni zamanda, “Made in Azerbaijan” brendi coğrafiyasının genişləndirilməsi, məhsullarımızın bir sıra ölkələrin ticarət evlərində satışa çıxarılması da bu istiqamətdə gerçəkləşdirilən layihələrin bariz ifadəsidir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli Sərəncamı, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 1 mart 2016-cı il tarixli Fərmanı və digər hüquqi sənədlər son illərdə respublikamızın qeyri-neft sektorunun inkişafına, eləcə də ixrac potensialının güclənməsinə müsbət təsir göstərib.
“Xalq qəzeti”